Məhkəmə qərarları › İş №8(103)-621/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-621/2025

14.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-621/2025 14.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Borclu qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinə dair iş üzrə İş № 8(103)-621/2025 (Açar sözlər: borcun hissə-hissə ödənilməsi) Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), X1 Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 8(003)- 315/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ:

1. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, e-2(003)- 753/2025 saylı qətnaməsi ilə cavabdeh Borclu 15661,81 manat əsas borc, 668,31 manat faiz borcu və ödənilmiş 138,99 manat dövlət rüsumu borcu, cəmi 16469,11 manat tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. 2.Borclu ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, e-2(003)-753/2025 saylı qətnaməsi üzrə borc məbləğinin hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun maliyyə vəziyyəti çox ağırdır, qətnamədə göstərilən məbləği birdəfəlik ödəmək imkanı yoxdur. Hazırda davamlı olaraq heç bir yerdə işləmir, tikinti-təmir işləri olandan –olana işləyir. Onun aylıq qazancı 200-300 manat təşkil edir.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 8(003)- 315/2025 saylı qərardadı ilə ərizə təmin edilməmişdir.

ŞİKAYƏTİN DƏLİLLƏRİ, ŞİKAYƏTƏ ETİRAZİN DƏLİLLƏRİ VƏ BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN ŞİKAYƏTƏ DAİR GƏLDİYİ NƏTİCƏ:

4. Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 8(003)- 315/2025 saylı qərardadı ləğv edilərək, ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 8(003)- 315/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.

6. Apellyasiya baxışı zamanı Tələbkar ASC tərəfindən şikayətə etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e- 2(003)-753/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən Borclu Tələbkar ASC-nin xeyrinə ümumilikdə 16 330,12 manat məbləğində kredit borcu və 138,99 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsinin qəbul olunmasından müəyyən müddət keçməsinə baxmayaraq bu günə qədər cəmi 50 manat borc ödənilmişdir. Hazırda qərar üzrə 16 419,11 manat təşkil edir. Borclu Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e2(003)-753/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə qətnaməsi üzrə ödəməli olduğu borc məbləğinin hissə-hissə ödənilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Xəzər RM-nin 8(003)-315/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən hissə – hissə icra olunması barədə Borclu ərizəsi təmin edilməməsi barədə qərardad qəbul edilmişdir. Borclu sözügedən qərardaddan şikayət vermişdir. Bildiririk ki, borclunun hissə-hissə ödənilmə ilə bağlı ərizəsinə etiraz edirik. Belə ki, bankın əməkdaşları tərəfindən borclunun özü ilə dəfələrlə əlaqə yaradılmış hər dəfəsində müxtəlif bəhanələr gətirərək ödəniş etməmişdir. Hazırda borclunun ərizə ilə məhkəməyə müraciət etməsi məhkəmə qətnaməsinin icrasını ləngitmək məqsədi daşıyır. Bank borclu ilə dəfələrlə razılıq əldə etmək üçün danışıqlar aparmış, lakin borclu müəyyən bəhanələr gətirərək borc öhdəliyini yerinə yetirməmiş və məhkəmə qətnaməsinin icrasının uzadılması üçün belə bir addım atmışdır.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ NORMALARİ və MƏHKƏMƏNİN MÖVQEYİ

8. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

9. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan verirsə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). “Tələb” onun hüquqi cəhətdən reallaşdırılması kifayət qədər müəyyənləşdirilmişdirsə və o, hüquqi cəhətdən reallaşdırıla bilərsə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “əmlak” kimi başa düşülür (“Stren” X6 Zavodu və X3rşı”, 09 dekabr 1994-cü il)”.

10. Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002).

11. Məhkəmə kollegiyası qeyd edir ki, AİHM-in formalaşdırdığı prinsiplərdən biri də məhkəmə qərarlarının “məqbul müddətdə” icra olunmasıdır: bir neçə ay qənaətbəxşdir, lakin illərlə gözləmə pozuntudur.

12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-15.3, 231.1, 267-ci maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini nəzərə alaraq hesab edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Borclunun əmlak vəziyyətini nəzərə almaqla qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, məhkəməyə möhlət müddətinin sonunda və ya qətnamənin hissə-hissə icrası zamanı icra edilməli hissələrin icra müddəti çatdıqda borclunun qətnaməni icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun.

13. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən də məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir, məhkəmələrə məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbinin nəzərə alınması tövsiyə edilir.

15. Beləliklə, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən MPM-in 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Başqa sözlə desək, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır.

16. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz.

17. Məhkəmə Kollegiyası borclu tərəfindən hissə-hissə ödəmə aparılmaqla məhkəmə qətnaməsinin icrasının uzun müddət davam edəcəyini, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən «ədalətli məhkəmə baxışına olan hüququ»nun pozulacağını nəzərə alaraq qeyd edir ki, borclunun təklif etdiyi icra qaydası göstərilən meyarlara cavab vermir.

18. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 8(003)- 315/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən Günel Abbasova Hakimlər Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar