Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-585/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 8(006)- 385/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli icra sənədinə əsasən, Borclu 13.11.2017-ci il tarixli kredit müqaviləsi üzrə 160000 ABŞ dolları (tutulduğu andan Azərbaycan Respublikası Mərkəzi Bnakı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), habelə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru 08.09.2021-ci il tarixdə təqdimatla müraciət edərək, borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, icra sənədi üzrə 05.05.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən olunmuş 10 gün müddətində tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclunun icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, lakin edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, icra şöbəsinə gəlməkdən boyun qaçırmış, bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 8(006)- 385/2021 saylı qərardadı ilə (hakim Rəşid Səmədov) təqdimat təmin olunmuşdur. Borclu həmin qərardaddan şikayət verərək, onun ləğv, təqdimatın isə rədd olunmasını xahiş etmiş və şikayətini məhkəmə iclası barədə məlumatlandırılmaması, təqdimatın qərəzli və formal olması, dəfələrlə icra məmurunun qəbulunda olması və s. kimi əsaslandırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 8(006)- 385/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi, şəxs barəsində məcburi gətirilmə tədbirinin tətbiq oluna bilməsi üçün əsas şərt onun icra məmurunun çağırışlarına heç bir üzrlü səbəb olmadan gəlməməsidir. Birinci instansiya məhkəməsi təqdimatı təmin edərkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, iş materiallarından görünür ki, borclu tələbin könüllü icra olunması haqqında xəbərdar olunsa da, tələbin icrasını könüllü olaraq yerinə yetirməmiş, icra məmurunun çağırışına gəlməmişdir. Məhkəmə kollegiyası, rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq hesab edir ki, hazırkı məqamda borclunun məcburi gətirilməsi üçün kifayət qədər əsaslar yoxdur. Belə ki, icra məmuru tərəfindən borclunun yaşayış yerinə rəsmi məktublar (tələbin könüllü icrası haqqında bildiriş, xəbərdarlıq və s.) göndərilməklə və ya hər hansı digər qaydada çağırılması və onun üzrsüz səbəbdən icra şöbəsinə gəlməməsi ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunmalıdır ki, iş materiallarına tələbin könüllü icrası haqqında bildiriş, xəbərdarlıq məktubu, məcburi gətirilmə barədə icra məmurunun qərarı əlavə olunsa da, onların borcluya çatdırılması barədə sübutlar təqdim olunmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iş üzrə tərəflərin iştirakını təmin etmədən (işə məhkəmə iclasının yeri və vaxtı barədə məktub tikilsə də onun göndərilməsi barədə sübutlar yoxdur), eyni zamanda icra işinin materiallarını tələb etməklə bu hallar üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan yalnız formal mülahizələrlə borclunun məcburi gətirilməsi barədə qərar qəbul etmişdir. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin təqdimata tərəflərin iştirakı (tələbkarın, borclunun, icra məmurunun) təmin olunmadan baxması prosessual hüquq normalarının tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Çünki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (MPM-in 9-cu maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi «X2rşı» (21 fevral 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. MPM-in 387.2 və 387.2.2-ci maddəsinin tələbinə görə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təqimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən yuxarıda göstərilən bu və digər hallar işdə iştirak edən şəxslərin və icra məmurunun iştirakı ilə (icra işinə baxış keçirilməklə) tam, hərtərəfli və obyektiv araşdırılmalı, nəticəyə uyğun olaraq əsaslandırılmış qərardad qəbul edilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 8(006)-385/2021 saylı qərardadı ləğv edilsin və iş təqimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-585/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-585/2021
16.11.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver