Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-626/2021 09.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Emin Əlixan oğlu Mehdiyev ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-696/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-10966/2016 saylı, 04 oktyabr 2016-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-10966/2016 saylı, 04 oktyabr 2016-ci il tarixli qətnaməsi üzrə borcluya məxsus siyahıya alınmış əmlakın çıxarılıb aparılmasının öhdəlik olaraq borclunun üzərinə qoyulması hissədə qətnamə dəyişdirilərək, borcu X3 məxsus siyahıya alınmış əmlakın onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Sahəsi, döngə 7, 30 V saylı fərdi yaşayış evindən çıxarılmasının qeyd edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 müvafiq ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-10966/2016 saylı, 04 oktyabr 2016-ci il tarixli qətnaməsinə əsasən X3 məxsus (1 ədəd qızı sep və quran aralıq, qızıl təkqaş brilliant üzük, 1 ədəd taxt döşəyi, 2 ədəd tək döşək, 4 ədəd yorğan, 6 ədəd döşəkcə, 6 ədəd yastıq, 3 ədəd çarpayı üstü yastıq, 1 ədəd çarpayı örtüyü, 3 ədəd qəhvəyi rəngli yastıq üzləri, 1 böyük, 2 kiçik divan xalçaları, 1 ədəd çarpayı üstü ağ zərri, 1 ədəd samovar,1 ağ tül pərdə, 1 qalın qəhvəyi rəngli iki qolu ilə pərdə, 2 ədəd qırmızı yun odeyal, 1ədəd güllü odeyal, yataq mebeli dəsti: 1 ədəd şkaf, 1 ədəd taxt, 1 ədəd güzgü və altı, 2 ədəd kamod, 1 ədəd soğan çəkən, 4 ədəd böyük, 1 ədəd kiçik xalça, çarpayı üstü xalça, 2 ədəd xrustal hündür mürəbbə qabı, 6 ədəd ağ hündür bokal, 12 ədəd fincan, nəlbəki ve mürəbbə qabından, 1 ədəd böyük və 1 ədəd kiçik çaynikdən ibarət olan Madonna çay dəsti, 1 ədəd qapağlı qazandan, 1 ədəd yağ qabından, 2 ədəd qənd qabından, 1 ədəd süd qabından, 12 qabdan, 2 ədəd salat qabından, 3 ədəd dərin qabdan, 12 ədəd kiçik qabdan, 2 ədəd duz qabından ibarət olan Madonna çay dəsti, 1 ədəd xrustal, 1 ədəd göy rəngli, 1 ədəd yaşıl rəngli gül qabları, 1 ədəd yaşıl rəngli kuvşin, 6 bokalı ilə, 1 ədəd qızılı rəngli kuvşin 6 bokalı ilə, 1 ədəd qırmızı xətli su qabı, 6 stopka ilə, 6 ədəd böyük, 6 ədəd dərin, 6 ədəd kiçik, 6 ədəd fincan, 6 ədəd nəlbəkidən ibarət olan qara qablar, üzərində qızılgül olan 6+6+2+2 salatqabından, 1 yağ qabından, 1 ədəd qəndqabından, 2 ədəd duz qabından ibarət yemək dəsti, 6 ədəd göy qablar, çemodandan çıxma çömçə dəsti, çəngəl, qaşıq, bıçaq, 6 ədəd ağ nöqtəli narıncı kasa, 3 ədəd bağlı kauçuk qənd qabları (bağlı), 6 ədəd qızılı naxışlı ağır bokallar, 3 ədəd xrustal konfet qabları, 12 ədəd qırmızı mürəbbə qabları, 1 ədəd 12 şamdanlı xrustal çilçıraq, 5 ədəd yumşaq oyuncaqlar, 3 ədəd mələfə, 6 ədəd çexol, 11 ədəd yastıqüzü, 1 ədəd masaüstü süfrə) əmlakın X5 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Sahəsi, döngə 7, 30 V saylı fərdi yaşayış evindən çıxarılaraq aparılması öhdəliyi X2 üzərinə qoyulmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 10966/2016 saylı, 04 oktyabr 2016-ci il tarixli qətnaməsi ilə bağlı icra sənədi Səbail rayon icra şöbəsinin icra məmuru Səbuhi Əhmədovun icraatına 24.01.2017-ci il tarixində daxil olmuşdur. Həmin icra sənədinə əsasən Səbail rayon icra şöbəsinin icra məmuru Səbuhi Əhmədov tərəfindən 27.01.2017-ci il tarixli icraata başlamaq haqqında Qərar qəbul olunmuşdur. Sonra Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-10966/2016 saylı, 04 oktyabr 2016-ci il tarixli (hakim: Hikmət Əliyev) qətnaməsi ilə bağlı icra sənədinə dair icra məmuru Səbuhi Əhmədov tərəfindən “İcra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında 21.12.2017-ci il tarixli Qərar qəbul edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Tələbkar qeyd olunan qərardan şikayət vermiş, qətnamənin yenidən icraya yönəldilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-595/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli (hakim: Fərid Əyyubov) Qərarı ilə şikayət təmin edilərək, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədovun 21.12.2017-ci il tarixli “icra edilməyən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında qərarı ləğv edilib və icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Aşağıdakı göstərilən əsaslara görə, icra sənədinin icra üsulu dəyişdirilərək icraata yönəldilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-10966/2016 saylı. 04 oktyabr 2016-ci il tarixli qətnamədə yuxarıda siyahı üzrə qeyd olunan borclu X3 məxsus əmlakın onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Sahəsi, döngə 7, 30 V saylı fərdi yaşayış evindən çıxarılaraq aparılması borclunun üzərinə öhdəliyi olaraq qoyulmuşdu. Lakin icra məmuru icraata başlamaq haqqında qərarı bildirişlə borcluya poçt vasitəsi ilə göndərməyinə və borclunun istifadəsində olan mobil nömrəyə zəng edərək, əmlakların könüllü və ya məcburi qaydada çıxarılmasını bildirməsinə baxmayaraq, borclu X4 özünə məxsus olan əmlakları ona məxsus olan fərdi yaşayış evindən çıxardaraq aparmaqdan imtina etmişdir. Bundan başqa icra məmuru Səbuhi Əhmədov tərəfindən tərtib olunan 12.07.2017-ci il tarixli aktdan da görünür ki, icra sənədinin icrası ilə bağlı ilkin olaraq, Vüsal adlı vəkilin istifadəsində olan 055 ***-**-** nömrəli mobil telefon vasitəsi ilə əlaqə saxlanılaraq, borclu X2 üzərinə icra sənədi ilə qoyulmuş öhdəliyin könüllü və ya məcburi icra olunması bildirilmişdir. Həmin Vüsal adlı vəkilin cavab olaraq, borclu Ülviyyə Həsənovanın icra sənədini icra etməkdən imtina etdiyini bildirmişdir. Bundan sonra borclu X2 istifadəsində olan 051 ***-**-** nömrəli mobil telefonla əlaqə saxlayaraq, onun özünə icra sənədinin icrası ilə bağlı məlumat vermişdilər, borclu cavab olaraq, əşyaları götürməkdən imtina edərək, onu bir daha narahat etməməklərini söyləmişdir.Göründüyü kimi borclu X4 qətnamə ilə onun üzərinə qoyulan öhdəliyi icra etməkdən boyun qaçırtması Yasamal rayon Məhkəməsinin 2(004)-10966/2016 saylı, 04 oktyabr 2016-ci il tarixli icra sənədinin icrasını mümkünsüz edir. Ona görə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 10966/2016 saylı, 04 oktyabr 2016-ci il tarixli qətnaməsi üzrə borcluya məxsus siyahıya alınmış əmlakın çıxarılıb aparılması öhdəlik olaraq borclunun üzərinə qoyulmuş hissədə qətnamənin dəyişdirilərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Sahəsi, döngə 7, 30 V saylı fərdi yaşayış evindən borcluya məxsus əmlakın onun mülkiyyətində olan evdən çıxarılmasının qeyd olunması barədə qəradad çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-696/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli saylı qərardadı ilə X1nun “Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-10966/2016 saylı, 04 oktyabr 2016-ci il tarixli qətnaməsi üzrə borcluya məxsus siyahıya alınmış əmlakın çıxarılıb aparılmasının öhdəlik olaraq borclunun üzərinə qoyulmuş hissədə qətnamənin dəyişdirilərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış Sahəsi, döngə 7, 30 V saylı fərdi yaşayış evindən borcluya məxsus əmlakın onun mülkiyyətində olan evdən çıxarılmasının qeyd olunması” barədə ərizəsi təmin edilməmişdir. Qərardaddan X1 tərəfindən verilmiş şikayət həmin məhkəmənin 12 noyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadın 5-ci səhifəsinin 1-ci abzasında məhkəmə qeyd edir ki, verilmiş ərizədə xahiş edilmişdir ki, öhdəlik olaraq borclunun üzərinə qoyulmuş hissədə qətnamə dəyişdirilərək, borcluya məxsus siyahıya alınmış əmlakın tələbkarın mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması barədə qərardadın çıxarılsın. Lakin, onun tərəfindən verilmiş ərizədə qətnamənin qeyd olunan deyil, qətnamənin nəticəvi hissəsində icra üsulunun dəyişdirilməsi xahiş olunmuşdur. Belə ki, qətnamədə qeyd olunan borcluya məxsus əmlakın ona məxsus fərdi yaşayış evindən çıxarılması - tələbdir, həmin əmlakın çıxarılıb aparılması öhdəlik olaraq borclunun üzərinə qoyulması - qətnamənin icra üsuludur. Beləliklə, tələbkar tərəfindən verilmiş ərizədə icra üsulunun dəyişdirilərək, borcluya məxsus siyahıya alınmış əmlakın çıxarılıb aparılması öhdəlik olaraq borclunun üzərinə qoyulmuş hissədə dəyişdirilərək, borclu X3 məxsus siyahıya alınmış əmlakın tələbkarın mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Sahəsi, döngə 7, 30 V saylı fərdi yaşayış evindən çıxarılmasını xahiş edilmişdir. Məhkəmə qərardadının həmin abzasında yuxarıda qeyd olunduğu kimi: tələbkarın və borclunun hüquqlarının ədalətli və ağlabatan tarazlığının pozulması anlamına gəlməsi səhv nəticədir. Belə ki, tələbkar olaraq X5 mülkiyyət hüquqlarının ədalətli və ağlabatan tarazlığını dörd il müddətində borclu X4 tərəfindən icra sənədində onun üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi pozur. Digər tərəfdən məhkəmənin həmin abzasda qeyd etdiyi kimi borclunun da mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər ifadəsi borclu tərəfindən qeyd olunan öhdəliklərin qərəzli olaraq icra etməməsi əməlinə zidd olan bir ifadədir. Belə ki, borclunun özünə məxsus olan əmlakını tələbkarın evindən çıxartmaması öz mülkiyyətində olan əmlak hüquqlarına laqeydlik göstərməklə yanaşı tələbkarında mülkiyyət hüquqlarını məhdudlaşdırır. Məhkəmə qərardadının 5-ci səhifəsinin 2-ci abzasında əlavə olaraq göstərmişdir ki, icra sənədi könüllü olaraq icra etmədikdə borclu barəsində məcburi icra tədbirləri və icradan boyun qaçıran şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə əsasən məsuliyyətə cəlb edilməli olduğunu qeyd etməklə bir daha onu göstərir ki, məhkəmə artıq borclunun icra sənədi üzrə onun üzərinə qoyulmuş öhdəliyi icra etmədiyini müəyyən etmişdir. Lakin həmin əmlakların borcluya məxsus olduğunu və bir başa olaraq onun da maraqlarına uyğun olan qətnamənin qərəzli icra etməməyi artıq məhkəmə tərəfindən borclunun əmlak üzərində olan mülkiyyət hüquqlarının pozulmasının qeyd olunması onun düzgün nəticə gəlmədiyinə dəlalət edir. Tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan materialları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-696/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 22 may 2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin məzmununa müvafiq olaraq, möhlət verilməsi qanuni qüvvəyə minmiş qətnamə ilə həll olunduqdan sonra birinci instansiya məhkəməsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin icra qaydasının dəyişdirilməsi məsələsinə baxmağa haqlıdır. Bu zaman məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsinin müddəalarından çıxış edərək, qanuni quvvəyyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. X1 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-10966/2016 saylı, 04 oktyabr 2016-ci il tarixli qətnaməsi üzrə borcluya məxsus siyahıya alınmış əmlakın çıxarılıb aparılması öhdəlik olaraq borclunun üzərinə qoyulmuş hissədə qətnamə dəyişdirilərək, borclu X3 məxsus siyahıya alınmış əmlakın onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Sahəsi, döngə 7, 30 V saylı fərdi yaşayış evindən çıxarılmasının qeyd edilməsi barədə qəraradad qəbul edilməsini xahiş etsə də, məhkəmə hesab etmişdir ki, bu tələbkarın və borclunun hüquqlarının ədalətli və ağlabatan tarazlığının pozulması deməkdir. Çünki siyahısı göstərilmiş əmlaklar mənzildən çıxarıldıqda hansı formada, kimə təhvil verilməsi və ya harada saxlanılması hal-hazırkı vəziyyətdə qeyri-müəyyən haldır. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, borclu X3 məxsus əşyaların öhdəlik olaraq borclunun üzərinə qoyulmadan, yəni onun iştirakı olmadan mənzildən çıxarılması borclunun da mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında verilmiş icra vərəqəsi könüllü icra edilmədikdə məcburi qaydada icra edilməli və buna müvafiq olaraq məcburi icra tədbirləri həyata keçirilməli və icradan boyun qaçıran şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə əsasən məsuliyyətə cəlb edilməlidirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. İşə bərpa etmək haqqında icra sənədi dərhal icra edilir. Qanunsuz olaraq işdən çıxarma və ya başqa işə keçirmə haqqında sərəncamın ləğv olunması barədə müdiriyyətin müvafiq əmrindən sonra işçinin əvvəlki vəzifələrini yerinə yetirməyə başladığı andan icra sənədi icra olunmuş hesab edilir. Bu Qanunun 70.1-ci və 70.2-ci maddələri ilə nəzərdə tutulmuş tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. İcra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 82-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Belə olan halda, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10966/2016 saylı, 04 oktyabr 2016-ci il tarixli qətnaməsinin icrası üsulunun dəyişdirilməsi barədə X1 tərəfindən verilmiş ərizə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 8(004)-696/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №8(103)-626/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-626/2021
09.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver