Məhkəmə qərarları › İş №8(103)-59/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-59/2021

09.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-59/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Tələbkar və onun vəkili X1, Borclu iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Borclu oğlu tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Rəhimov Borclu məxsus ünvan 1 ünvanın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-335/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu oğlundan hər ay iki azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün əmək haqqının 1/3 miqdarında alimentin tutularaq Tələbkar ödənilməlidir. Həmin icra sənədi xx.xx.2018-ci il tarixdə icra olunması üçün Xətai rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədin icrası barədə borcluya bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq hazırki vaxta qədər icra təmin edilməmişdir. Verilmiş könüllü müddət ərzində Borclu oğlu tərəfindən icra sənədi təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə elektron sistem vasitəsi ilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu məxsus ünvan 1 aşkar edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(011)-280/2020 saylı qərardadı ilə təqdimat təmin edilərək, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)- 335/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası məqsədilə Borclu məxsus Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 37 saylı evin, 74 mənzilinin üzərinə həbsin qoyulması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Borclu şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 37 saylı evin, 74 saylı mənzili onun yeganə mülkiyyəti və yaşayış sahəsidir. Onun başqa evi və ya mənzili yoxdur. Həmin mənzil 3 otaqdan ibarətdir, onun aliment üzrə borcu isə 2700 manat təşkil edir. Borcun yaranma səbəbi isə onun 18 ay həbsdə qalması olmuşdur. Həbsdən azad olunandan iş yeri tapa bilməmişdir. Həbsə girməmişdən əvvəl qətnamə ilə təyin edilmiş alimentin məbləğini vaxtı-vaxtında ödəyirdi. Bu səbəbdən hesab edir ki, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 8(011)-280/2020 saylı qərardadı ləğv edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Borclu oğlu şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Tələbkar və onun vəkili X2 şikayəti əsassız hesab edərək, təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, şikayəti mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitələri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə görə tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə kollegiyası qeyd edir ki, borclu üzərinə həbs qoyulmuş mənzilin onun tək yaşayış yeri olduğunu bildirsə də, iş materiallarına əlavə edilmiş elektron məlumat bazasından çıxarışa əsasən müəyyən edilir ki, məhkəmənin qərardadı ilə üzərinə həbs qoyulmuş mənzildən başqa borcluya məxsus Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 41 saylı evin 26 saylı mənzili və Masallı rayonu, Mollahəsənli kəndində yerləşən 0,600010 ha torpaq sahəsi vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə kollegiyası qanunvericiliyin də tələblərini əsas götürərək hesab edir ki, borcluya rəsmi bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, bununla da məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar