Məhkəmə qərarları › İş №8(103)-56/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-56/2022

03.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-56/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 04.10.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarından Maraqlı şəxs tərəfindən verilmiş şikayət ərizəsinə baxılmasına dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21.01.2022-ci il tarixli 8(006)-45/2022 saylı qərardadından Maraqlı şəxs şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Maraqlı şəxs məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin 04.10.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Rəhimovlar ailəsi 2(006)-1410/2019 saylı icra sənədi üzrə tələbi sonuna qədər icra etməmişlər. Bu səbəbdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.07.2019-cu il tarixli 2(006)-1410/2019 saylı icra sənədi üzrə tələbin icra edilməsi üçün müvafiq tədbirlər görülməsini xahiş edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21.01.2022-ci il tarixli 8(006)-45/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin 04.10.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarından Maraqlı şəxs tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılmışdır. Hazırda Maraqlı şəxs həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsini xahiş etmişdir. Məhkəmənin 04.02.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli 8(006)-276/2021 saylı qərardadı ilə iş üzrə müstəqil tələb irəli sürməyən Maraqlı şəxs Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 “icraata xitam verilməsi haqqında” 04.10.2019-cu il tarixli qərarından verdiyi şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır . Daha sonra, Maraqlı şəxs tərəfindən yenidən eyni məzmunlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.10.2021-ci il tarixli 8(006)-418/2021 saylı qərardadı ilə Maraqlı şəxs Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru Murad Xudaverdiyev tərəfindən qəbul edilmiş 04.10.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsi barədə şikayətə mahiyyəti üzrə baxıldığından onun yenidən eyni məsələ ilə bağlı vermiş olduğu şikayət ərizəsinin baxılmadan geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Maraqlı şəxs tərəfindən şikayət ərizəsi verilmiş və Bakı Apelyasiya Məhkəməsinin 01.12.2021-ci il tarixli, 8(103)-609/2021 saylı qərardadı ilə şikayət ərizəsinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.10.2021-ci il tarixli 8(006)-418/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi eyni mübahisəyə artıq hüquqi qiymət verilmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21.01.2022-ci il tarixli 8(006)-45/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar