Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-535/2020 28.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, Borclular Borclu1 və X2 Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9058/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 8(008)-476/2020 saylı qərardadından borcluların şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Borclular Borclu1 və X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9058/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin qızı-zinət əşyalarının dəyəri olan 3950 manat pula aid hissədə hissə-hissə icra olunması və onlardan hər ay cəmi 150 manat məbləğində pulun tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, maddi imkanları ağırdır, işləmirlər, Arzu Ələkbərova nevroloji xəstə olmaqla müalicə alır, əri isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 8(008)- 476/2020 saylı qərardadı ilə ərizə rədd edilmişdir. Həmin qərardaddan borcluların verdiyi şikayət təmin olunmayaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ərizə ilə eyni məzmunlu şikayətdə göstərilmişdir ki, qərardad qanunsuz və əsassızdır, hazırda tələbkara 200 manat pul ödəmişlər. Borcu yalnız hissə-hissə ödəyə bilərlər. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tələbkar məhkəməyə ərizə ünvanlayaraq, şikayətə etiraz edərək, borcluların məhkəmə qətnaməsinin icrasından boyun qaçırdığını, bu günə qədər borclarını ödəmədiyini göstərərək, qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9058/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, cavabdehlər Borclu1, X4 və X1 3950 manat dəyərində olan qızıl-zinət əşyaları alınaraq iddiaçı X3 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Belə ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Başqa sözlə, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, borcluların təklif etdiyi icra qaydası həmin meyara cavab verməməklə icra sənədinin uzun müddət (2 ildən çox) ərzində icra olunması mənasına gəlir, bunu isə ağlabatan müddət kimi qəbul etmək mümkün deyildir. Qanunun tələbinə görə, məhkəmə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsaslanmaqla qətnaməni hissə-hissə icra edilməsini təmin edə bilər. Məhkəmə icra sənədinin uzun müddət ərzində icra edilməməsinin tələbkarın hüquqlarını ciddi şəkildə pozmasını, həmçinin borcluların bu zaman kəsiyində məhkəmə qərarının icra edilməsi istiqamətində hər hansı hərəkət etməmələrinin özü-özlüyündə icra sənədinin təmin edilməsində maraqlı olmadıqlarını sübuta yetirdiyini nəzərə alaraq, ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir. Kollegiya icra sənədinin icrasına əngəl törədən və borclu üçün əlverişsiz olan halların öz sübutunu tapmaması, həmçinin, icra sənədinin hər ay 150 manat tutulmaqla hissə-hissə icra olunmasının tələbkarın mənafeyinə uyğun gəlməməsini və bu baxımdan da tələbkarın mənafeyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti dogrudur. Şikayətdə göstərilən hazırda tələbkara 200 manat ödənilməsi ilə bağlı isə Kollegiya qeyd edir ki, 200 manat ödənildiyi halda belə qalan (3750 manat) borc məbləğinin hər ay hissə-hissə 150 manat şəklində ödənilməsi yenə də tələbkarın mənafeyinə uyğun olmamaqla, icra sənədinin 2 ildən artıq müddətə icrasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Göründüyü kimi şikayətin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Borcluların şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 8(008)- 476/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №8(103)-535/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-535/2020
28.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver