Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-551/2020 28.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, Tələbkar X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)- 4399/2013 nömrəli icra sənədinin icra edilməməsi ilə bağlı Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi tələbinə dair həmin məhkəmənin 8(011)-392/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından icra məmuru Vüsal Umarov tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X3 Tofiqoviç şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)- 4399/2013 nömrəli qətnaməsi əsasında verilən icra sənədinin icra edilməməsi ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi və Borclu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarılması və bu barədə prokurora xəbər verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)-4399/2013 saylı qətnaməsi ilə Borclu onun xeyrinə vurulmuş maddi ziyana görə 13446 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, mənəvi ziyana görə 300 manat, məhkəmə xərclərinə görə 180 manat onun xeyrinə tutulmalıdır. 7 ilə yaxın müddətdir ki, 23338,20 manat məbləğində pulun tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olsa da, Borclu həmin pulu ödəməkdən qərəzli olaraq yayınır, bu günə kimi bir manat da olsa belə ödəməmiş, məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmiş və süni şəkildə vaxtı uzatmaqla həmin məhkəmə aktının icrasına maneçilik törətməyə çalışmışdır. Borclu qanunsuz hərəkətləri barədə o, dəfələrlə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, İcra Baş İdarəsinə, Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə və digər orqanlara müraciət etsə də, bu günə kimi məhkəmə qətnaməsi icra edilməmiş və Borclu faktiki olaraq borcunu ödəməkdən imtina etmişdir. Zərərin ödənilməsi tələbinə dair icra işi 2013-cü ildən Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin icraatında olsa da, bu günə qədər heç bir nəticə yoxdur. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurları Rövşən Ağayev, Toğrul Bəxşəliyev, hazırda isə Vüsal Umarov icra işində qanunda nəzərdə tutulmuş lazımi olan icra hərəkətlərini həyata keçirmək əvəzinə, bunları etməmiş, faktiki olaraq öz hərəkətsizliyi ilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməyərək, onun hüquqlarını kobud şəkildə pozmuşdur. Hazırda icra sənədi üzrə icraatın dayandırılması üçün heç bir əsas yoxdur. Borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə icra sənədinin icrası başa çatanadək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsa da, borclu Azərbaycan Respublikasının sərhədini keçmiş və sərhəddə saxlanılmamışdır. Digər tərəfdən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə borclunun mülkiyyətində olan “Mersedes-190” minik **-RP-*** dövlət qeydiyyat nişanlı və “VAZ-21074" minik markalı ** ME *** dövlət qeydiyyat nişanlı avtomaşınlara həbs qoyulsa da, bu günə kimi həmin avtomaşınların faktiki axtarışı elan olunmamış, onların yeri məlum olunmamış, avtomobillər borc hesabına hərraca çıxarılmamış və satılmamışdır. Borclu fərdi əməklə məşğul olmaqla hər ay kifayət qədər qazancı və gəliri olsa da, uzun müddətdir borcunu ödəməkdən qəsdən yayınır və məhkəmə qətnaməsini qəsdən icra etmir. Ona görə də Borclu haqqında cinayət işi başlanmalı və o, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Borclu icra məmurunun qanuni tələblərini əməl etmədiyinə görə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan əlavə Borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(011)-2016 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin icra məmurları Borclu cinayət məsuliyyətinə cəlb edilməsi barədə müvafiq orqana icra xidmətinin rəhbərliyinin təqdimatını təqdim etməmiş və bu səbəbdən də borclu bu günə kimi cinayət məsuliyyətinə cəlb olunmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-392/2020 saylı xx xxxxxx 2020-ci tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)-4399/2013 nömrəli icra sənədinin icra edilməməsi ilə bağlı Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 hərəkətsizliyi qanunsuz hesab edilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. Hazırda həmin qərardaddan icra məmuru tərəfindən şikayət verilərək, qərardadın qismən təmin edilmiş hissəsində ləğv edilməsi xahiş edilmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Qərardadda istinad edilən “İcra haqqında” Qanunun 12.1-ci maddəsində dəyişiklik edilmiş, hazırda həmin normaya əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Göründüyü kimi, iki ay müddət bütün zəruri icra hərəkətlərini həyata keçirmək üçün müəyyən olunmuşdur və işin hallarından, şikayətin məzmunundan bu hissədə icra məmurunun hərəkətsizliyi mübahisələndirilmir, mübahisələndirilsə belə qanun pozuntusu yoxdur. Qərardadda onun hərəkətsizliyinin konkret nədə ifadə olunduğu, etməli olduğu hansı hərəkəti etməməsi barədə qeyd edilməmişdir. Qərardadda onun izahatının sonuncu cümlələri təhrif olunmuşdur, belə ki, o, borclunun mülkiyyətində olan iki avtonəqliyyat vasitəsi barədə məlumat verilməsi üçün DİN BDYPİ-yə sorğu verilsə də, hələ də cavab verilmədiyini, cavabın gecikməsinin səbəbini isə dəqiq bilmədiyini, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar işlərin çox olması ilə bağlı ola biləcəyini qeyd etmişdir. Həmçinin borclunun hazırda Əzizbəyov-KM MMC-yə direktor təyin edildiyini, lakin bina rəhbərliyindən Borclu 6 aydan çox müddətdə avtoqəza etməsi səbəbindən işə çıxmadığı bildirildiyini göstərmişdir. İcra işinin istintaqa göndərilməmə səbəbi odur ki, icra işlərinin istintaqa göndərilməsi üçün müvafiq prosessual hərəkətlər edilməlidir. Qanunun 82.1-ci maddəsinə əsasən ondan əvvəlki icra məmuru tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, borclu 10 gün müddətində inzibati qaydada həbs edilmiş, sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilməsi barədə bildiriş tərtib olunsa da, rəsmi qaydada təqdim etmək mümkün olmadığından borclu barəsində axtarış qərarı verilmişdir. Borclunun mülkiyyətində olan avtomobillərin axtarışı barədə DİN BDYPİ-dən hər hansı qərarın nəticələri barədə hazırki vaxtadək İcra və probasiya şöbəsinə məlumat daxil olmamışdır. Bu barədə xx.xx.2020-ci il tarixdə DİN BDYPİ-yə göndərilmiş xatırlatma məktubuna cavab gəlmədiyindən işi ibtidai istintaq orqanına göndərmək mümkün olmamışdır. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tələbkar şikayətə etiraz ünvanlayaraq, şikayətin əsassız olduğuna görə rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)-4399/2013 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, Borclu vurulmuş maddi ziyana görə 13446 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, mənəvi ziyana görə 300 manat, məhkəmə xərclərinə görə 180 manatın X1 xeyrinə tutulması qət edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə görə “İcra haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Lakin nəzərə almaq lazımdır ki, həmin dəyişikliyə qədər adıçəkilən Qanunun 12.1-ci maddəsi ilə müəyyən olunmuşdur ki, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Deməli, icra sənədi üzrə icra icraatına xx.xx.2014-cü il tarixli qərarla başlanıldığı nəzərə alındıqda, onun 2 ay (müstəsna hallar nəzərə alınmaqla 3 ay) müddətində icra edilməməsi artıq qanun pozuntusu hesab olunmalıdır. Bununla belə, Kollegiya nəzərə alır ki, icra sənədi icra məmuru Vüsal Umarovun icraatına təxminən 1 il əvvəl daxil olmuşdur (işdə bu barədə dəqiq məlumat yoxdur), lakin, buna baxmayaraq, məhkəmə işin hallarına əsasən icra vərəqəsinin icra olunmasında icra məmuru Vüsal Umarov tərəfindən hərəkətsizliyin olmasının müəyyən edilməsi barədə düzgün nəticəyə gəlmişdir. İşin hallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)-4399/2013 saylı qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən xx.xx.2014-cü il tarixdə icraata başlanılmış, 2015-ci ildə icra məmuru Rövşən Ağayevin icraatında olmuş, xx.xx.2015-ci il tarixli qərarla borclunun axtarılması haqqında qərar qəbul edilmişdir. xx.xx.2016-ci il tarixdə icra məmuru Rüstəm İbrahimov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu icra məmurunun tələblərini yerinə yetirməməklə, icra sənədinin icrasından yayınmış və nəticədə tələbkarların xeyrinə 2 qətnamə üzrə 15446 ABŞ dolları və 480 manat borc qalmışdır, göstərilənlərə əsasən Quliyev X4 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İcra məmuru Rövşən Ağayevin xx.xx.2017-ci il tarixli borclunun axtarılması haqqında qərarı ilə Borclu barəsində axtarış elan edilmişdir. Həmçinin müxtəlif sorğular verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə icra məmuru Rövşən Ağayevin təqdimatı təmin edilərək, icra sənədinin icrası başa çatanadək Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, həmçinin məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı ilə icra məmuru Rövşən Ağayevin təqdimatı təmin edilərək, Borclu mülkiyyətində olan avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. İcra məmuru Rövşən Ağayevin xx.xx.2017-ci il tarixli qərarı ilə borclunun adına olan Mercedes 190 minik markalı **-RP-*** qeydiyyat nişanlı və VAZ 21074 markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin barəsində axtarış elan edilməsi qərara alınmış və xx.xx.2017-ci il tarixli məktubla qərar icra olunması üçün aidiyyəti üzrə DİN-in BDYPİ-nə göndərilmişdir. Göründüyü kimi, bu müddət ərzində icra işi icra məmuru Rövşən Ağayevin icraatında olmuşdur. İş materiallarında olan Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, həmin inzibati xəta haqqında protokolu tərtib edən icra məmuru X5 olmuşdur, görünən odur ki, həmin vaxt icra işi başqa icra məmurunun icraatında olmuş, təxminən son 1 il ərzində hazırki icra məmuru Vüsal Umarovun icraatında olmuşdur. İş materiallarından görürən odur ki, icra işi icra məmuru Vüsal Umarovun icraatında olduğu müddət ərzində xx.xx.2020-ci il tarixdə borclunun maddi və əmlak vəziyyətinin yoxlanılması məqsədilə yenidən müxtəlif təşkilatlara sorğular göndərilmiş, xx.xx.2020-ci il tarixdə isə Daxili İşlər Nazirliyi Baş Dövlət X8 məktub göndərilərək, Borclu mülkiyyətində olan avtomobillər barəsində icra məmurunun axtarış qərarının xx.xx.2017-ci il tarixdə icra olunması üçün göndərilməsinə baxmayaraq, hazırki vaxtadək nəticəsi barədə icra şöbəsinə məlumat daxil olmadığı göstərilməklə, avtomobillərin axtarışı üzrə şöbəyə təxirə salınmadan məlumat verilməsi xahiş edilmişdir. İcra məmuru icra olunması üçün 2017-ci il tarixdə göndərilmiş qərarın nəticəsi barədə məlumat verilməsi üçün 2020-ci ilin mart ayında DİN BDYPİ-nə xatırlatma məktubu göndərsə də, bu qədər müddət ərzində qərarın icra edilməməsi və həmin məktubun nəticəsi barədə məlumat əldə etmək üçün hər hansı tədbir görməmişdir. Halbuki “İcra haqqında” Qanunun 3-cü maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İcra məmuru şikayətində borclunun mülkiyyətində olan avtomobillər barədə göndərilmiş xx.xx.2020-ci il tarixli xatırlatma məktubuna cavab gəlmədiyi üçün işi ibtidai istintaq orqanına göndərməyin mümkün olmadığını qeyd etsə də, göründüyü kimi, 2017-ci ildə icra edilməsi üçün göndərilmiş, 2020-ci ilin mart ayında xatırlatma məktubu verilmiş icra sənədinin icrası ilə əlaqədar tələblərinin yerinə yetirilməməsinə baxmayaraq, hərəkətsizlik göstərib, onun icra edilməsi üçün qanunda nəzərdə tutulmuş səlahiyyətlərindən istifadə etməyərək, icranı təmin etmək üçün real addımlar atmamışdır. Göründüyü kimi, icra məmuru Vüsal Umarov 2020-ci ilin mart ayından sonra icra sənədinin icrası ilə bağlı hər hansı zəruri icra hərəkəti həyata keçirməmiş, yalnız tələbkar A.Abdullayev hazırki şikayətlə məhkəməyə müraciət etdikdən sonra (şikayət məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur), xx.xx.2020-ci il tarixli qərarla Borclu axtarışını elan etmişdir. İcra məmuru şikayətində qeyd edir ki, hazırda Borclu Əzizbəyov-KM MMC-yə direktor təyin edilmişdir, lakin bina rəhbərliyindən Borclu 6 aydan çox müddətdə avtoqəza törətməsi səbəbindən işə çıxmadığı bildirilmişdir. Lakin qeyd edilən bu halın həqiqiliyinin yoxlanılması ilə bağlı icra məmuru tərəfindən hər hansı hərəkətin edilməsi, məlumatın doğru olub-olmaması iş materiallarından müəyyən edilmir. Beləliklə, icra işi icra məmuru Vüsal Umarovun icraatında olduğu müddət ərzində o, icra sənədinin icrası ilə bağlı kifayət qədər zəruri hərəkətlər etməmiş, yalnız 2020-ci ilin yanvar ayında müvafiq sorğular, mart ayında isə xatırlatma məktubu göndərməklə kifayətlənmiş, borclunun işləməsinə, bununla da yerinin müəyyən edilməsinin mümkün olmasına baxmayaraq, bu istiqamətdə real heç bir addım atmamış, faktiki olaraq öz passivliyi (hərəkətsizliyi) ilə icra sənədinin icra olunmadan qalmasına şərait yaratmışdır. Aşkar görünür ki, həyata keçirilmiş hərəkətlər uzun fasilələrlə edilmiş və edilmiş hərəkətlər üzrə müvafiq nəticələrin əldə edilməsinə nail olunmamışdır. Kollegiya hesab edir ki, icra vərəqəsinin icra olunmasında icra məmuru tərəfindən hərəkətsizliyin olmasının müəyyən olunması barədə məhkəmə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-392/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı mübahisələndirilən - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)-4399/2013 nömrəli icra sənədinin icra edilməməsi ilə bağlı Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 hərəkətsizliyinin qanunsuz hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №8(103)-551/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-551/2020
28.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver