Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-543/2020 09.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Borclu “xxxx” MMC-nin nümayəndəsi Hacıyev Ziyad İmran oğlunun iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-68/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından borclu “xxxx” MMC tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Nəsimi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru A.Heydərov tərəfindən Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)-3250/2018 saylı icra vərəqəsinə izah verilməsinə dair ərizə ilə müraciət edilərək bildirilmişdir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3250/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclular Cəfərov Neymət Kamil oğlu və “xxxx" MMC-dən 6296,5 manat məbləğində maddi ziyanın əvəzi alınaraq tələbkar Bədəlova Arzu Tahir qızının xeyrinə ödənilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 manat borclular Cəfərov Neymət Kamil oğlu və "xxxx" MMC-dən tutularaq dövlət nəfinə köçürülməlidir. İcra sənədində borc məbləğinin bərabər və ya müştərək şəkildə ödənilməsi qeyd olunmamışdır. Bu səbəbdən borclu "xxxx" MMC tərəfindən icra sənədində qeyd olunan borc məbləğinin yarısı yəni, 3148,25 manat məbləğində ödəniş edilmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3250/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borc məbləğinin bərabər və ya müştərək şəkildə ödənilməsi ilə bağlı izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)- 3250/2018 saylı qətnaməsinə cavabdehlər Cəfərov Neymət Kamil oğlu və «xxxx» MMCdən müştərək qaydada 6296,5 (altı min iki yüz doxsan altı manat, əlli qəpik) manat məbləğində maddi ziyanın əvəzinin alınaraq iddiaçı Bədəlova Arzu Tahir qızına verilməsi kimi izah verilmsəi və qətnamənin icrası ilə bağlı icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Həmin qərardaddan borclu “xxxx” MMC şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbini pozaraq qərarında məhkəmə baxışının predmeti olmayan məsələni də həll etmişdir. Qanunvericilikdə cavabdehlərdən borc məbləğlərinin bərabər, müştərək və ya subsidiar qaydada tutulması mümkünlüyü mövcuddur. Bunların hər biri özündə ayrı hüquqi nəticələr yaratmaqdadır. Daha əvvəl qətnamə qəbul edilərkən borcun hansı qaydada cavabdehlərdən tutulmalı olması məsələsi həll olunmayaraq açıq qalmışdır. İndiki halda isə məhkəmə prosessual səlahiyyətlərindən kənara çıxmaqla bu məsələni MPM-nin 230-cu maddəsi ilə tənzimləmişdir. Lakin yuxarıda da qeyd olunduğu kimi bu məsələ MPM-nin 230-cu maddəsinin təsiri altına düşməməkdədir və məsələnin bu qaydada həll olunması prosessual pozuntu olmaqla bərabər səhv nəticələrə də yol açmaqdadır. Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı borclu “xxxx” MMC-nin nümayəndəsi Hacıyev Ziyad İmran oğlu şikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq, məhkəmə aktlarına izah verilməsi institutunu nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddənin məzmunundan göründüyü kimi, məhkəmə aktının izah olunması barədə məsələ həmin aktın məzmununun toxunulmazlığı ilə şərtləndirilmişdir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında məhkəmənin yekun qərarlarının icrasının ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olduğunu və Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alındığını vurğulamışdır. “Cəfərov Azərbaycana qarşı” iş üzrə xx xxxxxx 2010-cu il tarixli və “Cəfərli və digərləri Azərbaycana qarşı” xx xxxx 2010-cu il tarixli qərarlarında həmin Məhkəmə göstərmişdir ki, “Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, “məhkəmə hüququnu” ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları - lakin məhkəmə qərarlarının icrası qorunmasın; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn Yüksək Tərəflərin Konvensiyanı ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması “araşdırmanın” ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir”. Qeyd olunanlara əsaslanmaqla kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq qətnaməyə izah vermiş, bununla da qüvvədə olan məhkəmə aktının icraediləbilənliyini təmin etmişdir ki, şikayətin dəlilləri bununla əlaqədar olan qərardadın ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-68/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Vahid Sadıqov Elnur Həsənov
Məhkəmə qərarları › İş №8(103)-543/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-543/2020
09.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver