Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-60/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 04 oktyabr 2019-cu il tarixli qərarının ləğv olunması və icra tədbirlərinin davam etdirilməsi barədə şikayətə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 04 oktyabr 2019-cu il tarixli qərarının ləğv olunması və icra tədbirlərinin davam etdirilməsi barədə şikayətə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 8(006)-350/2023 nömrəli qərardadından X3 tərəfindən apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Müstəqil tələb irəli sürməyən X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(006)-1410/2019 nömrəli icra sənədinin icraatına xitam verilməsi haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyevin 04 oktyabr 2019-cu il tarixli qərarının ləğv olunması haqqında qərar çıxarılması və icra tədbirlərinin davam etdirilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 noyabr 2023- cü il tarixli, 8(006)- 350/2023 nömrəli qərardadı ilə iş üzrə müstəqil tələb irəli sürməyən X1 şikayətinin təmin edilməməsi qərara alınmışdır.
3. X3 həmin qərardaddan şikayət vermiş, lakin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır.
4. X3 həmin qərardaddan şikayətlə məhkəməyə müraciət etmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 8(006)- 350/2023 nömrəli qərardadı ilə şikayət eyni əsasla geri qaytarılmışdır.
6. X3 bu qərardaddan da şikayətlə məhkəməyə müraciət etmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 8(006)- 350/2023 nömrəli qərardadına əsasən şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır; Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 361.1. Apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir; Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər;
9. Məhkəmə aktlarından verilən apellyasiya şikayətinin formasını müəyyən edən “Apellyasiya şikayətinin forması” adlı “Əlavə 2” (2 saylı Əlavə) “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və MPM-ə daxil edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. MPM-in 10-1.3-cü maddəsinin tələbinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə bütün sənədlərin, o cümlədən apellyasiya şikayətlərinin məhkəməyə göndərilməsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir və bu qaydadan istisna nəzərdə tutulmamışdır.
11. Hazırkı işdən müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2(006)-350/2023 nömrəli qərardadından X1 şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilməmişdir.
12. Halbuki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 15 iyul 2019-cu il tarixli, 17-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 3.2-ci bəndinə əsasən, İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.
13. MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
14. Lakin birinci instansiya məhkəməsi qanunun sözügedən tələblərini diqqətə almamış, MPM-in tələblərinə uyğun formada verilməyən şikayəti qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
15. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 8(006)- 350/2023 nömrəli qərardadından X1 apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev