Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-586/2020 29.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlundan və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ərizəçi X2 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrasının dayandırılması və həmin icra sənədinin hissə-hissə icrasına icazə verilməsinə dair X2 ərizəsi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X5 ilə “xxxx” BOKT ASC arasında bağlanılmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi; X1 “xxxx” BOKT ASC-nin xeyrinə xx.xx.2018-cı il tarixə yaranmış cəmi 23550 ABŞ dolları məbləğində pulun tutulması; X1 tutulacaq pul məbləğinin ipoteka ilə yüklü edilmiş və X3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 130 000 (yüz otuz min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin X4 qaytarılması, Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzilinin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması və X3 əşyaları ilə birlikdə həmin əmlakdan çıxarılması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə mənzilin ilkin satış qiymətinin 130 000 manat müəyyən edilməsi hissəsində dəyişdirilmiş, mənzilin ilkin satış qiymətinin 162 000 manat müəyyən edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasının dayandırılması və qətnamənin hissə-hissə icrasına icazə verilməsi barədə Leyla Zalıyevanın ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan şikayət verən Leyla Zalıyeva məhkəmənin işi düzgün araşdırmadığını, borcu birdəfəyə ödəmək imkanlarının olmadığını nəzərə almadığını irəli sürmüşdür. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, işə baxılmasının vaxtı və yeri haqqında məlumatlandırılmış tələbkar isə nümayəndəsini məhkəməyə göndərməmişdir. Məhkəmə kollegiyası ərizə üzrə toplanmış materialı tədqiq edərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən MPM-in 231.1-ci maddəsinin məzmununa əsasən bu, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmişdir. “İpoteka haqqında” Qanunun 39.4-cü maddəsinə əsasən, tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır. Həmin Qanunun 39.5-ci maddəsinə görə isə, bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. İş materiallarından görünür ki, tələbkar “xxxx” BOKT ASC (ipoteka saxlayan) qətnamənin icrasının təxirə salınmasına, yaxud onun hissə-hissə icrasına icazə verilməsinə etiraz etmişdir; qanunvericiliyin yuxarıda istinad olunan normalarından isə aydın olur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı olan məhkəmə qətnaməsinin icrasının ipoteka saxlayanın razılığı olmadan təxirə salınması, yaxud onun hissə-hissə icrasına icazə verilməsi iki əsasın mövcudluğu – ipoteka predmetinin ipoteka qoyanın yeganə yaşayış yeri olması və onun digər yerdə yaşamasının imkansızlığı; bununla bağlı ipoteka qoyanın vəsatətinin zəruriliyi - ilə şərtləndirilmişdir. Kollegiya ilk növdədə qeyd edir ki, Leyla Zalıyeva ipoteka qoyan olmadığından, onun hazırkı apellyasiya baxışının predmeti olan ərizəsi “İpoteka haqqında” Qanunun 39.4-cü maddəsinin tətbiqinə əsas yarada bilməz; həmçinin nəzərə almaq lazımdır ki, qətnamənin icrasına möhlət verilməsi müstəsna haldır və ilk növbədə borclu barəsində yaranmış əlverişsiz hallarla əlaqədar tətbiq edilir. Həmin prosessual hüquq institutunu tənzimləyən MPM-in 231.1-ci maddəsinin məzmununa əsasən icraya möhlət vermə, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmişdir və xüsusilə, bunu xahiş edən şəxsin əmlak vəziyyətinin icraya maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılıdır. Hazırki halda isə sübutetmə yükünün onların üzərində olmasına baxmayaraq ərizəçi maddi imkanlarının aşağı olduğuna dair hər hansı sübut təqdim etməmişdir. Ərizəçinin, qətnamənin hissə-hissə icrasına icazə verilməsi xahişi ilə bağlı isə kollegiya qeyd edir ki, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, borclunun təklif etdiyi icra qaydası həmin meyara cavab verməməklə icra sənədinin təxminən 6 il ərzində icra olunması mənasına gəlir; bunu isə, qətnamənin qəbulundan keçən vaxt da nəzərə alındığında, ağlabatan müddət kimi qəbul etmək mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-325/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov İlqar Murquzov
Məhkəmə qərarları › İş №8(103)-586/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-586/2020
29.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver