Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-608/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, X2 Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Asəm Əhmədovun icra sənədi üzrə hərəkətsizliyindən şikayətinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 8(001)-535/2021 saylı qərardadından şikayətçi X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Asəm Əhmədovun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(001)-5836/2020 saylı icra sənədinin icrası ilə bağlı hərəkətsizliyindən şikayətlə məhkəməyə müraciət edərək icra məmurunun icra sənədinin tam icrasından imtina hərəkətlərinin əsassız hesab edilməsi və icra vərəqəsinin icrasının tam təmin edilməsinin icra şöbəsinin üzərinə vəzifə öhdəliyi kimi qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 8(001)- 535/2021 saylı qərardadına əsasən, şikayət təmin edilməmişdir. X3 məhkəmənin həmin qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ən azından icra məmurunu icra sənədinin icrasının bu günə kimi icra olunmamasını araşdırmalı olduğu halda, şikayətə dırnağarası münasibət göstərərək qərardad qəbul etmişdir. Halbuki məhkəmə öz aktının icrasında birbaşa maraqlı olmalıdır. Hətta Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.5-ci maddəsinin tələbinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmadıqda məhkəmə bir ay müddətində bununla bağlı cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 8(001)-535/2021 saylı qərardadına əsasən şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və şikayətə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(001)- 5836/2020 saylı icra sənədi üzrə icra işi materiallarının məhkəməyə təqdim olunması ilə bağlı sorğu ilə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə müraciət olunsa da, məhkəmə iclasınadək icra işi təqdim olmamış və iş üzrə araşdırma aparılmadan qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 44.3-cü maddəsinə əsaəsn icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildikdə və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə icra məmuru tədbirlərinin tətbiqinə yol verilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi şikayəti araşdırarkən icra işinin materiallarını araşdırmadan qərar qəbul etmişdir. Belə olan halda, şikayətə yenidən baxılarkən 2(001)-5836/2020 saylı icra sənədi üzrə icra işi tələb edilərək araşdırılmalı və şikayətə müvafiq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 8(001)-535/2021 saylı qərardadı ləğv edilsin. X1 şikayətinə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №8(103)-608/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-608/2021
30.11.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver