Məhkəmə qərarları › İş №8(103)-576/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-576/2020

29.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-576/2020 29.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi ilə, X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-788/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Tələbkar nümayəndəsi X6 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5667/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən (hakim Murad Məmmədov) cavabdeh X3 693 (altı yüz doxsan üç) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat tutularaq iddiaçı Tələbkar MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra 2(004)-5667/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən icraya yönəldilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bəxtiyar Babayev tərəfindən icra sənədi üzrə icra hərəkətlərinin dayandırılması və icra tədbirlərinin İcra haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-788/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (Sədrlik edən hakim Günay Axundova) ərizə təmin edilərək, Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bəxtiyar Babayev tərəfindən xx.xx.2019cu il tarixli, 2(004)-5667/2019 saylı icra sənədinin borclunun əmək haqqına yönəldilməsi qanunsuz hesab edilmiş, icra sənədi üzrə icra tədbirlərinin İcra haqqında Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinə müvafiq olaraq həyata keçirilməsi qərara alınmışdır. Tələbkar nümayəndəsi X6 həmin qərardaddan şikayət vermiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-788/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Tələbkar MMC-nin nümayəndəsi Yaşar Ağazadə şikayətini onunla əsaslandırmışdır ki, aşağıda göstərilənlərə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 788/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmənin mübahisələndirilən qərardadında borclunun əmək haqqına hansı məhkəmə qərarına əsasən yönəlmə edildiyi və həmin yönəltmənin neçə faizlə həyata keçirilməsi görünmür. Belə məlum olur ki, birinci instansiya məhkəməsi borclu istinad etdiyi hallarla bağlı sübutlar təqdim etmədiyi halda, ərizənin təmin edilməsi barədə qərardad qəbul edib. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin qanunun 65.2-ci maddəsinə əsasən tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Həmin qanunun 65.3-cü maddəsinə əsasən alimenllərin tutulması, zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi alimentlə bağlı icra sənədinin də yönəldildiyi əmək haqqından tutulmanın miqdarının 70 faizə qədər olmasının mümkünlüyünü nəzərə almamışdır. Bundan başqa, icra məmurunun hərəkətləri barədə şikayətə baxılması ümumi məhkəmənin səlahiyyətlərinə aid deyil. Şikayətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-788/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında X2 ərizəsində göstərilənlərə uyğun izahat verərək, Tələbkar MMC-nin şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-788/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən şikayətə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Tələbkar MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası işə Tələbkar MMC-nin nümayəndəsinin iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-788/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bəxtiyar Babayev tərəfindən icra sənədi üzrə icra hərəkətlərinin dayandırılması və icra tədbirlərinin İcra haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq görülməsi barədə borclunun ərizəsinin təmin edilməsi nəticəsinə gəlmiş və bunu onunla əsaslandırmışdır ki, icra məmuru borclunun barəsində olan alimentin tutulması ilə bağlı digər icra sənədini nəzərə alaraq “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə müvafiq olaraq növbəlilik qaydasına əməl etməklə icra sənədi üzrə icra tədbirləri görməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərinə tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bəxtiyar Babayev tərəfindən icra sənədi üzrə icra hərəkətlərinin dayandırılması və icra tədbirlərinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq görülməsinə dair borclu Elşən Hümbətovun ərizəsinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan nəticəsini qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası verilmiş şikayətin dəlillərini və işin faktiki halını nəzərə alaraq ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası 129-cu maddəsinin İ bəndinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbiridir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 75.1-ci maddəsinə əsasən, borcludan tutulmuş pul məbləği icra sənədləri üzrə bütün tələblərin təmin edilməsi üçün yetərli olmadıqda, göstərilən məbləğ bu Qanunun 75.2-75.6-ci maddələri ilə müəyyən olunmuş növbəlilik qaydasında tələbkarlar arasında bölüşdürülür. Həmin Qanunun 75.2-ci maddəsinə əsasən, birinci növbədə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın, habelə ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üzrə tələblər təmin edilir. Həmin Qanunun 75.6-cı maddəsinə əsasən, bütün qalan tələblər beşinci növbədə təmin edilir. Bu zaman icra sənədlərinin daxil olma ardıcıllığı əsas götürülür. Həmin Qanunun 75.7-ci maddəsinə əsasən, hər sonrakı növbədən olan tələblər əvvəlki növbədən olan tələblər tam ödənildikdən sonra təmin edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qərardadlar qəbul edilərkən prosessual hüquq normalarına düzgün riayət edilmiş, birinci instansiya məhkəməsinin 8(004)-788/2020 saylı, xx xxxxxx 2020-ci və xx xxxxxx 2020-ci il tarixli qərardadları qanuni və əsaslıdır. Bu baxımdan Tələbkar nümayəndəsi X6 tərəfindən verilmiş şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədəqərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız apelyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Tələbkar nümayəndəsi X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-788/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar