Məhkəmə qərarları › İş №8(103)-531/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-531/2020

01.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-531/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, X1 «qətnamənin hissə-hissə icra olunması» barədə ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(010)-366/2020 saylı qərardadından borclu tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cuil tarixli 2(010)- 687/2019 saylı qətnamənin hissə-hissə icra edilməsinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cuil tarixli qətnaməsinə əsasən borcludan 4539 manat maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. Borclu, xx xxxxxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək «xxxx» MMC-də ingilis dili müəllimi kimi fəaliyyət göstərmiş, hazırda işsiz olmaqla maddi vəziyyəti ağırdır. Qeyd edilənlərə əsasən məhkəmədən ərizənin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(010)- 366/2020 saylı qərardadı ilə (hakim Anar Qasımov) ərizə təmin olunmamışdır. Qərardaddan narazı olan borclu ondan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayətin dəlilləri «qətnamənin hissə-hissə icra olunması» barədə birinci instansiya məhkəməsinə təqdim edilmiş ərizə ilə eynilik təşkil etmiş, həmçinin qərardadın əsassız olması, prosessual hüquq normalarının pozulması, hər ay 100 manat ödəniş etmək imkanının olması və s. kimi əsaslandırmış, məhkəmədən şikayətin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: MPM-in 267.1-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Məhkəmə kollegiyası şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərinəəsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qeyd edilməlidir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Həmçinin, qətnamənin icra edilməsi zamanı istər müddət, istərsə də icra olunacaq hissələrin məbləği və ya miqdarı müəyyən olunarkən ağlabatanlıq və ədalət prinsipi rəhbər tutulmalı, eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qətnaməsinin qanuniliyinə və səmərəliliyinə xələl gətirməsin. Çünki, məhkəmə qərarının uzun müddət ərzində icra olunmaması daxili qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, həmçinin, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də zidd olardı. X6 Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə ki, 6-cı maddənin yalnız məhkəməyə müraciət hüququ ilə və məhkəmə prosesinin həyata keçirilməsi ilə bağlı olan maddə kimi şərh edilməsi iştirakçı dövlətlərin Konvensiyanı ratifikasiya edərkən hörmət etməyi öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Borclunun hissə-hissə ödəmək istədiyi məbləğ (şikayətdə hər ay 100 manat qeyd etmişdir) ümumi borc məbləğinin uzun müddət ərzində icra olunması ilə nəticələnə bilər ki, bu da qeyd edilən norma və prinsiplərə zidd olmaqla, tələbkarın da mənafeyinə uyğun deyildir. Həmçinin, borclu maddi vəziyyəti ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, şikayətin dəlillərini əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 «qətnamənin hissə-hissə icra olunması» barədə ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(010)-366/2020 saylı qərardadından borclu tərəfindən verilmiş şikayət təmin olunmasın. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(010)-366/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar