Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-536/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Borclu Nəsirova Nəzakət Nəriman qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-210/2021 saylı 16 avqust 2021-ci il tarixli qərardadından borclu Nəsirova Nəzakət Nəriman qızı tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Borclu Nəsirova Nəzakət Nəriman qızı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1691/2021 saylı 13 aprel 2021-ci il tarixli icra sənədinin hissə-hissə icra еdilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 162/2020 saylı, 25.02.2020-ci il tarixli icra sənədinə əsasən ondan vurulmuş maddi zərərə görə 1432 manat, hüquqi xidmətin göstərilməsinə görə 300 manat olmaqla, cəmi 1732 manat Tələbkar xeyrinə, əlavə 120 manat ekspertiza xərci Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilməlidir. Qeyd edilən məhkəmə qərarı üzrə borcunu tam şəkildə ödəməyə imkanı yoxdur. Belə ki, 566 manat pensiya alır, yeganə qazancı pensiyasıdır. Yaşadığı evdən başqa heç bir əmlakı yoxdur. Qazancının çox az olmasına baxmayaraq, aylıq xərcləri hədsiz çoxdur. Ağır şəkər xəstəliyi, ayaqlarında damar genişlənməsi və qəlpə yaraları mövcuddur. 13 ildir ki, onkoloji xəstə kimi qeydiyyata durmaqla müalicə alır. Bundan əlavə olaraq, müalicə üçün Kapitalbank və Unibankdan kreditlər götürmüşdür. Hər ay həmin banklara təxmini 500 manatdan artıq ödəniş edir. Lakin, pensiyası ilə bu xərcləri tam şəkildə ödəyə bilmir. Müalicə xərclərinin ödənilməsinə görə qardaşı da hər ay maddi köməklik edir. Belə olan halda Tələbkar olan borcunu tam şəkildə ödəməyə heç cür imkanı çatmır. Bu borcu yalnız ailənin də maddi dəstəyi ilə hissələrə bölməklə, hər ay 30 manat ödəyə bilər. Odur ki, maddi vəziyyətini, ağır xəstəliyini, müalicə xərclərini və digər borclarını nəzərə alıb Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-162/2020 saylı, 25.02.2020- ci il tarixli icra sənədi üzrə borcunun hər ay 30 manat olmaqla ödənilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-210/2021 saylı 16 avqust 2021-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-162/2020 saylı, 25.02.2020-ci il tarixli icra sənədi üzrə qətnamənin hissə-hissə icra edilməsi barədə borclu Nəsirova Nəzakət Nəriman qızının ərizəsinin rədd еdilməsi qərara alınmışdır. Qərardaddan borclu Nəsirova Nəzakət Nəriman qızı şikayət verərək qəraradın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nəsirova Nəzakət Nəriman qızı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1691/2021 saylı 13 aprel 2021-ci il tarixli icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizə ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsi 16.08.2021-ci il tarixdə işə baxaraq, tələbini təmin etmək əvəzinə ərizənin rədd edilməsi barədə qərardad qəbul etmişdir. Aşağıda göstərilən səbəblərə görə Bakı Şəhər Nizami Rayon Məhkəməsinin qərardadından narazı olmaqla, qanunsuz və əsassız hesab edir. Belə olan halda məhkəmə başdan sovdu, bir tərəfli və ədalətsiz qərardad qəbul etmişdir. Tələbkar onun tərəfindən əslində heç bir zərər dəyməmişdir, ona qarşı qəsdən zərər göstərilərək, şişirdilmişdir. Həmin zərərin əsassız olaraq məhkəmə tərəfindən ondan ödənilməsi tələb edilmişdir. Belə ki, onun maddi vəziyyəti nəzərə alınmamışdır. Qeyd edilən məhkəmə qərarı üzrə borcunu tam şəkildə ödəməyə imkanı yoxdur. Belə ki, 566 manat pensiya alır, yeganə qazancı pensiyadır. Yaşadığı evdən başqa heç bir əmlakı yoxdur. Qazancının çox az olmasına baxmayaraq, aylıq xərcləri hədsiz çoxdur. Ağır şəkər xəstəliyi, ayaqlarında damar genişlənməsi və qəlpə yaraları mövcuddur. 13 ildir ki, onkoloji xəstə kimi qeydiyyata durmaqla müalicə alır. Bundan əlavə olaraq, müalicə üçün Kapitalbank və Unibankdan kreditlər götürmüşdür. Hər ay həmin banklara təxmini 500 manatdan artıq ödəniş edir. Lakin, pensiyası ilə bu xərcləri tam şəkildə ödəyə bilmir. Eyni zamanda Tələbkar onun tərəfindən evinə dəymiş xırda zərərin aradan qaldırılmasına köməklik etməsi barədə təklif etsə də, onlar təklifi rədd etmişdir. Ekspertiza əsassız olaraq, dəfələrlə süni şişirdilmiş rəy vermişdir. Halbuki mətbəxin tavanına cüzi miqdarda zərər dəymişdir. Bu problemin baş verdiyi zamanda aradan qaldırılmasını dəfələrlə tələbkara bildirsə də, o, ona qarşı qərəzli yanaşaraq, rədd etmişdir. O, bir Qarabağ qazisi kimi ədalətin bərqərar olmasını tələb edir. Dəfələrlə Tələbkar onu qəsdən əsəbləşdirirərək, şərəf və ləyaqətini alçaldır. Onun maddi və mənəvi olaraq gücü tükənmişdir. Sağlamlığında olan problemlərlə əlaqədar mübahisələrə gücü tab gətirmir. Qeyd olunanlara əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16.08.2021-ci il tarixli 8(007)- 210/2021-005 saylı qərardadını ləğv edib, işə yenidən ədalətli şəkildə baxılması barədə qərar qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-210/2021 saylı 13 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında borclu Nəsirova Nəzakət Nəriman qızı şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-210/2021 saylı 16 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan iddiaçı Tələbkar cavabdeh Nəsirova Nəzakət Nəriman qızına qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-162/2020 saylı 25.02.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, Nəsirova Nəzakət Nəriman qızından vurulmuş maddi zərərə görə 1432 manat, hüquqi xidmətlərin göstərilməsinə görə 300 manat olmaqla, ümumilikdə 1732 manat məbləğində vəsaitin Tələbkar ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan AZE seriyalı 17887767 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 21.12.1967-ci il təvəllüdlü Nəsirova Nəzakət Nəriman qızı Ermənistanın Qafan rayonunda anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 043411 nömrəli vəsiqədən görünür ki, Nəsirova Nəzakət Nəriman qızı müharibə veteranı üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir. İş materiallarında olan Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin 002186 nömrəli vəsiqəsindən görünür ki, Nəsirova Nəzakət Nəriman qızı İ qrup müharibə əlilidir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.08.2021-ci il tarixli 072 nömrəli arayışından görünür ki, 1967-ci il təvəllüdlü Nəsirova Nəzakət Nəriman qızına ona görə verilir ki, o, Avrasiya Hospitalında həkim travmotoloqun qəbulunda olmuş, xəstəyə hər iki diz oynağının İİ dərəcə artrozu diaqnozu qoyulmuşdur. Xəstəyə 6 aydan bir olmaq şərtilə, hər iki diz oynağına Hyalorun turşusu 60 mg № 6 olmaq şərtilə oynaqdaxili inyeksiya olunmağı məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Kredit Bürosu Məhdud Məsuliyyətli Cəmiyyətinin 23.07.2021-ci il tarixli SF-12329 nömrəli çıxarışından görünür ki, Nəsirova Nəzakət Nəriman qızının "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə 1000 manat borcu vardır. Aylıq ödənişi 95 manat təşkil edir. "xxxx" KB ASC-dən 3000 manatlıq kredit kartı götürmüşdür. Bu kart üzrə borcu yoxdur. “Kapital Bank” SB-dən 2700 manatlıq kredit kartı götürmüşdür. Bu kart üzrə 1889.64 manat qalıq borcu, 43.36 manat faiz borcu təşkil edir. Azərbaycan Rеspublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul еtdiyi qərarlar dövlətin adından çıхarılır və onların icrası məcburidir. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası MPM-nın 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 22.05.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. Burada bir daha nəzərə almaq lazımdır ki, möhlət verilməsi nəticəsində qanuni qüvvəyə minmiş qətnamə üzrə icra hərəkətlərinin uzun müddət ərzində başlaya bilməməsi məhkəməyə müraciət etmək hüququnun, habelə məhkəmə müdafiəsi təminatının ağlabatan müddətdə həyata keçirilməsi tələbinin pozulmasına gətirib çıxara bilər. Belə ki, artıq qeyd edildiyi kimi, məhkəməyə müraciət etmək hüququ, həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Yuxarıda göstərilən səbəbdən icra üzrə icraatın uzun müddət ərzində başlanmaması məhkəməyə müraciət etmək hüququnu əhəmiyyətsiz edə bilər. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Rеspublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tariхli 4 №-li qərarının 12-ci bəndində göstərilir ki, qətnamənin icrasına möhlət vеrilməsi və ya onun hissə-hissə icra edilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaхud borclu üçün yaranmış əlvеrişsiz hallarda tətbiq oluna bilər və məhkəmələr bu məsələləri həll еtdikdə təkcə borclunun dеyil, tələbkarın mənafеyini də nəzərə almalıdırlar. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlannın və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Nəzərə alnmalıdır ki, borclu qətnamənin hissə-hissə icrasına dair ərizə ilə müraciət edərkən bunun səbəbi kimi ödəmə imkanının olmadığını, yeganə qazancı pensiyası olduğunu, yaşadığı evdən başqa heç bir əmlakı olmadığını, qazancının çox az olmasına baxmayaraq, aylıq xərcləri hədsiz çox olmasını, ağır şəkər xəstəliyi, ayaqlarında damar genişlənməsi və qəlpə yaraları mövcud olduğunu qeyd etmiş, həmçinin, 13 ildir ki, onkoloji xəstə kimi qeydiyyata durmaqla müalicə alır. Bundan əlavə olaraq, müalicə üçün Kapitalbank və Unibankdan kreditlər götürmüş, hər ay həmin banklara təxmini 500 manatdan artıq ödəniş edir. Beləliklə borclu əmlak vəziyyətinin ağırlığını bildirsə də, ərizədə 500 manat pensiya aldığını etiraf etmişdir. Həmçinin tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin hissə-hissə icra olunmasını təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada nəzərə alınmalıdır ki, borclu məhkəməyə qətnamənin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu sübut edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ərizəçi qətnamənin icrasına möhlət verilməsinə əsas ola biləcək hallara dair heç bir sübut təqdim etmədiyindən, habelə icra sənədinin borclunun təklif etdiyi şəkildə icra olunması açıq-aşkar tələbkarın mənafeyinə zidd olduğundan təmin oluna bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-210/2021 saylı 16 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu Nəsirova Nəzakət Nəriman qızının şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-210/2021 saylı 16 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-536/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-536/2021
13.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver