Məhkəmə qərarları › İş №8(103)-572/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-572/2020

25.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-572/2020 25.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlunun və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 8(007)-218/2020 saylı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qərardaddan iş üzrə X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş borclu Ariz Məmmədov, həmin Məhkəmənin xx.xx.2019-cu il tarixli icra sənədi (İş № 2(007)-97/2019) üzrə onun tələbkar X3 yaranmış 7.522 manat məbləğində aliment borcunun onun tərəfindən 1 il ərzində hissə-hissə icra olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-97/2019 №-li iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən 2 azyaşlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün borclu A.Məmmədovdan tələbkar A.Musayevanın xeyrinə hər ay, hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutulmalıdır. A.Məmmədov ilə A.Musayeva arasında uzun çəkən məhkəmə çəkişməsi zamanı A.Məmmədovun aliment borcu yaranmışdır. Borclu A.Məmmədov hal-hazırda heç bir yerdə işləmir, heç bir gəliri yoxdur, müxtəlif xəstəliklərdən əziyyət çəkir, maddi vəziyyəti olduqca ağırdır. Bu səbəbdən də, A.Məmmədov qətnaməni icra edə bilmir, aliment borcunu bir dəfəyə ödəyə bilmir. Buna baxmayaraq o, aliment borcundan 1.250 manat ödəmişdir. İcra sənədi üzrə icra hərəkətlərini həyata keçirən icra məmuru isə 7.522 manat aliment borcunun bir dəfəyə ödənilməsini borcludan tələb edir, əks halda inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı ilə hədələyir. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə ərizəni təmin etməmişdir. Borclunun həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının mənasından məlum olur ki, hazırda maddi imkanının olmadığını bildirən və bu əsasla qətnamənin hissə-hissə icra edilməsini xahiş edən borclu həmin dəlillərini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməlidir. Lakin borclu tərəfindən qeyd edilən halları təsdiq edə biləcək sübutlar məhkəmələrə təqdim edilməmişdir. Belə olan halda, MPM-nin 77.1-ci maddəsinə əsasən hesab edilməlidir ki, borclu tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyin mənasına görə, işə baxan məhkəmə nəzərə almalıdır ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Bu məsələ həll edilərkən təkcə borclunun deyil, tələbkarın da mənafeyini nəzərə alınmalıdır (qərarın 12-ci bəndi). Göründüyü kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Lakin qeyd edilən məsələlər həll edilərkən təkcə borclunun deyil, habelə tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Borclunun hissə-hissə ödəmək istədiyi borc, onun tərəfindən aylar üzrə alimentin ödənilməməsi nəticəsində yığılmışdır. Borclu xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsi ilə onun üzərinə qoyulmuş vəzifəni indiyədək icra etməmiş, hazırda da borcun bundan sonra hissə-hissə ödənilməsini xahiş edir. Məhkəmə hesab edir ki, borcun hissə-hissə ödənilməsi ilk növbədə aliment tutulması nəzərdə tutulan uşaqların mənafeyinə uyğun deyil. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi borclunun ərizəsini və qərardaddan verilmiş şikayətini təmin etməməkdə haqlı olmuşdur. Ərizənin və şikayətin təmin edilməsi üçün əsas yoxdur. Şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır. Odur ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: X1 verdiyi şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar