Məhkəmə qərarları › İş №8(103)-616/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-616/2025

14.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-616/2025 14.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” ilə bağlı iş üzrə (Açar sözlər: borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X5 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3995/2022 nömrəli icra sənədinin icrası ilə əlaqədar borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X4 təqdimatı üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)- 701/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları:

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 3995/2022 nömrəli icra vərəqəsindən müəyyən olunur ki, cavabdehlar Borclu, X1 ve "Azman” Mənzil Tikinti Kooperativindən müştərək qaydada cəmi 156.079,21 manat pul və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 444,11 manat pul iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir.

2. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata başlanılmış, xx.xx.2024-cü il tarixli, e44981/2024-53-14-004 nömrəli tələbin könüllü icrası haqqında bildirişə əsasən icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması borcluya təklif olunmuşdur. Borclu bildirişi və qərarı xx.xx.2024-cü il tarixdə imza etməklə qəbul etmişdir.

3. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli “borclunun əmlakının axtarılması” haqqında qərarına əsasən, Borclu "X11” minik markalı, **-GX-*** qeydiyyat nişanlı avtomobil barəsində axtarışın elan edilməsi, qərarın dərhal borcluya, tələbkara və informasiya sistemində müvafiq qeydiyyat aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinə göndərilməsi qərara alınmışdır.

4. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən, AZMAN MTK tərəfindən inşa edilmiş Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 576-cı məhəllədə yərləşən yasayış kompleksinin 2 saylı binasının A bloku, 5-ci mərtəbədə olan, 313 nömrəli, 1 otaqlı mənzilini xx.xx.2019-cu il tarixli müqavilə ilə almış Borclu sözügedən ünvanda yerləşən mənzildə faktiki olaraq yaşamır.

5. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli “borclunun axtarışı haqqında” qərarına əsasən, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilməsi və qərarın icra edilməsi üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə göndərilməsi qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

6. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X6 təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1979-cu il tarixdə anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir.

7. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixda icraatına daxil olmuş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3995/2022 nömrəli, xx.xx.2022ci il tarixli icrə vərəqəsinə əsasən üzrə borclular "AZMAN” MTK-dan və Borclu 156.523,32 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ödənilməlidir. İş üzrə Borclu xx.xx.2024-cü tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ila bağlı bildiriş göndərilməsinə,dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmanı məqsədə müvafiq hesab edir.

8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)- 701/2025 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3995/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu - xx.xx.1979-cu il tarixdə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

9. Borclu qərardaddan şikayət verərək onun ləğv edilməsini və təqdimatın rədd edilməsini xahiş etmişdir.

10. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3995/2022 saylı, 06 dekabr 2022-ci il tarixli icra sənədi ilə bağlı başlanmış icra icraatı barəsində məlumatı olmamış və icra məmuru tərəfindən ona tələbin könüllü icrası barədə 09 fevral 2024-cü il tarixli, e44981/2024-53-14-004 nömrəli bildiriş və 09 fevral 2024-cü il tarixli icraata başlamaq haqqında qərar 23 fevral 2024-cü il tarixdə imzalanmaqla təqdim olunmamışdır. Tələbin könüllü icrası barədə bildiriş ona rəsmi qaydada təqdim olunmadığı üçün barəsində icra məmuru tərəfindən hər hansı məcburi icra tədbiri həyata keçirməsi qanunsuzdur. Bundan başqa, icra məmuru tərəfindən Bakı Şəhəri Yasamal rayon İcra Şöbəsinin 27 aprel 2024-cü il tarixli “borclunun əmlakının axtarılması” haqqında qərarına əsasən, onun mülkiyyətində olan avtomobil barəsində axtarış verilmişdirsə onda, onun ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdıran əlavə tədbirin görülməsi barədə təqdimat qanunsuz olmuşdur.

11. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.

12. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

13. Tələbkar "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti şikayətə qarşı etiraz verərək şikayətin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 129. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

15. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.https://e-qanun.az/framework/1406 Maddə 84-1.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-701/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. Belə ki, iş materiallarından aydın olur ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3995/2022 nömrəli icra sənədinə əsasən Borclu, X1 ve "Azman” Mənzil Tikinti Kooperativindən müştərək qaydada ümumilikdə 156.079,21 manat pul və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 444,11 manat tələbkar "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə tutulmalıdır.

18. İşdən həmçinin görünür ki, borclu icra məmurunun icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarını və tələbin könüllü icrası haqqında bildirişi imza etməklə xx.xx.2024-cü il tarixdə qəbul etmişdir. Həmin sənədlərə əsasən borcluya 10 gün müddətində icranın könüllü olaraq təmin edilməsi təklif edilmişdir.

19. Lakin borclu tərəfindən icra sənədi üzrə heç bir ödəniş həyata keçirilməmişdir.

20. Borclu həmin sənədlərin ona rəsmi qaydada təqdim edilmədiyini bildirsə də, məhkəmə bu dəlili inandırıcı saymır. Belə ki, icra sənədinin verilməsinə əsas olmuş məhkəmə aktından borclunun məlumatsız olması ağlabatan deyil. Həmçinin, borcluya məxsus nəqliyyat vasitəsinin axtarışda olması hazırki təqdimatın təmin edilməməsi üçün əsas deyil.

21. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-701/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar