Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-530/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Yasamal Rayon Məhkəməsinin 8(004)-629/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu nümayəndəsi X7 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Yasamal Rayon Məhkəməsinin 2(004)-3396/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbkar X3 icra məmuru X5 hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-3396/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icra məmuru Abbasov Səvxanın hərəkətləri və ya hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)-3396/2023 saylı, xx.xx.2023-cü tarixli icra vərəqəsi üzrə Yasamal Rayon icra şöbəsi tərəfindən məcburi icra tədbirlərinin görülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsi 2(004)-3396/2023 saylı, xx.xx.2023-cü il tarixdə qətnamə qəbul etmişdir, lakin həmin qətnamə üzrə Yasamal rayon icra va probasiya şöbəsinin icra məmuru Səvxan Abbasov tərəfindən heç bir icra tədbiri görülməmişdir. Yasamal rayon icra və Probasiya şöbəsinin icra məmuru Səvxan Abbasov əsassz olaraq həmin icra sənədini geri qaytarmışdır. Yasamal Rayon Məhkəməsinin 8(004)-629/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə tələbkarın şikayəti təmin edilmişdir. Borclunun həmin qərardaddan verdiyi şikayət məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Rayon məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2024-cü tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılması, Borclu 10 gün müddətində icranı könüllü olaraq təmin edilməsinin təklif olunması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, e370140/2024-53-26-001 saylı tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(004)-3396/2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması borclularya təklif olunmuşdur. Yasamal Rayon İcra X1 ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 3396/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icraata daxil olmasından uzun müddət keçməsinə baxmayaraq o qeyd olunan icra sənədinin icrası ilə bağlı Yasamal Rayon İcra Şöbəsinə müraciet etməmişdir. Göstərilənləri nəzərə alaraq ona təklif olunur ki, 10 gün müddətində qeyd olunan icra sənədinin icrası ilə bağlı şöbəyə müraciət etməsi və əks təqdirdə icra sənədinin "İcra haqqında" Qanununun 23.1.5-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılacağı bildirmişdir. Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli məlumat məktubundan görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-3396/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra məmurunun qərarı ilə birlikdə "İcra haqqında" Qanununun 23-cü maddəsinə əsasən geri qaytarılmışdır. Göründüyü kimi icra məmuru borcluya sadəcə xəbərdarlıq etməklə kifayətlənmiş, icra sənədinin icrasını təmin etmək məqsədilə qanunla müəyyən olunmuş məcburi icra tədbirlərinin görülməsi üçün real addımlar atmamış, tələbkarın icra şöbəsinə müraciət etməməsini əsas gətirərək, hər hansı əsaslı səbəb olmadan icra sənədini geri qaytarmışdır. “İcra haqqında” Qanunun 23-cü maddəsi icra sənədinin geri qaytarılması hallarını tənzimləyir. Lakin icra işinin materiallarından da göründüyü kimi, icra məmuru tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş məcburi icra tədbirləri görülməmiş, buna baxmayaraq “İcra haqqında” Qanunun 23-cü maddəsinə istinad edilərək, icra sənədi icra edilmədən geri qaytarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda borclu şikayəti əsassızdıer. Şikayətin məzmunundan görünür ki, borclu qanuni qüvvəyə minmiş qətnamə ilə gəlinən nəticəni mübahisələndirərək, əsassız olaraq icra sənədinin icrasından yayınmağa çalışır. Bununla da ərizəçinin tələblərinin icrasına maneələr yaradaraq ərizəçinin hüquqlarının təmin olunmasını ləngidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Maddə 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Maddə 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını qəbul etməkdən və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Maddə 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 1) borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 2) tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 3) tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 4) icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 5) bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Maddə 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Maddə 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi tələbkarın şikayətini təmin edərkən mahiyyət üzrə düzgün nəticəyə gəlmişdir, borclunun həmin qərardaddan verdiyi şikayət əsassız olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, § 35) Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 8(004)-629/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №8(103)-530/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-530/2025
07.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver