Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-535/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi, Tələbkarın nümayəndəsi Kənan Əliyevin, Borclu ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli, 8(007)- 205/2021 saylı qərardadından Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13.11.2018-ci il tarixli, 2(007)- 3421/2018-011 saylı icra sənədi üzrə tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Gültac Sadıqova Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13.11.2018-ci il tarixli, 2(007)-3421/2018-011 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə əmlakın üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli, 8(007)-205/2021 saylı qərardadı ilə həmin təqdimatın təmin olunmaması qərara alınmışdır. Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X3 06 sentyabr 2021-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli, 8(007)-205/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13.11.2018-ci il tarixli, 2(007)-3421/2018 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər Borclu və X1 qarşı “kredit müqaviləsinin ləğvi, kredit üzrə borcun tutulması tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə ümumilikdə 610,90 ABŞ dolları, 4471,06 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 12.12.2019-cu il tarixli, 2(103)-4343/2019 saylı qətnaməsi ilə cavabdehlərdən 186,89 ABŞ dolları və 3882,83 manat borcun tutulması qət edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli, 8(007)- 205/2021 saylı qərardadı ilə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Gültac Sadıqova icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan “Kia Optima” markalı **-TB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması ilə bağlı təqdimatı təmin edilməmişdir. Qeyd olunan qərardad tam əsassızdır. Belə ki, “İcra haqqında” Qanunun 43-cü maddəsinə əsasən icra sənədinin icra olunması üçün borclunun əmlakının üzərinə həbs qoyulması məcburi icra tədbirlərindən biri hesab olunur və borclunun az məbləğdə olsa belə ödənişlər etməsi məcburi icra tədbirlərinin həyata keçirilməsini dayandıra bilməz. Həmin Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Qeyd olunanlara əsasən qərardadın ləğv edilməsi və təqdimatın təmin olunması xahiş edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13.09.2021-ci il tarixli, 8(007)-205/2021 saylı qərardadı ilə şikayət təmin olunmamış və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışı zamanı tələbkarın nümayəndəsi şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı borclu şikayəti qəbul etmədiyini bildirdi. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş təqdimata yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 04.07.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, “Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi təsbit edilmişdir. Həmin Qanunun 43.1-ci maddəsinə görə isə, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biri kimi təsbit edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Göründüyü kimi, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13.11.2018-ci il tarixli, 2(007)- 3421/2018-011 saylı icra sənədinin verilməsindən uzun müddət keçməsinə baxmayaraq, borclu tərəfindən icra sənədində göstərilən tələblər tam təmin edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin icra işi icra qurumundan tələb edilərək, qeyd olunan hallar araşdırılmadan icra məmurunun təqdimatı təmin edilməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və qeyd olunan hallar nəzərə alınaraq, təqdimata yenidən baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Tələbkar "xxxx" MMC tərəfdən verilmiş şikayət qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli, 8(007)-205/2021 saylı qərardadı ləğv edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13.11.2018-ci il tarixli, 2(007)-3421/2018-011 saylı icra sənədi üzrə Borclu məxsus “Kia Optima” minik markalı, ** TB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Gültac Sadıqovanın təqdimatına yenidən baxılması üçün iş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz
Məhkəmə qərarları › İş №8(103)-535/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-535/2021
19.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver