Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-559/2020 15.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-11101/2017 saylı icra sənədinə əsasən Borclu cəmi 8282 manat pul vəsaiti Tələbkar xeyrinə tutulmalıdır. Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “Mercedes Benz S350” minik markalı, **-EL- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, cərimə duracağına yerləşdirilməsi və borcun əmlaka yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, cavabdeh Borclu hazırki vaxta qədər icra sənədində göstərilmiş tələbləri yerinə yetirməmiş və göstərilən borc məbləğini tələbkara ödəməmişdir. Borclu əmlak vəziyyətinin yoxlanması məqsədilə aidiyyəti qurumlara sorğular edilmişdir. Belə ki, elektron baza məlumatlarından məlum olur ki, Borclu adına **- EL-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz S350” minik markalı nəqliyyat vasitəsi qeydə alınmışdır. Göstərilənlərə əsasən təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-505/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Asəm Əhmədovun təqdimatı qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-11101/2017 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus “Mercedes Benz S350” minik markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-505/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadında məhkəmənin gəldiyi nəticə ümumiyyətlə əsaslandırılmamış və qərardadda məhkəmənin belə nəticəyə gəlməsinin qanuni əsasları göstərilməmişdir. Ona görə də hesab edir ki, qərardad əsassızdır və ləğv edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə tərəflərə işə baxılmanın vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitələri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə görə tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-11101/2017 saylı icra sənədinə əsasən Borclu cəmi 8282 manat pul vəsaiti Tələbkar xeyrinə tutulmalıdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu əmlak vəziyyətinin yoxlanması məqsədilə aidiyyəti qurumlara sorğular edilmiş, elektron baza məlumatlarından məlum olmuşdur ki, Borclu adına **-EL-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz S350” minik markalı nəqliyyat vasitəsi qeydə alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə kollegiyası qanunvericiliyin də tələblərini əsas götürərək hesab edir ki, iş materiallarından da göründüyü kimi, borclu tərəfindən tələbkara olan borc ödənilmədiyindən, borcluya məxsus avtomobil üzərinə həbs qoymaqda birinci instansiya məhkəməsi haqlı olmuşdur. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı və qanunidir. Odur ki, şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №8(103)-559/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-559/2020
15.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver