Məhkəmə qərarları › İş №8(103)-615/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-615/2021

30.11.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-615/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli 8(006)- 342/2021 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Tələbkar ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 icraata xitam verilməsi haqqında 04 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli 8(006)- 342/2021 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Tələbkar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli 8(006)-342/2021 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 may 2021-ci il tarixli 2(103)-972/2021 saylı qərardadı MPM-in tələblərinə zidd qəbul edilmişdir. Həmin qərardadla Apellyasiya Məhkəməsi birbaşa Ali Məhkəmənin sədrinin səlahiyyətlərini mənimsəmişdir. Həmin qərardaddan kassasiya şikayəti versələr də, qanunda kassasiya şikayətinin verilməsinin nəzərdə tutulmaması əsası ilə şikayət geri qaytarılmışdır. Lakin həmin vaxt MPM-ə edilən müvafiq dəyişikliklərlə bu hüquq tanınmışdır. MPM-in 402.2.2-ci maddəsinə və digər prosessual hüquq normalarına istinad edən tələbkar, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli 8(006)-342/2021 saylı qərardadının ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 8(006)- 342/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Azər Heydərov 02 iyul 2018-ci il tarixdə icraatına daxil olmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli 2(006)-208/2014 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə 04 iyun 2021-ci il tarixli qərar qəbul etmişdir. İcra məmuru qərarında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli 2(006)-208/2014 saylı icra sənədinin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 may 2021-ci il tarixli 2(103)-972/2021 saylı qərardadına əsasən ləğv edildiyinə əsaslanmışdır. İş materiallarından göründüyü kimi icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə qərarı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 may 2021-ci il tarixli 2(103)-972/2021 saylı qərardadı ilə ləğv edilərək, mülki iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və işə hazırda həmin məhkəmədə baxılmaqdadır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 may 2021-ci il tarixli 2(103)- 972/2021 saylı qərardadından şikayət verilməsi ilə bağlı qeyd edilməlidir ki, həmin qərardaddan şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır və bu hal qərardadın nəticə hissəsində qeyd edilmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 402.3-cü maddəsində birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi nəzərdə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 may 2021-ci il tarixli 2(103)- 972/2021 saylı qərardadı isə mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi ilə bağlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 20.1.4-cü maddəsinə əsasən, icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə icra sənədi üzrə icraata xitam verilir. Adı çəkilən Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. İş materiallarından görünür ki, icra sənədinin verilməsinə əsas olmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli 2(006)-208/2014 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti nəinki apellyasiya instansiyası məhkəməsinin icraatına qəbul olunmuş, hətta həmin işə baxılaraq qeyd olunan qətnamə ləğv olunmuş və iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Yəni icra sənədinin verilməsinə əsas olmuş məhkəmə aktı artıq mövcud deyil və buna görə də icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etməkdə və birinci instansiya məhkəməsi həmin qərardan verilən şikayəti təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Tələbkar şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli 8(006)- 342/2021 saylı qərardadı Tələbkar şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar