Məhkəmə qərarları › İş №8(103)-548/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-548/2020

10.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-548/2020 10.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədirliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məhəmməd qızı Qurbanovanın katibliyi ilə, Yasamal rayon məhkəməsinin 8(004)-716/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından tələbkar “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tələbkar “Bank VTB (Azərbaycan)” ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 rayon məhkəməsinin 2(004)- 12432/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 8(004)-716/2020 saylı, xx xxxxxxx 2020- ci il tarixli qərardadına əsasən, tələbkar “Bank VTB (Azərbaycan)” ASC-nin şikayət ərizəsi geri qaytarılmışdır. xx xxxxxx 2020-ci il tarixdə tələbkar “Bank VTB (Azərbaycan)” ASC Yasamal rayon məhkəməsinin 8(004)-716/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir Yasamal Rayon Məhəkəməsinin 8(004)-548/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin etməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi mübahisələndirilən qərardadı qəbul edərkən, hüquq normalarını səhv tətbiq etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Qanunvericiliyin tələbindən də göründüyü kimi, qərardan şikayət vermə müddəti qərarın tərəflərə təqdim olunduğu və ya onlar tərəfindən alındığı gündən 10 gün müddətində verilə bilər. İş materiallarından göründüyü kimi, həmin qərarın tələbkar “Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsinə təqdim olunması və ya nümayəndəsi tərəfindən alınmasına dair heç bir sübut mövcud deyildir. Ümumiyyətlə, həmin qərarın surəti hal-hazıra kimi Banka daxil olmamışdır. Birinci instansiya məhkəməsinin hazırki qərardadı Bankın hüquqlarının və qanunla qorunan maraqlarının kobud şəkildə pozulmasına, prosessual qanunvericiliklə müəyyən olunmuş hüquqlarının süni şəkildə məhdudlaşdırılmasına xidmət edir. Bu səbəbdən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(004)-716/2020 saylı şikayətin geri qaytarılmasına dair qərardadı ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli, şikayətə yenidən baxılması (qəbul edilməsi məsələsi) üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi 0210.2020 saylı qərardadında qeyd etmişdir ki, 39763/17 saylı icra işidən görünür ki, Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 rayon məhkəməsinin 2(004)- 12432/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxxxx 2018-ci il tarixli qərarı tələbkar “Bank VTB (Azərbaycan)” ASC-yə xx xxxxxx 2018-ci il tarixdə göndərilmişdir. Kollegiya qeyd edir ki, lakin həmin qərarın tələbkar “Bank VTB (Azərbaycan)” ASC-nin ünvanına çatdırılıb-çatdırılmaması və qeyd olunan qərardadın təlabkar tərəfindən qbul edilib-edilməməsinı araşdırmamışdır. Yuxarıda sadalanan hallara və istinad olunan qanunvericilik normalarına əsaslanaraq Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, qərardad ləğv edilməli, qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlər araşdırılmaqla şikayətə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-716/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlər araşdırılmaqla şikayətə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar