Məhkəmə qərarları › İş №8(103)-6/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-6/2025

06.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-6/2025 06.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(004)-529/2024 saylı qərardadından X1nın verdiyi şikayəti üzrə (açar sözlər: qətnamənin hissə-hissə icra olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(004)-529/2024 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü 2024-cü il tarixli, 2(004)- 4310/2024 saylı qətnaməsi ilə iddiaçı Tələbkar ASC-nin cavabdeh X5 qarşı “kredit tələbinə dair” iddia ərizəsi təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli, 368312-CNS44669 saylı kredit müqaviləsi üzrə 22330,29 manat əsas borc, 167,08 manat faiz borcu, 647,10 manat cərimə olmaqla, cəmi 23144,47 manat borcun və 165,37 manat dövlət rüsumunun tutulması qət edilmişdir. X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü 2024-cü il tarixli, 2(004)-4310/2024 saylı qətnaməsinin hər ay 200 manat olmaqla hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü 2024-cü il tarixli, e-2(004)-4310/2024 saylı qətnaməsi ilə iddiaçı Tələbkar ASC-nin cavabdeh X5 qarşı “kredit tələbinə dair” iddia ərizəsi təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli, 368312-CNS44669 saylı kredit müqaviləsi üzrə 22330,29 manat əsas borc, 167,08 manat faiz borcu, 647,10 manat cərimə olmaqla, cəmi 23144,47 manat borcun və 165,37 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Bildirmişdir ki, Tələbkar ASC aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, 368312- CNS44669 saylı kredit müqaviləsi üzrə ödənişləri vaxtı-vaxtında həyata keçirmişdir. Yalnız, yay tətili ilə bağlı yaranmış maddi çətinliklərlə əlaqədar olaraq ödənişlərdə 3 ay gecikmə yaranmışdır. Buna baxmayaraq, bankın xəbərdarlığından sonra qohumlarının köməyi ilə yaranmış borc məbləğini ödəməklə gecikməni aradan qaldırmışdır. Bank gecikmə aradan qaldırıldıqdan sonra qrafik üzrə ödəmələrin davam edəcəyini bildirməsinə baxmayaraq, verdiyi sözə əməl etməyərək, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən müvafiq qərar qəbul edilərək icraya yönəldilmişdir. O, borcunu ödəməkdən imtina etmir. Lakin qət olunan borcu bir dəfəyə ödəmək imkanı yoxdur. Belə ki, onun tələbkar bankdan başqa da kredit öhdəlikləri var və tərəfindən ödənişlər həyata keçirilir. Belə ki, "xxxx" ASC ilə bağlanmış xx.xx.2024-cü il tarixli, GTKR0911917B299 saylı kredit müqaviləsinə əsasən 59 ay müddətinə, illik 22 faiz ödəmək şərti ilə 11956,44 manat kredit almış və hər ay 400,72 manat kredit ödəyir. İki övladı ilə birikdə kirayə mənzildə yaşayır və aylıq 550 manat kirayə haqqı ödəyir. Oğlu fərdi əməklə məşğuldur. Aylıq gəliri 500 manat civarındadır. Qızı tələbədir, işləmir. Özü Bakı İncəsənət Gimnaziyasında ingilis dili müəllimi işləyir. Aylıq maaşı hazırda 1320 (artımla birlikdə 1654,95 AZN olacaq) manat təşkil edir. Göründüyü kimi, qazancının 80 faizi kredit ödənişlərinə sərf olunur. Başqa heç bir gəlir yeri, mülkiyyətində avtomobil və ya daşınmaz əmlakı yoxdur. Məhkəmə iclasında X1 ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, əvvəllər borc məbləğini vaxtı-vaxtında ödəmiş, sonradan anasının səhhəti ilə əlaqədar ödənişdə gecikmələr olmuş, daha sonra banka yaxınlaşaraq 2000 manat ödəniş etmiş və bank tərəfindən məhkəməyə müraciət edilməyəcəyi bildirilsə də, iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Hal-hazırda kirayədə yaşayır, müəllimə işləyir, aldığı əmək haqqı borca çıxılarsa yaşayış üçün vəsaiti qalmır. Ən çoxu hər ay 300 manat ödəniş edə bilər. Həmçinin sədrlik edənin sualına cavab olaraq qeyd etmişdir ki, icra sənədi üzrə ödəniş etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(004)-529/2024 nömrəli qərardadı ilə X1nın Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü 2024-cü il tarixli, 2(004)-4310/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4310/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, cavabdeh X2 xx.xx.2023-cü il tarixli, 368312-CNS-44669 saylı kredit müqaviləsi üzrə 22330,29 manat əsas borc, 167,08 manat faiz borcu, 647,10 manat cərimə olmaqla, ümumilikdə 23144,47 (iyirmi üç min yüz qırx dörd manat qırx yeddi qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 165,37 (yüz altmış beş manat otuz yeddi qəpik) manat məbləğində pulun iddiaçı Tələbkar ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4310/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi ilə tutulması müəyyən edilən məbləğin hər ay 200 manat olmaqla hissə-hissə icra edilməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Eyni zamanda, borclu şəxsin icra sənədi üzrə borcun hər ay 200-300 manat ödənilməsi qalıq məbləğin 6 ildən çox müddət ərzində ödənilməsi ilə nəticələnə bilər. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(004)-529/2024 nömrəli qərardadından narazı qalan X1 şikayət verərək qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, e-2(004)4310/2024 saylı qətnaməsi ilə iddiaçı Tələbkar ASC-nin cavabdeh X5 qarşı “kredit tələbinə dair” iddia ərizəsi təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli, 368312-CNS44669 saylı kredit müqaviləsi üzrə 22330,29 manat əsas borc, 167,08 manat faiz borcu, 647,10 manat cərimə olmaqla, cəmi 23144,47 manat borcun və 165,37 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, 8(004)-529/2024 saylı qərardadl ilə qətnamənin hissəhissə icrasına dair ərizəsi təmin edilməmişdir. Bank tərəfindən iddia ərizəsi verilməsi üçün əsas onun aylıq 600 manat ödənişi həyata keçirə bilməməsi olmuş və nəticə olaraq qeyd olunan qətnamə qəbul edilmişdir. Borclu qeyd etmişdir ki, aylıq 600 manat krediti ödəyə bilməyən şəxsin 23144 manat pul vəsaitini birdəfəlik ödəmək qabiliyyətinin olmamasını başa düşmək üçün alim olmaq lazım deyil. Lakin, hakim onun maliyyə vəziyyəti ilə bağlı bütün məlumatları əldə etmək imkanının olmasına baxmayaraq, sadəcə bir-iki qanun normasını sadalamaqla kifayətlənmiş, öz vəzifə borcunu yerinə yetirməmiş, nəticə olaraq, son dərəcə absurd qərar qəbul etmişdir. Əgər onun ayda 200-300 manat ödəməyi ilə kreditin ödənişi altı il uzanacaqdısa, birdəfəyə ödəmə halında bu ümumiyyətlə mümkün olmayacaqdır. Son nəticə də, tələb əmək haqqına yönəldilə bilər. Lakin, bu halda da, əmək haqqından ən çoxu 400 manat tutula bilər ki, bu da, ərizəsində və məhkəmə iclasında çıxışında göstəriləndən az fərqlənir. Borclu şikayətində qeyd edir ki, maddi vəziyyəti ilə bağlı məhkəməyə müvafiq məlumatların təqdim olunmasına baxmayaraq, məhkəmə tərəfindən heç bir araşdırılma aparılmadan, yalnız tələbkarın mənafeyi və mövqeyi nəzərə aılnmaqla, əsassız qərar qəbul edilmişdir. Həmçinin borclu şikayətdə bildirmişdir ki, digər kredit təşkilatlarına borcu barədə ərizədə göstərdikləri və aylıq 550 manat ödəməklə kirayədə 2 işsiz və tələbə övladı ilə yaşaması barədə məlumatlar araşdırılmamışdır. Belə ki, aylıq 600 manat civarında krediti ödəyə bilmədiyi üçün kreditorun vicdansız hərəkəti nəticəsində müvafiq məhkəmə qətnaməsi bəbul olunmuşdur. Borclu qeyd edir ki, onun heç bir halda qətnaməni bir dəfəyə icra etmək imkanı yoxdur. Həm onun, həm də kreditorun mənafeyi baxımından hazırki ərizənin təmin edilməsi bir zərurətdir. Təbii ki, icra prosesində tələb əmək haqqına yönəldilə bilər. Lakin, bu halda da, onun o işdə qalması üçün heç bir maddi marağı qalmayacaqdır. İşdən çıxacağı təqdirdə isə, görüləcək inzibati və digər tədbirlərə baxmayaraq, məhkəmə aktı icrasız qalacaqdır ki, bu da ilk növbədə tələbkarın mənafeyinə zərbə vuracaqdır. Ona görə də məhkəmə şikayət üzrə qərar qəbul edərkən bütün halları nəzərə alsa, hər iki tərəf üçün daha sərfəli olar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(004)-529/2024 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(004)-529/2024 nömrəli qərardadından X1nın verdiyi şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı Tələbkar ASC-nin etirazı onunla əsaslandırılmışdır ki, şikayətin nə hüquqi, nə də ki, faktiki baxımından heç bir əsası yoxdur və bu səbəbdən şikayət təmin oluna bilməz. İş materiallarından göründüyü kimi, borclu icra sənədi üzrə borcu könüllü ödənilməsindən aşkar şəkildə yayınır. Həmçinin, icra sənədi üzrə borcludan tutulacaq məbləğin kifayət qədər yüksək olduğunu, X1 tərəfindən icra sənədi üzrə ümumiyyətlə ödəniş etmədiyini, icra sənədi üzrə borcun hər ay 200 manat ödənilməklə icra müddətinin 116 ay (9 il 8 ay) müddətinə uzaldılması ilə nəticələnməsinə səbəb olacaqdır. Tələbkar hesab edir ki, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı, borclunun hissə-hissə ödədiyi məbləğ icra sənədi üzrə ümumi borc məbləğinə mütənasib olmalı və qətnamənin hissə-hissə icrası tələbkarın mənafeyini pozmamalıdır. Bu səbəbdən X1 tərəfindən verilən şikayət əsassızdır, ədalət mühakiməsinin həyata keçirilməsinin süni şəkildə qarşısını almaq məqsədini daşıyır. Göstərilənlərə əsasən hesab edilir ki, şikayətin heç bir hüquqi əsası yoxdur, şikayət tam əsassızdır, ona görə də, təmin oluna bilməz. Qeyd olunanları nəzərə alaraq Tələbkar ASC Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)-529/2024 saylı qərardadından X1 tərəfindən verilmiş şikayətin təmin olunmaması barədə qərardad qəbul edilməsi xahiş olunur. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. İcra haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı: Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. «Ali Məhkəmənin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarı: Bənd 6. Məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbul edilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin hissə-hissə icra edilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, qətnamənin hissə-hissə icra edilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Məhkəmələr bu məsələləri həll edərkən təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Bundan əlavə, qanunvericiliyin tələblərinə əsasən məhkəmə icra sənədinin vaxtında və düzgün icra edilməsinə öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4310/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi ilə tutulması müəyyən edilən məbləğin hər ay 200 manat olmaqla hissə-hissə icraya yönəldilməsi sonda tələbkarın məhkəmə aktının icrasını uzun müddət ərzində gözləməsi ilə nəticələnəcəyindən və tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olacağından ərizə təmin edilməməlidir. Kollegiya şikayətin dəlilləri ilə bağlı eyni zamanda qeyd edir ki, kirayədə yaşamasını, himayəsində övladlarının olmasını, digər öhdəliklərinin olmasını bilən borclu tələbkarla müqavilə bağlayarkən öz gəlirlərinin müntəzəm olmasına güvənib üzərinə yeni öhdəliklər götürdüyündən, hazırda tələbkarla icra sənədinin hissə-hissə icra edilməsinə dair qarşılıqlı razılığın olmasına dair sübutunu məhkəməyə təqdim etmədiyindən də, şikayətdə istinad olunanlar qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(004)-529/2024 qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar