Məhkəmə qərarları › İş №8(103)-546/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-546/2025

17.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-546/2025 17.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-584/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3415/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1143/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Borclu xx.xx.2008-ci il təvəlüdlü X7, xx.xx.2012-cı təvəllüdlü X9 və xx.xx.2014-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində alimentin tutularaq X6 xeyrinə ödənilməsi qət edilmişdir. X2 ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3415/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Borclu xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2012-ci təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə tutulan 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində alimentin indeksasiya edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-584/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3415/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunmuşdur. Bu qərardaddan Borclu şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qarşı tərəfin iddiasının əsas məqsədi heç də uşaqlarının “lazımi qaydada qayğısına qala bilməməsi” və s. deyil, əlavə gəlir əldə etmək məqsədi daşıyır. Belə ki, iddiaçı hazırda yüksək miqdarda əmək haqqı aldığı işdə işləməklə, şəhərin mərkəzində 4 otaqlı yüksək şəraitli evə sahibdir və həmin şərait ona vaxtı ikən onun tərəfindən yaradılmış, onun sayəsində işlə təmin edilmişdir. 2017-ci ildə iddiaçı onu aldadaraq külli miqdarda borca salmış, ünvan 1 ünvanında yerləşən 4 otaqlı yeni təmirli mənzili onun adına keçirməyə məcbur etmiş və hətta notarial imtina tələb etmişdir. Hazırda sözügedən əmlak onun mülkiyyətindədir. 2015-ci ildə ailə üzvləri ilə birlikdə evindən radiatorlar və kondisioner oğurlamağa cəhd edərkən hadisə yerində hüquq-mühafizə orqanları tərəfindən yaxalanmış və Yasamal rayonu 29-cu polis bölməsinə aparılaraq izahatları alınmışdır. Buna dair dəlillər - video görüntülər və səs yazıları var. İddiaçı ilə 2007-ci ildə nikaha daxil olmuş, cəmi 4-5 il ər-arvad münasibətlərində olmuş və 10 ildən çoxdur ki, hər hansı formada münasibəti yoxdur. Lakin iddiaçı 2018-ci ildə hələ rəsmi nikah pozulmadan ona qarşı aliment iddiası qaldırmış və yığılan alimentlə qardaşının yoldaşının adına, lakin özünə məxsus maşın almışdır. Məqsədi vəzifədə olduğu illərdə nüfuzuna xələl gətirmək, karyerasının inkişafına mane olmaq olmuşdur. Hətta uşaqları ölümlə hədələmiş və dəfələrlə onu psixoloqa aparmağa çalışmışdır. Bu illər ərzində 4 dəfə nikahın pozulmasına cəhd etsə də, valideynlərinin narazılığına görə məsələ uzanmışdır. 2020-ci ilin iyununda onun təşəbbüsü iə rəsmi nikah məhkəmə qaydasında pozulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hər uşağa görə hər ay 193 manat, ümumilikdə 579 manat sabit pul məbləğində aliment ödənilməsi qət edilmişdir. İddiaçı eyni iddia tələbi ilə 2023-cü ildə yenə də məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1383/2023 saylı qətnamə ilə alimentin artırılmasına dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən iddiaçının apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3799/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Hazırda maddi durumu aşağı olduğundan həmin məbləği belə çətinliklə ödəyir. Valideynləri alimentdən əlavə maddi yardım edir və bütün ehtiyaclarını onlar qarşılayır. İddiaçı nəinki indi, hətta birgə nikahda olduqları vaxtlarda belə uşaqların təlim-tərbiyəsi, təhsili ilə qətiyyən maraqlanmamışdır. Uşaqlar hazırda öz təhsillərinə vaxt ayırmalı olduqları halda sosial şəbəkələrdə qeyri-etik videolar çəkərək paylaşmaqdadırlar. Analarından, yəni iddiaçıdan bu halları aradan qaldırmasını və bir ana kimi uşaqlarına düzgün tərbiyə verməsini tələb etdikdə “onlar çoxdan böyüyüblər, elədiklərindən xəbərim var və mən icazə verirəm” deyərək uşaqları böyük bir uçuruma itələyir. Nikah pozulduqdan sonra uşaqların ona qarşı təhqiramiz və hörmətsiz davranışına dair səs yazıları da olmuşdur. Üstəlik uşaqlar bir müddət heç ananın yanında belə qalmamışlar, Naxçıvanda iddiaçının valideynləri ilə birlikdə qalmışlar. İddiaçı onlarla uzun müddət boyunca heç görüşməmiş, nəinki onların maddi tələbatlarını ödəmək və ya onları tərbiyə etməkdən, hətta onlarla ünsiyyətdən belə uzaqda olmuşdur. İddiaçı bir ana olaraq övladlarının tərbiyəsinə nəzarət etməməklə birlikdə onun pozulmasında şəxsən iştirak etmişdir. Kiçik uşaq Məhəmmədi isə ona qarşı analıq duyğusu olmadığını bildirirək nənəsinin himayəsinə vermiş, yalnız 7 ildən sonra – məhz aliment tələbləri ilə bağlı məhkəmə mübahisələri başlayan zaman və qohum qonşuların iradı ilə öz yanına gətirtmişdir. 2020-ci ildən rəsmi nikah pozulduqdan 5 ay sonra ailə həyatı qurmuşdur və həmin nikahdan hazırda iki övladı vardır. Hazırda yeganə gəlir məbləği yoldaşının əmək haqqısıdır və onunla gündəlik xərclərini, uşağın saxlanılması üçün məsrəfləri, həmçinin, ödədiyi 579 manat məbləğində alimentin qarşılanması onsuzda onlara çətinlik yaradır. Birinci instansiya məhkəməsi isə hər uşağa görə hər ay ölkə üzrə minimum əmək haqqının 0,64 misli həcmində, yəni hazırki iş üçün hər ay 256 manat olmaqla, ümumilikdə 768 manat alimentin ödənilməsi barədə qərardad qəbul etmişdir. Bu məbləğin ödənilməsi isə onların hazırki maddi durumu ilə mümkün deyil. Ərizəçi isə uzun müddətdir ki, Dövlət Sərhəd Xidmətində işləyir və kifayət qədər yüksək əmək haqqı almaqdadır. Ən vacib məqam isə ondan ibarətdir ki, ötən dövr ərzində onun maddi durumunda pisləşmə olması ilə pararel ərizəçinin maddi vəziyyətində dəfələrlə yaxşılaşmalar baş vermiş, hərbi qulluqçu kimi vəzifə maaşına bir neçə dəfə əlavələr olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-584/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; 110.2-ci maddəsinə əsaəsn alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir; 3-cü maddəsinə əsasən aliment indeksləşdirmənin obyektlərindən biridir; 4-cü maddəsinə əsasən məhkəmənin qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən, müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının: 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir); 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Hazırki işin halları baxımından məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3415/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəlüdlü X7, xx.xx.2012-cı təvəllüdlü X9 və xx.xx.2014-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat, cəmi 579 manat sabit pul məbləğində aliment cavabdehdən (borcludan) iddiaçının (tələbkarın) xeyrinə tutularkən ölkə üzrə minimum əmək haqqı 300 manat olmuşdur ki, bu da həmin dövrdə olan minimum əmək haqqının 0.64 (193:300) mislini təşkil etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən qeyd edir ki, hazırki ərizə alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən və ölkə üzrə minimum əmək haqqının miqdarı artdığından məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan aliment məbləği qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarı müəyyən edilən zaman həmin il üzrə (2022-ci il) müəyyən edilmiş minimum əmək haqqı məbləğinə uyğun olaraq indeksasiya edilməlidir. Qeyd edilənlər də həmin qətnamə üzrə tutulan aliment məbləğinin indeksasiya edilməsini şərtləndirir. Məhkəmə kollegiyası borclunun şikayətinə münasibətdə onu da vurğulayır ki, qanunverici tərəfindən ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə əsaslandırılan alimentin indeksasiyası barədə ərizələrə baxılarkən əvvəlki alimentə dair məhkəmə aktı ilə müəyyən edilmiş aliment məbləğinin müvafiq indeksasiyanın həyata keçirilməsi məhkəmənin vəzifəsi olaraq müəyyən edilmişdir. Hazırki ərizələrə baxılan zaman məhkəmə əvvəlki alimentə dair məhkəmə aktı ilə müəyyən edilmiş aliment məbləğinin müvafiq qaydada indeksasiyasını həyata keçirir, yeni məbləğ müəyyən etmir. Həmçinin, alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Bununla belə, borclunun hazırda maddi imkanının olmaması, yenidən ailə qurması və yeni nikahından uşaqlarının olması, habelə ərizəçinin yüksək əmək haqqı alması alimentin indeksasiya olunmasını istisna etmir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3415/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hər ay hər uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün borcludan tələbkarın xeyrinə sabit pul məbləği şəklində tutulması müəyyən edilən 193 manat aliment məbləğini ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya etməkdə haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-584/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar