Məhkəmə qərarları › İş №8(103)-611/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-611/2021

06.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-611/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-731/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qərardadından Tələbkar BOKT ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli 2(011)-8137/2019 saylı qətnaməsi ilə cavabdeh X2 iddiaçı Tələbkar BOKT ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 58 saylı evin 75 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması, həmin mənzilin boşaldılması qət edilmişdir. X1 məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli 2(011)-8137/2019 saylı qətnaməsinin icrasına 6 ay möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-731/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8137/2019 saylı, 24 dekabr 2019-cu il tarixli qətnaməsinin icrasına 2 ay müddətində, yəni 22 noyabr 2021-ci il tarixədək möhlət verilməsi qərara alınmışdır. Tələbkar BOKT ASC şikayət verərək qərardadın ləğv edilməsi xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, mövcud şəraitdə "COVİD-19" virusuna qarşı həyata keçirilən tədbirlər insan hüquq və azadlıqlarının, xüsusilə şəxsin sərbəst hərəkət etmək hüququnun məhdudlaşdırılması ilə müşayiət olunmur. Müvafiq dövlət orqanlarının hal-hazırda müəyyən etdiyi məhdudiyyətlərin X3 qətnamənin icrasına möhlətin verilməsi üçün əsas hesab edilməsi ağlabatan deyildir. Qətnamənin çıxarılmasından 2 ilə yaxın vaxt keçmişdir. X3 bundan daha artıq müddətin verilməsi mümkün deyildir. Onun hazırki ərizəni verməkdə məqsədi qətnamənin icrasından yayınmaq və işi uzatmaqdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-731/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Birinci instansiya məhkəməsi ərizəni qismən təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazisində koronavirus qlobal pandemiyası ilə əlaqədar olaraq koronavirus xəstəliyinin yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət yaradılmış Operativ Qərargah tərəfindən koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri həyata keçirilmişdir. Ölkə ərazisində həyata keçirilmiş mübarizə tədbirləri vətəndaşların da bir sıra hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. İşin mövcud vəziyyətində X1nın ailə üzvləri ilə birlikdə mübahisəli mənzili tərk etməsi, özünə yeni mənzil axtarması imkanından məhrum olması nəzərə alınaraq bu hal məhkəmə tərəfindən müstəsna vəziyyət kimi qiymətləndirilir. Belə ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" 04.07.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas deyildir. Əvvəla ona görə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8137/2019 saylı, 24 dekabr 2019-cu il tarixli qətnaməsinin icrasına 2 ay müddətində, yəni 22 noyabr 2021-ci il tarixədək möhlət verilməsi müddəti artıq bitmişdir. Başqa sözlə, qərardadın ləğv edilməsinin yaxud edilməməsinin tələbkara heç bir təsiri olmayacaqdır. Çünki, qətnamənin icrasına konkret müddət göstərilməklə möhlət verilmiş, qeyd olunduğu kimi artıq həmin müddət də başa çatmışdır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Tələbkar BOKT ASC-nin şikayəti təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 731/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Tələbkar BOKT ASC-nin şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-731/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdiriləmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar