Məhkəmə qərarları › İş №8(103)-56/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-56/2021

10.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-56/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-378/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 rayon Məhkəməsinin 2(006)-547/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, X3 küçəsi, 20 V ünvanında yerləşən daşınmaz əmlakın üzərinə üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-547/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 78000 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu mülkiyyətində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, X3 küçəsi, 20 V ünvanı aşkar edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Göstərilənlərə əsasən, Borclu mülkiyyətində olan daşınmaz əmlakın üzərinə həbs qoyulması və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-378/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat qismən təmin edilmiş, Borclu mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, X3 küçəsi, 20 V ünvanda yerləşən daşınmaz əmlakın üzərinə həbsin qoyulması, təqdimatın digər hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardaddan Borclu şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-378/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Tələbkar şikayətə etiraz edərək təmin edilməmisini xahiş etdi. Əlavə olaraq məhkəmə kollegiyasına ərizə təqdim edərək Borclu mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, X3 küçəsi, 20 V ünvanda yerləşən daşınmaz əmlakın qeyri-yaşayış sahəsi olduğunu və borclunun ondan aldığı pulun məhz həmin əmlakın tikilməsinə sərf edildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş Borclu məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə Borclu məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-378/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Təqdimata əlavə edilmiş Nəsimi rayon Məhkəməsinin 2(006)-547/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən Borclu Tələbkar xeyrinə 78000 manat məbləğində pul tutulmalıdır. Təqdimata əlavə edilmiş xx.xx.2017-cı il tarixli icraata başlamaq haqqında qərar və bildirişdən görünür ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-547/2017 nömrəli, xx.xx.2017- ci il tarixli icra sənədi üzrə Nəsimi rayon icra şöbəsinin icra məmuru Nəzrin İbişova tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və həmin tarixli bildirişlə borcluya icra sənədinin könüllü icrası ilə bağlı rəsmi məlumat verilmişdir. İş materiallarında olan elektron icra portalından olan çıxarışdan görünür ki, Borclu mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, X3 küçəsi, 20 V ünvanda yerləşən daşınmaz əmlak qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi (43.1.1); tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi (43.1.2); tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi (43.1.3); icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi (43.1.4); bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər (43.1.5) məcburi icra tədbirləridir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə huququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.4-cü maddəsində borclunun əmlakı üzərinə həbs qoyulmasının iki halı göstərilmişdir: Qanunun 50.4.1-ci maddəsinə görə, tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün və Qanunun 50.4.2-ci maddəsinə görə, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 236-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedentə görə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. (“Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarı) “X2 (X4) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Göründüyü kimi, Borclu qanuni qüvvəsini almış məhkəmə aktını könüllü icra etməmişdir. Bununla da məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün əsas yaranmışdır. Beləliklə, məhkəmə haqlı olaraq hesab etmişdir ki, təqdimat qismən təmin edilməli, Borclu mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, X3 küçəsi, 20 V ünvanda yerləşən daşınmaz əmlakın üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borclunun əmlakı üzərinə həbs qoymaqda haqlı olmuşdur. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-378/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-378/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar