Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-62/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-877/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasından imtina edilməsi barədə X1nun ərizəsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-17/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: X1 ərizə ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-877/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icra sənədinin icraata qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq, o heç bir müsbət nəticə əldə edə bilməmişdir. Uşaqla ünsiyyətsiz keçən uzun müddətdən sonra uşaqla ünsiyyətin yaradılmasına artıq inanmır və bundan sonra yaradılacaq ünsiyyəti əhəmiyyətsiz hesab edir. Odur ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-877/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasından imtina edir və icra sənədi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 8(004)-17/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət rədd edilmişdir. Qərardaddan tələbkar şikayət verərək qərardadın ləğv olunmasını, Yasamal Rayon Məhkəməsinin 2(004)-877/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətini ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, faktiki olaraq onun uşaqla heç bir ünsiyyəti və əlaqəsi olmadığına görə pozulması ehtimal olunan ünsiyyət absurtdur. Hazıki dövrədək icra olunmamış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-877/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası üçün qeyri- müəyyən müddət gözləməsi onun üçün stres və saxlanması çətin yükdür. Şikayət birinci instansiya məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 877/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, iddiaçı X5 övladı xx.xx.2017-ci il təvəllüdlü X7 ilə hər ayın 1-ci və 3-cü həftəsinin şənbə günü saat 11:00dan saat 13:00-a dək 2 saat ünsiyyətdə olmaq hüququnun verilməsi qərara alınmışdır. Hazırda tələbkar sözügedən icra sənədinin icra olunmaması səbəbindən onun icraatında xitam verilməsini xahiş etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, istər ailə qanunvericiliyində, istərsə də bu münasibətləri tənzimləyən bütün digər aktlarda hər şeydən öncə uşaqların hüquq və mənafelərinin üstün tutulması bütün fiziki və hüquqi şəxslər, dövlət orqanları, o cümlədən məhkəmələr üçün ən mühüm vəzifələrdən biri kimi təsbit olunmuşdur. Bundan irəli gələrək qeyd edilməlidir ki, uşaqları ilə mütəmadi olaraq ünsiyyətdə olmaq valideynlərin hüququ olduğu kimi, eynilə öz valideynləri ilə davamlı ünsiyyətdə olmaq da uşaqların bu sahədə olan hüquqlarından birini təşkil edir. Heç bir uşaq öz valideynləri arasında olan anlaşılmazlıq və ya digər səbəblərdən dolayı bu hüquqlarını həyata keçirməkdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.2-ci maddəsinə əsasən valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Həmin Qanunun 6-cı maddəsinə əsasən uşaqlar valideynlərinin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Həmin Qanunun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Hazırki iş üzrə X1 övladı xx.xx.2017-ci il təvəllüdlü X7 ilə ünsiyyət olma vaxtlarını müəyyənləşdirən icra sənədinin icrasına xitam verilməsini xahiş edərək onun icra olunmamasını əsas gətirmiş, buna görə hər dəfə stres çəkdiyinin qeyd etmişdir. Lakin nəzərə almaq lazımdır ki, övladı ilə ünsiyyət vaxtlarını müəyyənləşdirən icra sənədi yalnız onun yox, övladının da mənafelərinə xidmət edir və icraata xitam verilməsi övladının atası ilə ünsiyyət hüquqlarının birbaşa pozulmasına gətirib çıxaracaqdır. Buna görə də hazırki mübahisə üzrə hər şeydən öncə uşağın mənafeləri üstün tutulmalı, onun bir fərd kimi cəmiyyətdə yetişməsinə, mənəvi inkişafına, psixologiyasına təsir edə bilən hər bir məqam məhkəmə tərəfindən düzgün qiymətləndirilməli və buna uyğun mövqe sərgilənməlidir. Qeyd edilməlidir ki, əgər ərizəçi icra sənədinin icra olunmamasından narazıdırsa, bu zaman qanunvericiliyin ona verdiyi hüquqlardan istifadə edərək icra məmurunun hərəkətsizliyindən şikayət edə, icra sənədinin icra olunmamasına görə məsul şəxslərin qanunla müəyyən olunmuş məsuliyyət daşımalarını tələb edə və ya digər hüquqlarından istifadə edə bilər. Lakin qeyd edilən mübahisənin həlli heç bir halda uşağın qanunla qorunan hüquq və mənafelərinin məhdudlaşdırılması ilə nəticələnə bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin qanunun 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra edildikdə icra sənədi üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tələbkarın icra sənədinin icrasından imtinasını haqlı olaraq qəbul etməmiş və bununla da düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-17/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №8(103)-62/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-62/2024
14.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver