Məhkəmə qərarları › İş №8(103)-562/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-562/2021

03.11.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-562/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 8(004)-531/2021 saylı qərardadından borclular X6 və X5 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 və X6 30.07.2021-ci il tarixdə birgə ərizə ilə məhkəməyə müraciət edərək, X1 və X4 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.02.2020-ci il tarixli icra sənədi üzrə Tələbkar müştərək qaydada ödəməli olduqları 31500 manat pulun bir il müddətində hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 8(004)-531/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan borclular tərəfindən verilmiş şikayət məhkəmənin 22 sentyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin məzmunu ərizə ilə eynilik təşkil etməklə, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir. X2 və X6 və Tələbkar məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan materialları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 8(004)-531/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki,X2 və X6 tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.02.2020-ci il tarixli icra sənədi üzrə müştərək qaydada ödəməli olduqları 31.500 manat borcdan hazırkı vaxta kimi Tələbkar hər hansı bir məbləğ ödəməmişlər. Məhkəmə qeyd etmişdr ki, borclular hazırkı ərizəni verməklə icra sənədinin icrasını yubatmaq niyyətini güdürlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qeyd olunur ki, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, ərizənin təminindən imtina edərkən düzgün olaraq belə nəticəyə gəlmişdir ki, borcluların qeyd etdikləri hallar, borc məbləği tutulmuş məhkəmə qərarının icrasına möhlətin verilməsi üçün müstəsna hal olmadığından borcluların qətnamə üzrə tutulmalı olan məbləğin hissə-hissə ödənilməsi barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X2 və X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə İş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 8(004)-531/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar