Məhkəmə qərarları › İş №8(103)-63/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-63/2024

12.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-63/2024 12.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Borclu2 MMC-nin direktoru Borclu1 “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə icraat üzrə (Açar sözlər: borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Borclu2 MMC-nin direktoru Borclu1 “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə təqdimatın təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-638/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Tələbkar nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-7713/2019 nömrəli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 25842 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

2. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Borclu2 MMC-nin direktoru Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir

3. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-7713/2019 nömrəli icra sənədinə əsasən borclu "xxxx" MMCdən 25842 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədləri xx.xx.2020-ci il tarixdə icraata daxil olduğu tarixdən Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borcluya göndərilmişdir. Lakin bu müddət əzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. İcra sənədi üzrə ödənişlərdən edilməmişdir. Ona görə də Borclu2 MMC-nin direktoru Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(011)-638/2023 nömrəli qərardadına əsasən təqdimat təmin edilmişdir.

5. Daha sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(011)- 638/2023 nömrəli qərardadına əsasən Borclu2 MMC-nin nin direktoru Borclu1 tərəfindən verilmiş şikayət təmin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(011)-638/2023 nömrəli qərardadı ləğv edilmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-638/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat rədd edilmişdir.

7. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, icra haqqında qanunvericilikdə icra sənədinin icra şöbəsinə daxil olduğu gündən icra məmuru tərəfindən görülməli olan bütün tədbirlər təsbit edilmiş, o cümlədən icra sənədinin “könüllü” və “məcburi” mərhələlərə bölünməklə hər mərhələ üzrə müddətlər və icra məmurlarının səlahiyyətləri dəqiqləşdirilmişdir. Könüllü icra müddətinin axımının da icra sənədi üzrə icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya təqdim edilməsi günündən hesablanması müəyyən edilmişdir. İcra sənədinin könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra edilməməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsas yaradır və bu tədbirlər çərçivəsində icra məmuru tərəfindən ilk olaraq, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin və başqa sərvətlərin olub-olmaması araşdırılmalı, bundan sonra onun digər əmlakının olub-olmaması müəyyən edilməlidir. Başqa sözlə, bütün bu tədbirlər bir nəticə vermədikdən sonra borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı icra məmuru tərəfindən tədbirlər görülə bilər. Azərbaycan Respublikası İcra haqqlnda Qanunun 17-ci maddəsinə əsasən icra sənədi üzrə iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icraat məcburi olaraq dayandırılır. Həmçinin zərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışa əsasən, Borclu2 MMC-nin qanuni təmsilçisi X4r. Reyestrdən son dəfə verilmiş çıxarışın tarixi xx.xx.2023-cü il tarixidir və Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 6 nömrəli Əmrə əsasən, Borclu2 MMC-də “Direktor” vəzifəsində işləyən Borclu1 əmək müqaviləsinə Azərbaycan Respublikasının ƏM-nin 75.2a-ya tərəflərin qarşılıqlı razılığı əsasında xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Məhkəmə hesab etmişdir ki, iş üzrə olunmuş məhkəmə aktından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunması səbəbi ilə icraatın məcburi dayandırılması səbəbindən icra məmurunun təqdimatı təmin edilməməlidir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

8. Tələbkar nümayəndəsi və vəkili Vəkil şikayət verərək, iş üzrə Bakı şəhər, Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il 8(011) -638/2023 saylı qərardadını ləğv edərək Xətai rayon İcra şöbəsinin icra məmuru tərəfindən verilmiş təqdimatın təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iştirak edən Borclu2 MMC-nin nümayəndəsi X1 izahatında qeyd edilir ki, iş üzrə hal-hazırda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilmişdir və şikayət icraata qəbul olunub baxılmaqdadır. Borclunun mütəmadi olaraq xaricə səfərlər etməsi zəruridir. Qərardaddan aydın olur ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Borclu2 MMC-nin direktoru Borclu1 ünvanlanmış 21 sentyabr 2023-cü il tarixli 1-7/2-17-Ə-159/1- 23/2023 nömrəli məktuba əsasən, Borclu2 MMC-nin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının icraatına daxil olmuş və “Konstitusiya Məhkəməsi haqqında” Qanunu ilə müəyyən edilmiş qaydada şikayət üzrə müvafiq sənəd və materiallar toplanır, digər zəruri tədbirlər həyata keçirilir. Daha sonra qeyd edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətnin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışa əsasən, Borclu2 MMC-nin qanuni təmsilçisi X4r. Reyestrdən son dəfə verilmiş çıxarışın tarixi 25.10. 2023cü il tarixidir və Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 6 nömrəli Əmrə əsasən, Borclu2 MMC-də “Direktor” vəzifəsində işləyən Borclu1 əmək müqaviləsinə Azərbaycan Respublikasının ƏM-nin 75.2a-ya tərəflərin qarşılıqlı razılığı əsasında xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Borclu2 MMC-nin direktoru Borclu1 Konstitusiya qaydasında verdiyi şikayət araşdırma mərhələsindədir, Konstitusiya Məhkəməsinin Plenumuna çıxarılmamışdır. Ona görə də bu təqdimatın rədd edilməsi üçün əsas ola bilməz.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-638/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Tələbkar nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(011)-638/2023 nömrəli qərardadından verdiyi şikayətin təmin edilməməsi, şikayətin 8(011)-638/2023 nömrəli işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

11. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

12. Borclu2 MMC-nin direktoru Borclu1 tərəfindən şikayətə qarşı yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, hazırki icra işinin əsası olan qətnamə və qərarlar hələ son nəticəsini almamışdır, işə son qərarı Konstitusiya Məhkəməsinin Palatası verməlidir. Belə ki, mülki işin nəticəsi işdə olan sənədlərə uyğun gəlmir. Məhkəmələr tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 418.1-ci maddələri pozulmuşdur. Buna görə də tərəflərindən qanuni olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və Konstitusiya Məhkəməsi haqqında Qanunun 28.2, 31-ci və 34-cü maddələrinə uyğun olaraq Konstitusiya Məhkəməsinə müraciət olunmuşdur. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-7713/2019 saylı işlə əlaqədar artıq Konstitusiya məhkəməsinə müraciəti olmuşdur.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikasının “İcra haqqında” Qanunun 17.1.8-ci maddəsində qeyd edilir ki, iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır.

14. 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-ci maddəsinə əsasən habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci bəndində qeyd edilir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Aşağıdakı hallar mövcud olduqda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməsinə yol verilmir: icra sənədi üzrə icraatın dayandırılması və ya onun icrasına möhlət verilməsi barədə məhkəmə qərarı olduqda; icraatın təxirə salınması haqqında icra məmuru qərar qəbul etdikdə; tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsul və qaydasının dəyişdirilməsi haqqında məhkəməyə müraciət etdikdə; icra sənədində nəzərdə tutulan tələbin aydın olmaması ilə əlaqədar icra məmuru həmin sənədə izah verilməsi üçün məhkəməyə müraciət etdikdə; Tələbin yönəldiyi əmlakın dəyəri icra sənədi üzrə borcun və icra xərclərinin həcmindən çox olduqda. Təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-7713/2019 nömrəli icra sənədinə əsasən borclu "xxxx" MMCdən 25842 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir.

19. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək icra sənədi üzrə borclu "xxxx" MMC-nin direktoru Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir.

20. Məhkəmə kollegiyası təqdimatın təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının “İcra haqqında” Qanununa əsasən iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır.

21. İşin halları ilə müəyyən edilir ki, icra sənədinin verilməsinə əsas olmuş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-7713/2019 nömrəli qətnaməsindən verilmiş şikayət üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətinə kassasiya instansiyasında baxılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2(102)- 5519/2022 saylı qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayəti ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilmişdir. 22.Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 1-7/2-17-Ə-159/1-23/2023 məktubunda qeyd edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2(102)-5519/2022 saylı qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayəti ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına daxil olmuş və “Konstitusiya Məhkəməsi haqqında” Qanunu ilə müəyyən edilmiş şikayət üzrə müvafiq sənəd və materiallar toplanır, digər zəruri tədbirlər həyata keçirilir.

23. Digər tərəfdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Borclu2 MMC-nin qanuni təmsilçisi X4r. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 6 nömrəli Əmrə əsasən, Borclu2 MMC-də “Direktor” vəzifəsində işləyən Borclu1 əmək müqaviləsinə Azərbaycan Respublikasının ƏM-nin 75.2a-ya tərəflərin qarşılıqlı razılığı əsasında xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Bu səbəbdən Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması onun hüquqlarının əsassız olaraq pozulması ilə nəticələnəcəkdir.

24. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan rayon məhkəməsi Borclu2 MMC-nin direktoru Borclu1 “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın təmin edilməməsinə dair qərardad qəbul etməkdə haqlı olmuşdur.

25. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-638/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar