Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-531/2025 13.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-655/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru, l dərəcəli ədliyyə qulluqçusu Günay Abbaszadə təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-4836/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Tələbkar cavabdeh Borclu qarşı “cavabdehdən 34.036 ABŞ dolları pulun icra olunduğu vaxt Azərbaycan Respublikası Milli Bankının məzənnəsinə uyğun olaraq və ödənilmiş 264 manat dövlət rüsumunun alınaraq iddiaçı Tələbkar ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Borclu 34.036 (otuz dörd min otuz altı) ABŞ dolları (qətnamənin icra olunduğu günə uyğun Azərbaycan Respublikası Milli Bankının məzənnəsinə uyğun olaraq) və ödənilmiş 264 (iki yüz altmış dörd) manat dövlət rüsumunun alınaraq iddiaçı Tələbkar ödənilməlidir. İş üzrə Borclu xx.xx.2025-ci il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Bu səbəbdən də borcun ödənilməsi təmin edilməmişdir. Məhkəmə qərarı əsasında verilmiş icra vərəqəsi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi nəzərə alınaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-655/2025 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-4836/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi əsasında verilmiş "Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru, l dərəcəli ədliyyə qulluqçusu Günay Abbaszadənin təqdimatı təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-4836/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, xx.xx.1977-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması, qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təqdim edilmiş qəbzlərdən (7 ədəd) də göründüyü kimi, məhkəmə qətnaməsinin icrası ilə əlaqədar tələbkarın xeyrinə 6.600 manat ödədiyi halda, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Günay Abbaszadənin təqdimatında səhv olaraq qeyd edilmişdir ki, tərəfindən tələbkara 3.600 manat ödənilmişdir. Daha sonra təqdimatda qeyd edilir ki, guya icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırması nəzərə alınaraq ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Lakin, icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırsa idi, hər ay maaşından 350 manat və hər dəfə iş yerindən Vyetnam Respublikasına ezamiyyət olduğu zaman əlavə olaraq tələbkara ödənişlər etməzdi. Hesab edir ki, o halda qərəzli olaraq məhkəmə qətnaməsinin icrasının təmin olunmasından üzrsüz səbəbdən boyun qaçırılır ki, ümumiyyətlə tələbkarın xeyrinə hərhansı bir ödənişlər edilmir. Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılarkən onun qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ və hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinin təminat hüququ pozulmuşdur. Belə ki, işin faktiki hallarının düzgün araşdırılmamağı onun məhkəmə müdafiəsi hüquqlarının pozulmasına səbəb olmuşdur. Hazırda Azərbaycan Respublikasının ərazisindən kənara getməsi, ailəsinin ona ehtiyacı olduğu zaman onları tərk edib, yalnız məhkəmə qətnaməsinin icra olunması ilə yanaşı ailəsinin saxlanılması məqsədi ilə iş fəaliyyətilə əlaqədar mütəmadi olaraq Vyetnam Respublikasına ezamiyyə olunması ilə əlaqədardır. Ezamiyyətə gedə bilməməyi isə əks təsir olmaqla qətnamənin icra olunmasına maneələr törədəcək. İşin bu həqiqi halı məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Qərardad qəbul edilərkən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə istinad olunsa da, üzrsüz səbəbin nədən ibarət olması göstərilməmiş və ümumiyyətlə araşdırılmamışdır. Belə ki, ailədə yeganə qazanc gətirən olması, onun maaşından və ezamiyyətdə olduğu zaman maaşdan əlavə əldə etdiyi gəlirdən başqa digər gəlir mənbəyi yoxdur və əldə etdiyi qazancın da böyük hissəsi qətnamənin icrası ilə bağlı tələbkarın xeyrinə ödənilir. Bir borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması o halda məqsədəmüvafiqdir ki, ehtimal olsun ki, borclu qətnaməni icra etmədən ölkədən getsin və bir müddət və ya ümumiyyətlə geri qayıtmasın. Onun halında isə geri qayıtmaması mümkün deyildir. Belə ki, ailədə yeganə qazanc gətirən şəxs odur. Digər tərəfdən, şikayətə əlavə olunmuş Azərbaycan Dövlət İqtisad Universiteti ilə ödənişli əsaslarla bakalavriat səviyyəsində təhsil alacaq təhsil alan arasında xx.xx.2025-cü il tarixli, fərdi müqavilədən də göründüyü kimi, övladı Həsənova Fərəh Rəşad qızı təzəliklə ödənişli əsaslarla ali təhsil ocağına tələbə qəbul olunmuşdur. Belə bir halda və ümumiyyətlə, ailə başçısı olaraq, ailəsini çətin maddi vəziyyətdə qoyub ölkədən çıxıb geri qayıtmaya bilməz. Əgər ölkəyə geri qayıtmaq fikri olmasaydı bu yaxınlarda xarici ölkəyə səfər etdikdə geri qayıtmazdı, yəni bunu etməyə dəfələrlə imkanı olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-655/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4836/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra vərəqəsinə əsasən ilkin iddia üzrə cavabdeh Borclu 34.036 (otuz dörd min otuz altı) ABŞ dolları (qətnamənin icra olunduğu günə uyğun Azərbaycan Respublikası Milli Bankının məzənnəsinə uyğun olaraq) və ödənilmiş 264 (iki yüz altmış dörd) manat dövlət rüsumunun alınaraq iddiaçı Tələbkar ödənilməlidir. İş materiallarından həmçinin görünür ki, tələbin könüllü icrası barədə bildiriş xx.xx.2025-ci il tarixdə Borclu təqdim edilmişdir. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4836/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədini xəbərdarlıq edilməsinə baxmayaraq könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etməmişdir. Bununla yanaşı təqdimata əlavə olunmuş sənədlərlə təsdiq edilir ki, icra məmuru tərəfindən icranın təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bir sıra icra hərəkətləri aparılmışdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi icra sənədinin üzrsüz səbəbdən icra olunmaması, ümumi öhdəliyin həcminin 34.036 ABŞ dolları təşkil etməsi, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarlarının icra olunmasında məhkəmələrin xüsusi hüquqi marağı, hüquq münasibətlərinin subyektləri arasında hüquqi nihilizmin qarşısının alınması, hüquq qaydasının, qanuna itaətin təmin olunması məqsədi ilə, həmçinin iş materiallarında qeyd olunan xüsusatları nəzərə alaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, icra sənədi əsasında Borclu icra sənədini üzrsüz səbəbdən icra etmədiyi üçün, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-4836/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, borcun ödənilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Başqa sözlə, hazırki vəziyyətdə boclunun istinad etdiyi hallar qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını həyata keçirilməməsi üçün əsas olmamaqla yanaşı həmin qətnaməni könüllü icra müddətində icra etmədiyi üçün məcburi icra tədbirləri tətbiq edilməsininin qarşısını almır və icra məmuru hazırki təqdimatı qanuni əsaslarla verərək Borclu ölkədən getmək huququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Belə ki, borclu həyata keçirilmiş ödənişlərin icra məmuru tərəfindən düzgün hesablanmadığını göstərsə də, həmin hallar hazırda qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra edilməməsi üçün əsas yaratmır, həmçinin borclu qətnaməni könüllü icra müddətində icra etməmiş, eyni zamanda icra məmuru tərəfindən qanunvericiliyin tələblərinə uyğun icra hərəkətləri aparılsa da qətnamə icra edilməmişdir, nəhayət icra məmuru hazırki təqdimatla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirmiş, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olmamasını müəyyən etmişdir. Bütün bu tədbirlər nəticə vermədiyindən təqdimatla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Bununla yanaşı birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, icra sənədinin həcmi 34.036 ABŞ dolları təşkil etməsinə və borclunun da bildirməsinə görə ödənilmiş məbləğ isə 7.000 manat olsa da, icra sənədi hissə-hissə deyil, birdəfəlik icrası təmin edilməli, icra sənədi maksimum qısa müddət ərzində icra edilməlidir. Həmçinin borclunun faktiki olaraq əmlakının olması, tələbin icra edilməsinin mümkünlüyü müəyyən edilir. Bu səbəbdən, borcluya məcburi icra tədbirlərinin tətbiq edilməsi əsaslıdır. Məhkəmə Kollegiyası şikayətin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, borclunun xarici ölkəyə getməklə gəlir əldə etməsi onun qanuni öhdəliyini qətnamə əsasında ödəniş etmək borcunu aradan qaldırmır. Digər tərəfdən 34.036 ABŞ dolları məbləğində olan borc qarşısında borclunun qeyd etdiyi ödənişlər cüzi məbləğ təşkil etməklə həmin borcun ödənilməsi üçün kifayət deyil. Eyni zamanda qətnamə ilə müəyyən edilmiş borc məbləği könüllü icra müddətində tam ödənilməmişdir və təqdimat qeyd edilənlərin fonunda əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təqdimatın təmin edilməsi barədə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-655/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №8(103)-531/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-531/2025
13.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver