Məhkəmə qərarları › İş №8(103)-585/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-585/2020

28.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-585/2020 28.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahvediyev Fuad Zahir oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin icra məmurunun Borclu məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatına baxılması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(011)-402/2020 saylı qərardadından tələbkar Bank “xxxx” ASC-nin şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon İcra və robasiya Şöbəsinin icra məmuru Ceyhun Həmidov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan “Ford Transit” yük markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 1864/2016 nömrəli xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu və X1 447,95 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu müştərək qaydada tutularaq tələbkar Bank "xxxx” ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Xətai Rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu və X2 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu ödəniş etməmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Ford Transit” yük markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(011)-402/2020 saylı qərardadı ilə təqdimat təmin edilməmişdir. Hazırda tələbkar həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini və təqdimatın təmin edilməsini xahiş etmişdir. Şikayətə görə qərardad qanunsuz və əsassızdır. Qərardaddan verilmiş şikayət məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələr) məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, icra sənədinə əsasən borclular Borclu və X1 447,95 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu müştərək qaydada tutularaq tələbkar Bank "xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Xətai rayon İcra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2018-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, təqdimata əsasən məcburi icra tədbirinin tətbiq edilməsi üçün “İcra haqqında” Qanunla müəyyən edilmiş əsaslar mövcud deyildir, digər tərəfdən, qanunvericiliyin tələblərinə əsasən icra məmuru tərəfindən hazırki təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun banklarda və digər kredit təşkilatlarında hesablarının və əmanətlərinin olub-olmamasının müəyyən edilməsi üçün bütün zəruri tədbirlərin görüldüyü də müəyyən edilmir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti doğrudur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərinin siyahısına daxil edilmişdir. Həmin Qanunun 44.1-ci maddəsi ilə məcburi icra tədbirlərinin tətbiqinin əsasları müəyyən edilmişdir. Belə ki, məcburi icra tədbirinin tətbiqi üçün bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədi icra məmuruna təqdim olunmalı, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilməli və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçməlidir. “İcra haqqında Qanunun 44.2-ci maddəsinə əsasən isə yuxarıda qeyd edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Göründüyü kimi, məcburi icra tədbirinin tətbiqi üçün icra məmuru tərəfindən ilk öncə icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edilməli, bu barədə borcluya bildiriş təqdim edilməli və icra məmuru tərəfindən müəyyən edilmiş müddət keçməli idi. İş materiallarında borcluya ünvanlanmış tələbin könüllü icrası haqqında bildirişin surəti olsa da, həmin bildirişin borcluya çatdırılıb-çatdırılmamasını təsdiq edən hər hansı sənəd əlavə edilməmiş, nə də hazırki təqdimata birinci və apelyasiya instansiyaları məhkəmələrində baxılarkən təqdim olunmamışdır. Belə olan halda, borclu tərəfindən bildirişin alınıb-alınmaması, könüllü icra üçün müəyyən edilmiş müddətin keçməsi kimi halları müəyyən etmək mümkün deyildir. “İcra haqqında Qanunun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Hazırda isə icra məmuru tərəfindən qeyd olunan halların araşdırılması məqsədi ilə zəruri tədbirlərin həyata keçirilməsi müəyyən edilmir, görünən odur ki, kifayət qədər araşdırma aparılmadan birbaşa təqdimatla məhkəməyə müraciət edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri əsaslı deyil, formal xarakter daşıyır və mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(011)-402/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar