Məhkəmə qərarları › İş №8(103)-62/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-62/2023

06.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-62/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Borclu "xxxx" MMC-nin qətnamənin icrasına möhlət verilməsinə dair ərizəsi üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(004)-78/2023 saylı qərardadından borclunun tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Borclu "xxxx" MMC Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-810/2021 saylı icra sənədi üzrə əmlak vəziyyətinin nəzərə alınaraq qətnamənin icrasına 1 il möhlət verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(004)-78/2023 saylı qərardadı ilə ərizənin geri qaytarılması qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, məhkəmə qanunu düzgün əsaslandırmadan subyektiv mülahizə əsasında qərar qəbul etmişdir. Məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi iddia ərizəsinin formasına aiddir. Belə ki, həmin maddənin adı da “iddia ərizəsinin forması və məzmunudur.” Qeyd olunan normanı hər hansısa (o cümlədən icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə ödənilməsi) ərizəyə deyil, sırf iddia ərizəsi üçün imperativ xarakter daşıyır. Məhkəmənin qeyd olunan mövqeyini nəzərə alında, o zaman Respublika ərazisində hər kəs mülki-prosessual qanunvericilikdə nəzərədə tutulmuş bütün ərizələri yuxarıda qeyd olunan 149-cu maddəyə uyğunlaşdırmalıdır. Bundan başqa, ərizədə ünvan, telefon kimi rekvizitlərin göstərilməməsinin səbəbi artıq həmin məhkəmə tərəfindən bu işə baxılması, işin sistem vasitəsi ilə tapılmasıdır. Bununla da, ərizəni yeni hakimə vermək və ona yeni nömrə verib iddia ərizəsi formasına gətirmək lüzumu da qalmazdı. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və şikayətə dair etiraz və ona əlavə edilmiş sənədlərin təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər etiraz və ona əlavə edilmiş sənədləri, həmçinin işə məhkəmə iclasında baxılması barədə vəsatətlərini məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və növbəti prosessual hərəkətlərin həyata keçirilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, ərizənin formasına və məzmununa dair tələblərə əməl edilməmiş və ərizəçinin icra sənədi üzrə hüquqi statusu, onun borclu və ya tələbkar olması, tərəf olması və ya maraqlı şəxs olması, həmçinin borclu və tələbkarın adı, soyadı, ata adı, poçt ünvanları, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı göstərilməmişdir. Eyni zamanda ərizəçi tərəfindən ərizədə ərizəni əsaslandırdığı halları təsdiq edən sübutlar - qətnamə, borclu "xxxx" MMC-nin maddi vəziyyətinin pisləşməsini təsdiq edən sənəd göstərilməmiş və ərizəyə də əlavə edilməmişdir. Ərizədə qeyd olunan məlumatların göstərilməməsi məhkəmə tərəfindən iş üzrə məhkəmə baxışının prinsiplərinə əməl edilməsini mümkünsüz edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsi ərizəni geri qaytararkən Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə istinad etmişdir. Halbuki, həmin maddədə iddia ərizəsinin forması və məzmununa dair tələblər göstərilmişdir. Bundan əlavə, ərizənin məzmunundan görünür ki, mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılmış, ərizədə məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin tarixi və nömrəsi, iddiaçının (tələbkarın) soyadı, adı və atasının adı da göstərilmişdir. Belə olan halda, məhkəmənin “Elektron Məhkəmə” İnformasiya Sisteminin texniki imkanlarından istifadə etməklə zəruri məlumatların əldə edilməsi imkanı vardır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, ərizəyə məhkəmə iclasında baxılarkən məhkəmə tərəfindən borcluya maddi vəziyyətinin pisləşməsini təsdiq edən sənədlərin təqdim edilməsi təklif edilə bilər və nəticəsindən asılı olaraq ərizənin təmin edilib-edilməməsi barədə müvafiq məhkəmə aktı qəbul edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(004)-78/2023 saylı qərardadı ləğv edilsin və iş növbəti prosessual hərəkətlərin həyata keçirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar