Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-54/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, X2 və nümayəndəsi X4 iştirakı ilə, X1 məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi barədə iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(010)-453/2020 saylı qərardadından borclunun şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Apelyasiya Məhkəmənin 2(103)-9805/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qismən ləğv olunaraq iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia qismən təmin edilərək cavabdehlər X6 və X7 10500 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin hissə-hissə icra olunması və qətnamə üzrə ondan tutulmalı olan 5250 manat məbləğin hər ay 200 manat olmaqla ondan tutulub iddiaçıya ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə ondan və digərindən 10.500 manat pulun tutularaq iddiaçı X5 ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə minəndən sonra icraya yönəldilmiş və qətnamənin icra olunması üçün Suraxanı rayon icra şöbəsinə göndərilmişdir. O, borcu qəbul etdiyini və hər ay 200 manat olmaqla ödəməyə hazır olduğunu bildirmişdir. İddiaçıya olan borcu birdəfəlik ödəyə bilmir, heç yerdə işləmir, təqaüdlə dolanır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(010)-453/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan borclunun verdiyi şikayət təmin olunmayaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə göstərilmişdir ki, onun mənafeyi nəzərə alınmamış, heç bir əmlakının olmaması, bank hesablarında pul vəsaitinin olmaması, vergi ödəyicisi kimi qeydiyyatda olmaması, heç bir gəlirə malik olmaması müəyyən edilsə də, məhkəmə bu halları araşdırmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən borclu və nümayəndəsi şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Belə ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Başqa sözlə, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, borclunun təklif etdiyi icra qaydası həmin meyara cavab verməməklə icra sənədinin uzun müddət ərzində icra olunması mənasına gəlir, bunu isə ağlabatan müddət kimi qəbul etmək mümkün deyildir. Qanunun tələbinə görə, məhkəmə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsaslanmaqla qətnaməni hissə-hissə icra edilməsini təmin edə bilər. Bakı Apelyasiya Məhkəmənin 2(103)-9805/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin hər ay 200 manat olmaqla hissə-hissə icraya yönəldilməsinin sonda tələbkarın məhkəmə aktının icrasını uzun müddət ərzində gözləməsi ilə nəticələnəcəyindən məhkəmənin ərizənin təmin edilməməsi qənaəti əsaslı və qanunidir. Kollegiya həmçinin icra sənədinin icrasına əngəl törədən və borclu üçün əlverişsiz olan halların öz sübutunu tapmaması, həmçinin, icra sənədinin hər ay 200 manat tutulmaqla hissə-hissə icra olunmasının tələbkarın mənafeyinə uyğun gəlməməsini və bu baxımdan da tələbkarın mənafeyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti dogrudur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Göründüyü kimi şikayətin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Borclunun şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(010)- 453/2020 qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №8(103)-54/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-54/2021
03.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver