Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-628/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 8(007)-316/2021 nömrəli qərardadından cavabdeh Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16.05.2021-ci il tarixli, 2(007)-1745/2020 nömrəli icra sənədi üzrə maddi ziyan qismində 2336.20 manat məbləğində pul və 30 manat dövlət rüsumu Borclu tutularaq, Azərbaycan Avtomobil Yolları Dövlət agentliyi "xxxx" MMC-nin “Azərbaycan Beynəlxalq Bankı”nın Nəqliyyat Filialında olan hesablaşma hesabına (AZ57İBAZ ********************, VÖEN: **********) ödənilməlidir. İcra sənədi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə göndərilmişdir. İcra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi şöbənin icraatına 02.07.2021-ci il tarixdə daxil olmuş həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra barədə bildirişlə icra olunması üçün Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Verilmiş könüllü müddət ərzində borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 8(007)-316/2021 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1745/2020 nömrəli, 12.10.2020-ci il nömrəli icra sənədi üzrə borclu, xx.xx.1995-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ, icra sənədinin icra edilməsinədək, müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 8(007)-316/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hesablanmış borcun ödənilməsi üçün dəfələrlə icra məmuruna müraciət etmişdir. Lakin icra məmuru tərəfindən ona məlumat verilməyərək köməklik göstərilməmişdir. Borcun ödənilməməsinin əsas səbəbi isə ona müxbir hesabın verilməməsidir. Əgər verilsə idi həmin borc onun tərəfindən ödəniləcəkdi. Artıq bir neçə ildir ki, "xxxx" (AZAL) QSCnin tərkibinə daxil olan “Buta Airways” şirkətində təyyarə bələdçisi vəzifəsində çalışır. İşinin böyük bir hissəsi xarici ölkələrə gedib-gəlmək olduğundan ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması onun ümumi iş fəaliyyətini tamamilə dayandırır. Əgər ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad ləğv edilməzsə bu bir başa olaraq onun işdən kənarlaşdınlmağına səbəb ola bilər. İşdən kanarlaşdırıldığı halda isə borcun ödənilməsi mümkün olmayacaqdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 8(007)-316/2021 nömrəli qərardadından ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellaysiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi təqdimatı təmin etməklə yanlış nəticəyə gəlmişdir. Belə olan halda, qərardad ləğv edilməli və iş materialları təqdimata yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Mülki işin materiallarında olan icra məmurunun təqdimatından görünür ki, icra sənədi icraata qanuna müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin icra edilməsinə dair bildirişlə birlikdə borcluya təqdim edilmiş, borcun ödənilməsi ilə bağlı izahat alınmışdır. Göründüyü kimi Borclu icra sənədinin icrasından yayınsa da, onun hərəkətlərində qərəzlilik müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, borclu "xxxx" QSC-də təyyarə bələdçisi olaraq işləyir və onun əsas iş yeridir. Belə ki, onun əmək fəaliyyəti təyyarə bələdçisi olaraq, ölkə xaricinə səfər edən təyyarlərdə sərnişinlərə bələdçilik etməkdən ibarətdir. Təqdimatın təmin edilməsi isə borclunun əsas konstitusion hüquqlarından olan əmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilər. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə üzrə icra işini tələb etməmiş və icra işi üzrə araşdırma aparmamışdır. Bununla da, icra məmuru tərəfindən “İcra haqqında “ Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri üzrə tədbiq edilməsi mümkün olan digər icra tədbirlərini tədbiq edib-etməməsini araşdırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan normaların tələbi baxımından borclunun ölkədən getmə hüququnu məhdudlaşdırmaqla haqlı olmamış və işin halları üzrə kifayər qədər araşdırma aparmamışdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. İşə yenidən baxarkən birinci instansiya məhkəməsi yuxarıda göstərilən nöqsanları aradan qaldırmalı, məhkəmə kollegiyasının istinad etdiyi halları araşdırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 8(007)-316/2021 nömrəli qərardadı ləğv edilsin. Təqdimata yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №8(103)-628/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-628/2021
07.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver