Məhkəmə qərarları › İş №8(103)-549/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-549/2021

26.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-549/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 8(005)- 523/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7772/2017 saylı, 22 noyabr 2017-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7035/2018 saylı, 13 iyun 2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan “Toyota Camry” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” minik markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı, “Ford Courier” yük markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı "Ford Courier" yük markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Lancer GL” minik markalı, **-US-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, qeyd olunan icra sənədlərinə əsasən borclular Borclu və X2 birgə qaydada müvafiq olaraq 11182,36 ABŞ dolları və 30 manat dövlət rüsumu; 3926,77 ABŞ dolları və 29 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Borc, tələbin könüllü icrası üçün müəyyən edilmiş müddətdə ödənilmədiyindən Borclu məxsus yuxarıda sadalanan avtomobillərin üzərinə həbs qoyulması zərurəti yaranmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 8(005)- 523/2021 saylı qərardadı ilə (hakim Aytən Novruzova) təqdimat təmin olunmuşdur. Qərardaddan narazı olan Borclu ondan şikayət verərək ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 8(005)-523/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, rəsmi arayışlar təqdim edərək, borcun əmək haqlarına yönəldilməsini xahiş etsələr də, icra məmuru bu xahişlərini nəzərə almadan sadəcə sənəd üzərində ona məxsus, əslində isə etibarnamə ilə uzun müddətdir başqasının istifadəsində olan avtomoblillərin üzərinə həbs qoymuşdur. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 43.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Qanunun 50.1-ci və 50.2-ci maddələrinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. MPM-in 158.4-cü maddəsinin tələbinə görə, cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alına bilər. Baxılan işdən görünür ki, borclular X2 və Borclu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7772/2017 saylı 22.11.2017-ci il tarixli icra sənədinə əsasən, 11182,36 ABŞ dolları və 30 manat dövlət rüsumu; Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7035/2018 saylı, 13.06.2018-ci il tarixli icra sənədinə əsasən isə 3926,77 ABŞ dolları və 29 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Hər iki icra sənədi üzrə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul etmiş və tələbin icrasının könüllü təmin edilməsi üçün borclulara 10 gün müddət verilmişdir. Buna baxmayaraq, borclular həmin müddətdə borcu ödəməmişlər. Belə olan halda, borclular, könüllü icra müddəti ərzində borcu ödəmədiklərindən tələbin onların (və ya birinin) əmlakına yönəldilməsi barədə icra məmuru təqdimat verməkdə haqlı olsa da, Kollegiya hesab edir ki, tələbin yönəldilməsi məqsədilə üzərinə həbs qoyulması tələb edilən əmlakın dəyəri ödənilməli olan pulun məbləği ilə mütənasiblik təşkil etməlidir. Əks yanaşma, mülkiyyət hüquqlarının əsassız şəkildə məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Hazırda icra sənədləri üzrə borclulardan tutulmalı olan pulun məbləği ümumilikdə 15109,13 ABŞ dolları və 59 manat təşkil edir. İcra məmurunun üzərinə həbs qoyulmasını tələb etdiyi əmlak isə Borclu mülkiyyətində olan “Toyota Camry” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” minik markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı, “Ford Courier” yük markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı "Ford Courier" yük markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Lancer GL” minik markalı, **-US-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələridir. Göründüyü kimi, ilk baxışdan qeyd olunan məbləğdə borcun ödənilməsi məqsədilə borcluya məxsus 4 nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasının adekvat olması və bununla bağlı hansı hüquqi zərurətin olması müyyən olunmur. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən, hesab edir ki, Borclu əmlakı üzərinə həbs qoyulması, həmin icra tədbirinin zəruriliyi və mütənasibliyi kontekstində araşdırılmalıdır. Bununla yanaşı, birinci instansiya məhkəməsi təqdimata baxarkən, icra işini tələb edərək ona baxış keçirməmiş (işdə bu barədə məlumat yoxdur), icra vəziyyətini (görülmüş icra tədbirləri və s.) öyrənməmiş, tərəflərin və icra məmurunun iştirakı ilə işin bu və digər halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Ona görə də, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən, tərəflərin və icra məmurunun dinlənilmə hüquqları təmin olunmaqla, məcburi icra tədbirinin tətbiqinə qanuni əsaslarının mövcudluğu və zərurəti, habelə işin digər diqqətəlayiq halları tam və hərtərəfli araşdırılmalı, nəticədə əsaslandırılmış qərardad qəbul edilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 8(005)- 523/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 8(005)-523/2021 saylı qərardadı ləğv edilsin və iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar