Məhkəmə qərarları › İş №8(103)-578/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-578/2025

17.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-578/2025 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, 8(006)-259/2025 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 may 2025-ci il tarixli qərardaddan Borclu verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimatla Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, həmin icra sənədi üzrə borclu olan Borclu məxsus **-EC-*** dövlət qeydiyyat nişanlı “Fiat 500 Abarth” markalı avtomobilin üzərinə həbs qoyulması və yerinin müəyyən edilərək müvəqqəti saxlama duracağına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025ci il tarixli icra sənədinə əsasən Tələbkar məxsus əşyalar (əşyaların dəqiq siyahısı təqdimatda tam olaraq qeyd edilmişdir), əşyalar olmadıqda isə onların dəyərini təşkil edən 83.522,69 manat məbləğində pul Borclu alınaraq tələbkara verilməli idi. İcra sənədi xx.xx.2025-ci il tarixdə Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq bildirişlə bərabər icra sənədi üzrə Borclu göndərilmiş, lakin borclu, könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün icra məmuru tərəfindən borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədilə elektron sistem vasitəsilə sorğular edilmiş və məlum olmuşdur ki, borcluya məxsus olan “Fiat 500 Abarth” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə borcluya məxsus həmin avtomobilin üzərinə məhdudiyyət qoyulması (özgəninkiləşdirilməsinin qadağan edilməsi) qərara alınmışdır. Bundan sonra borclu İcra Şöbəsində izahat verərək bildirmişdir ki, icra sənədinə əsasən ondan alınaraq tələbkara verilməli əmlaklar ona məxsus olmuş və Bakı şəhəri, Babək prospekti, 10C saylı evin 24 saylı mənzildədir. O həmin mənzili xx.xx.2021-ci il tarixdə X1. Mənzili satmamışdan əvvəl o, tələbkara zəng edərək, mənzili satmaq niyyətində olmasını demiş və əşyalarını mənzildən götürməyi təklif etmişdir. Tələbkar onun təklifini rədd edərək, əmlakların saxlanca təhvil verilməsini ona təklif etmişdir. O da tələbkarın təklifini rədd etmişdir ki, çünki əks halda tələbkar, əmlakların zədələnməsini və ya məhv edilməsini bəhanə edərək, ona qarşı yeni iddialar irəli sürə bilərdi. Həmin əmlaklar hazırda da, həmin mənzildədir və tələbkar istədiyi vaxt mənzilin yeni mülkiyyətçisinə müraciət edərək, onları götürə bilər. X7 həmin əşyaları tələbkara verməzsə, onda o (borclu) özünə məxsus torpaq sahəsini və avtomobili sataraq icra vərəqəsini icra edəcəkdir. Beləliklə də, müəyyən edilir ki, borclu, yuxarıda qeyd edilən icra sənədinin icrasından yayınır. Təqdimata baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə təqdimatın təmin edilməsini qərara almışdır. Borclu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Əsasları borclunun İcra Şöbəsinə verdiyi izahatın əsasları ilə eynilik təşkil edən şikayətdə əlavə olaraq göstərilmişdir ki, iş üzrə borclu özünə məxsus mənzili İlqar Nəcəfova satarkən, icra sənədində qeyd edilən və tələbkara verilməli olan əşyaları İlqar Nəcəfova satmamışdır. Buna baxmayaraq İlqar Nəcəfov həmin əşyalarını tələbkara verməkdən imtina edir və onu (borclunu) mənzilə buraxmır. Buna görə də borclu, İlqar Nəcəfova qarşı iddia ərizəsi ilə Pirallahı Rayon Məhkəməsinə müraciət edərək, həmin əşyaların İlqar Nəcəfovdan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətə baxaraq hesab edir ki, şikayət əsassızdır və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdimatda qeyd edilən və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Tələbkar məxsus əşyaların (əşyaların dəqiq siyahısı təqdimatda tam olaraq qeyd edilmişdir), əşyalar olmadıqda isə onların dəyərini təşkil edən cəmi 83.522,69 manat məbləğində pulun Borclu alınaraq tələbkara verilməsi, həmin icra sənədinin borclu tərəfindən icra edilməməsi işin mübahisəsiz halıdır və iş üzrə tərəflər bu halı mübahisələndirmirlər. Lakin iş üzrə borlu bunu onunla izah edir ki, əvvəllər ona məxsus mənzili ondan satın almış X4 həmin mənzildə yerləşən həmin əşyaları qaytarmaq istəmir və buna görə də, o, İlqar Nəcəfova qarşı iddia ərizəsi ilə Pirallahı Rayon Məhkəməsinə müraciət edərək, həmin əşyaların İlqar Nəcəfovdan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, qeyd edilən həmin iddiaya dair 2(094)-208/2025 saylı mülki iş üzrə Pirallahı Rayon Məhkəməsinin qəbul etdiyi iddianın təmin edilməməsi barədə xx.xx.2025ci il tarixli qətnamədən Borclu verdiyi apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qətnamə (iş № 2(103)-5116/2025) təmin edilməməsini və həmin qətnamənin qanuni qüvvəyə minməməsini nəzərə alaraq hazırkı iş üzrə icraatı dayandırmışdır. Daha sonra müəyyən edilmişdir ki, həmin qətnamədən Borclu verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2026-cı il tarixli qərarla (iş № 2(102)-3914/2025) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli həmin qətnaməsini dəyişdirmədən saxlamışdır. Qeyd edilən mülki iş üzrə qəbul edilmiş və qanunu qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki. hazırkı iş üzrə Borclu yuxarıda qeyd edilən icra sənədində göstərilən və hazırkı iş üzrə tələbkar olan Tələbkar verilməli olan əmlakları İlqar Nəcəfova mənzillə birlikdə satmışdır. Bunu nəzərə alan Məhkəmə bildirir ki, qanuni qüvvəyə minmiş həmin məhkəmə aktları ilə müəyyən edilmiş hal hazırkı iş üzrə preyudisial xarakter daşıyır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 82.3-ci maddəsinin tələbinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, göstərilənlərə əsasən müəyyən edilir ki, hazırkı iş üzrə Borclu yuxarıda qeyd edilən icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə aktının icrasından qəsdən yayınır ki, bu da yolverilməzdir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. MPM-in 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş aktları bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad qanuni, əsaslı və işin hallarına uyğundur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun “Tələbin borclunun əmlakına yönəldilməsi” adlanan 4-cü Fəslinin mənasına görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir (maddə 45.1.). Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir (maddə 45.6.). Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur (maddə 50.2.). Odur ki, göstərilənləri nəzərə alan və MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Borclu şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar