Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-530/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Elmira Nağıyevadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, Suraxanı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən verilmiş “borclu Şükürov (Nazim) Borclu oğluna məxsus avtomobilin üzərindən həbsin götürülməsi və həmin şəxsə məxsus olan başqa avtomobillərin üzərinə həbs qoyulması barədə” təqdimata dair iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından tələbkar “xxxx” ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları: Suraxanı Rayon Məhkəməsi tərəfindən 2(010)-2025/2017 nömrəli mülki iş üzrə xx.xx.2017-ci il tarixdə verilmiş icra vərəqəsinə görə borclu Şükürov (Nazim) Borclu oğlundan və digər borclularadan Tələbkar ASC-nin xeyrinə cəmi 3.042,07 ABŞ dolları məbləğində pul tutulmalıdır. Borclunun adına mülkiyyət hüququ əsasında 3 avtomobil qeydə alınıb: 1) 2003-cü il burxılışlı “BMW X5” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı; 2) 1990-cı il burxılışlı “UAZ 3303” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı; 3) 1991-ci il buraxılışlı “QAZ 2410” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı 3 il bundan əvvəl icra məmuru təqdimatla məhkəməyə müraciət edərək xahiş etmişdir ki, icra sənədinin icrasını təmin etmək məqədilə 1-ci avtomobilin üzərinə həbs qoyulsun. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə qərara alınmışdır, 1-ci avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat və onun həlli: 3 ildən sonra icra məmuru yeni təqdimatla məhkəməyə müraciət edərək xahiş edib ki, 1-ci avtomobilin üzərindən həbs götürülsün, 2-ci və 3-cü avtomobillərin üzərinə həbs qoyulsun. Təqdimat onunla əsaslandırılıb ki, 1-ci avtomobilin üzərinə həbs qoyulduqdan sonra onun axtarışı nəticə verməyib, ona görə də borclunun digər avtomobillərinin üzərinə həbs qoyulmasına zərurət yaranıb. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə qərara alınıb ki, 1-ci avtomobilin üzərindən həbs götürülsün, 2-ci və 3-cü avtomobillərin üzərinə həbs qoyulsun. Qərardad onunla əsaslandırılıb ki, 1-ci avtomobilin üzərinə həbs qoyulması barədə qərardadın icrasını təmin etmək məqsədilə BDYPİ-nə məlumat verilib, habelə borclunun yaşadığı ünvana baxış keçirilib, lakin avtomobil aşkar olunmayıb, habelə avtomobil borclu tərəfindən idarə edilmədiyindən həmin qərardadın icrası mümkün olmayıb. Şikayət və izahatlar: Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin və təqdimat təmin edilməsin. Şikayət onunla əsaslandırılıb ki, icra məmuru icra sənədinin icrasını təmin etmək məqsədilə daha dəyərli avtomobilin axtarılıb tapılmasını təmin etməlidir. 1-ci avtomobilin bazar dəyəri 2-ci və 3-cü avtomobillərin bazar dəyərinə artıqdır, 2-ci və 3-cü avtomobillər istifadəyə yararsızdır və harada yerləşməsi məlum deyil. 2-ci və 3-cü avtomobillərin real dəyərinin nə qədər olması və bu dəyərin borcu ödəmək üçün kifayət edəcəyi müəyyənləşdirilməyib. İcra məmuru, borclu və tələbkar məhkəmə iclasında iştirak etməmişlər. Qərardadın yoxlanılması: “İcra haqqında” Qanunun 27.2-ci maddəsinə görə borclunun əmlakının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 27.5-ci maddəsinə görə əmlakın axtarılması icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru 1-ci avtomobilin axtarılması barədə qərar qəbul etməyib, habelə həmin avtomobilin axtarılması üçün zəruri hərəkətləri etməyib. Məs., borclu 1-ci avtomobili etibarnamə ilə əvvəlcə Yasamal rayonu, Şərifzadə küçəsi, ev 44A, mənzil 14-də qeydiyyatda olan X2, daha sonra isə Yasamal rayonu, A.Şaiq küçəsi, ev 107 ünvanında qeydiyyatda olan X1 verib. Lakin icra məmuru avtomobilin yerini müəyyən etmək üçün həmin şəxslərin yaşadığı ünvan üzrə müvafiq yerlərə (qaraja, həyətə və s.) baxış keçirməyib və axtarılan avtomobilə dair həmin şəxslərin izahatını almayıb. Bundan başqa, icra məmuru borclunun özündən göstərilən məsələlər barədə izahat ala bilərdi: mülkiyyətində olan 1-ci avtomobilin hazırda harada olması, əgər həmin avtomobil onun tərəfindən başqa şəxsə veribsə hansı tarixdə və kimə verilməsi və s. Lakin icra məmuru borcludan avtomobillə bağlı ümumiyyətlə izahat almayıb. Borclunun ünvanına baxış keçirilməsi barədə akt isə formal tərtib olunub. Məqsəd ondan ibarət olub ki, 1-ci avtomobilin üzərindən həbsin götürülməsi üçün “əsas” yaradılsın, bunun əvəzində isə 29 və 30 il bundan əvvəl istehsal olunmuş 2-ci və 3-cü avtomobillərin (daha köhnə avtomobillərin) üzərinə həbs qoyulsun. Aktın tarixi də bunu təsdiq edir. Belə ki, 1-ci avtomobilin üzərinə həbs qoyulması barədə qərardad 2017-ci ilin noyabr ayında qəbul olunsa akt 3 ilə yaxın vaxt keçdikdən sonra – 2020-ci ilin avqust ayında tərtib edilib və aktın tərtib edilməsindən 1 ay keçdikdən sonra həmin avtomobilin üzərindən həbsin götürülməsi barədə təqdimat verilib. Əgər 1-ci avtomobilin tapılması həqiqətən mümkün deyildirsə, onun həbsdə azad edilməsi üçün təqdimat verilməsinə zərurət yox idi, həmin avtomobil həbsdə qalmaqla əlavə olaraq 2-ci və 3-cü avtomobillərin də üzərinə həbs qoyulması barədə təqdimat verilə bilərdi. Çünki “tapılmayan” avtomobilin həbsdə qalması heç kimin maraqlarını pozmur, habelə həmin 3 avtomobilin heç birinin dəyəri məlum olmadığına görə onların ümumi dəyərinin borcun məbləğini aşdığı müəyyən olunmur. Digər tərəfdən, 2-ci və 3-cü avtomobillərin olduğu yer və dəyəri məlum deyil. Həmin avtomobillərin icra məmuru tərəfindən axtarılmasına və onların dəyərinin müəyyən edilməsinə mane olan hal yoxdur, o, bunu məhəkəmə qərarı olmadan da edə bilər. Əgər 2-ci və 3-ci avtomobillərin olduğu yer və dəyəri müəyyən olunarsa, 1-ci avtomobilin tapılması üçün görülən tədbirlər isə nəticə verməzsə, belə halda 1-ci avtomobilin üzərindən həbs götürülərək 2-ci və 3-cü avtomobillərin üzərinə həbs qoyula bilər. Beləliklə, məhkəmə “İcra haqqında” Qanunun 50-ci maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qərardad ləğv edilməli və təqdimat rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosesual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Tələbkar “xxxx” ASC-nin şikayəti təmin edilsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin və Suraxanı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-530/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-530/2020
27.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver