Məhkəmə qərarları › İş №8(103)-595/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-595/2021

17.11.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-595/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, X1, X2, Borclunun hüquqi varisi Borclu nümayəndəsi X5 iştirakları ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-592/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərardadından Borclu şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: X3 ərizə ilə məhkəməyə müraciət edərək Yasamal rayon məhkəməsinin 2(004)- 3194/2019 saylı, 20 may 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmurunun 13 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icra edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yasamal rayon məhkəməsinin 2(004)-3194/2019 saylı, 20 may 2019-cu il tarixli qətnaməsi ilə onun X10 qarşı iddiası təmin edilərək onun uşaqları ilə birlikdə Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən 15 Q nömrəli evə köçürülməsi qət edilmişdir. Qətnamə icraya yönəldilmiş, qətnamə icra edilərək o övladları ilə evə köçürülmüşdür. Bununla əlaqədar icra məmuru tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmışdır. Lakin qətnamə icra edildikdən sonra o və onun övladları X8 hüquqi varisi Borclu tərəfindən evdən çıxarılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-592/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərardadı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X16 rayon məhkəməsinin 2(004)-3194/2019 saylı, 20 may 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə 13 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və Yasamal rayon məhkəməsinin 2(004)-3194/2019 saylı, 20 may 2019-cu il tarixli icra sənədi üzrə icraatın təzələnməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tələbkarın ərizəsində qeyd olunmuş mənzil 19.05.2020-ci il tarixdə X9 və Borclu arasında alqı-satqı müqaviləsi bağlanaraq ünvan 1 ünvan X4 mülkiyyətinə keçmişdir. Hal-hazırda həmin ünvana heç bir hüququ yoxdur. Proses müddətində həmin mənzilin onun mülkiyyətində olmaması ilə bağlı olan sənədləri çatdırıb təqdim edə bilmədiyinə görə həmin sənədləri şikayətə əlavə etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-592/2021 saylı, 25 oktyabr 2021ci il tarixli qərardadı ilə şikayət təmin ediməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən borclunun hüquqi varisi Borclu nümayəndəsi X11 şikayətin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, tələbkar T.Mehdiyeva mərhum atası – A.Zərbəliyevlə qeyri-rəsmi nikahda olmuşlar. Məhkəmə qətnaməsi ilə T.Mehdiyevaya mübahisəli evə dair istifadə hüququ verilmişdir, həmin işə dair Ali Məhkəmə də qərar qəbul etmiş və iş T.Mehdiyevanın xeyrinə yekunlaşmışdır. Halhazırda həmin evdə başqa şəxs yaşayır. Hesab edir ki, Yasamal rayon məhkəməsinin 2(004)-3194/2019 saylı, 20 may 2019-cu il tarixli icra sənədi yenidən icraya yönəlməməlidir. Məhkəmə iclasında iştirak edən X3 şikayətin dəlillərinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, mübahisəli evdə 2005-ci ildən yaşamışdır, həmin evi mərhum həyat yoldaşı ilə birlikdə tikdirmişlər. Hal-hazırda borclular tərəfindən həmin evə köçürülməsinə manelər yaradılır. Məhkəmə iclasında iştirak edən tələbkar X13 şikayətin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı X12 cavabdeh X10 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onun uşaqları ilə birlikdə Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən 15 Q nömrəli evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2(004)-3194/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 avqust 2019-cu il tarixli, 2(103)- 10488/19 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2(004)-3194/19 nömrəli qətnaməsi cavabdeh X8 apellyasiya şikayəti üzrə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Borclu kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2430/2021 saylı, 19 may 2021-ci il tarixli qərarı ilə təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 10488/2019 nömrəli iş üzrə 09 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin faktiki halları ilə həmçinin müəyyən edilir ki, X12 qeyd olunan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2(004)-3194/2019 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən 15 Q nömrəli evə köçürülsə də hazırda X6 həmin evə yaşamasına manelər yaradılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinə əsasən tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. Borclu tələbkarın köçürülməsi haqqında icra sənədinin icrasına mane olduqda, icra hərəkətləri hal şahidlərinin iştirakı ilə həyata keçirilir, habelə icra məmuru müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət etmək hüququna malikdir. Tələbkarın yaşamasına (olmasına) borclu tərəfindən maneçilik törədildikdə, icra məmuru bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsindən maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. Tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Göründüyü kimi tələbkar Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən 15 Q nömrəli evə köçürülsə də tələbkarın həmin evdə yaşamasına borclunun hüquqi varisi tərəfindən maneçilik törədilmişdir, bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tələbarın ərizəsini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, borclunun hüquqi varisi Borclu mübahisəli evin satılmasına istinad etsə də, tələbkara həmin evdə yaşamasının məhz başqa şəxslər tərəfindən maneçilik törədilməsi barədə hər hansı sübut təqdim etməmişdir. Beləliklə, iş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-592/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-592/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar