Məhkəmə qərarları › İş №8(103)-637/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-637/2025

24.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-637/2025 24.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-441/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhər Qaradağ rayon məhkəməsinin 2(002)-1177/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş sabit pul məbləğində alimentin sonrakı artımlar nəzərə alınmaqla indeksasiya olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər Qaradağ rayon məhkəməsinin 2(002)- 1177/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Borclu Maqsud oğlundan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər tərəfindən himayə edilib saxlanması üçün onun xeyrinə hər ay bir uşağa görə 154 manat olmaqla cəmi 308 manat sabit pul məbləğində aliment ödəməlidir. Hazırda uşaqlar hazırlığa gedir, bunun üçün çoxlu vəsait tələb olunur. Ona kömək edən heç kimsə yoxdur. Valideynləri vəfat edib. Cavabdeh isə iki uşağa görə cəmi 308 manat aliment ödəyir. 2018-ci ildə minimum əmək haqqı 130 manat olmuş, həmin vaxt bir uşağa görə təyin edilmiş alimentin məbləği minimum əmək haqqının 1,2 mislini təşkil edir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-441/2025 saylı qərardadı ilə ərizə qismən təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1177/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün təyin edilmiş alimentin məbləği ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 1,18 misli həddində sabit pul məbləğində aliment tutulması və ərizənin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayət verərək, qərardadın ləğv edilməsi və işin həqiqi hallarına uyğun yeni qərardadın qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onunla Tələbkar birgə nikahından iki uşaq dünyaya gəlmişdir. Məhkəmənin qərardadı ilə o, bu il üçün hər ay 944 manat məbləğində aliment ödəməlidir. Belə ki, 2025-ci ildə minimum əmək haqqı 400 manat müəyyən edildiyi üçün oğlu Ceyhuna görə 472 manat, oğlu Cəlilə görə isə 472 manat olmaqla ümumilikdə 944 manat məbləğində aliment ödəməlidir. Bu isə nə onun maddi vəziyyətinə, nə də aylıq gəlirinə, nə də ki, qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, məhkəmə bu qərardadı qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 saylı qərarı ilə edilmiş dəyişikliklərə istinad etmişdir. Lakin məhkəmə həmin qərarın digər bəndlərini nəzərə almamışdır. Eyni zamanda məhkəmə tərəfindən işə baxılarkən işin halları araşdırılmamış, onun yeni ailə qurmağı sabit gəlirinin olub-olunmaması müəyyən olunmamış və hal-hazırki maddi vəziyyəti qiymətləndirilməmişdir. Hal-hazırda sürücü vəzifəsində işləyir və 600 manat məbləğində əmək haqqı alır. Təbii ki, onun və ailəsinin minimum yaşayış səviyyəsini təmin etmək üçün müəyyən vəsait lazımdır. Belə ki, “Azərbaycan Respublikasında 2025ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə əmək qabiliyyətli əhali üçün minimum yaşayış səviyyəsi 305 manat məbləğində, uşaqlar üçün isə 246 manat məbləğində müəyyən edilmişdir. Yəni onun minimum yaşayış səviyyəni təmin etmək üçün 305 manat vəsait lazımdır. Onun aylıq əmək haqqı heç bu təyin edilmiş alimenti ödəməyə kifayət etmir. O ki, qala onun minimum həyat səviyyəsinə təmin etməyə. Bundan başqa uşaqlarının birinin 15, digərinin isə 12 yaşı vardır. Yəni keçmiş həyat yoldaşı özü də işləyərək uşaqların saxlanmasında iştirak etməlidir. Belə ki, Ailə Məcəlləsinin tələblərinə görə valideynlərin hər ikisi uşaqların saxlanılmasında eyni hüquq və vəzifələrə malikdirlər. Ona görə də qanun ilə nəzərdə tutulmuş uşaqların minimum yaşayış səviyyəsi təkcə onun tərəfindən deyil, həm də keçmiş həyat yoldaşı tərəfindən təmin edilməlidir. Uşaqların anasının uşaqların saxlanmasında maddi cəhətdən iştirakını aradan qaldıran və ataya nisbətdə ona üstün hüquqlar verən hal yalnız ananın əmək qabiliyyətini itirməsi və ya 3 yaşadək uşağa qulluq etməsidir. Lakin hal-hazırki mülki işin sənədlərində belə bir hal yoxdur. Ona görə də hesab edir ki, məhkəmənin bu qərardadı həm maddi, həm də prosessual normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də qərardad ləğv edilməli və işin hallarına uyğun yeni qərardad qəbul edilməlidir. Qeyd edir ki, qanunverici orqan uşaqlar barəsində hər iki valideynin bərabər hüquq və vəzifələrə malik olduqlarını göstərsələr də, əfsuslar olsun ki, məhkəmə tərəfindən bu norma nəzərə alınmamışdır. Belə ki, məhkəmənin bu qərardadı ilə alimentin məbləğinin kəskin şəkildə artması və uşaqların saxlanılmasında iddiaçını heç bir rolunun olmaması və bütün maddi problemlərin onun tərəfindən təmin olunmasının tələb edilməsi valideynlər arasında olan uşaqlara nisbətdə vəzifələrin bərabərliyi prinsipinin pozulması deməkdir. İşin hallarından görsənir ki, tələbkar əmək qabiliyyətlidir və əmək fəaliyyəti ilə məşğul olmaması üçün heç bir üzrlü səbəbi yoxdur. Bu halda o da işləyərək uşaqların saxlanmasında maddi cəhətdən köməklik göstərməlidir. Əfsuslar olsun ki, məhkəmə tərəfindən bu hal nəzərə alınmamış və bununla da Ailə Məcəlləsinin 56-cı maddəsinin tələbləri pozulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-441/2025 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, Tələbkar tərəfindən məhkəməyə ərizə daxil olmuşdur. Məhkəmə Kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından olan Bakı şəhər Qaradağ rayon məhkəməsinin 2(002)- 1177/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu Tələbkar xeyrinə hər ay bir uşağa görə 154 manat olmaqla cəmi 308 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda Tələbkar alimentin indeksasiyasının həyata keçirilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası işin müəyyən edilmiş hallarına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2017-ci il tarixli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilmişdir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli 419 nömrəli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli № 15 qərarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). X5 8.4-2-ci maddəsinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Beləliklə işin faktiki hallarından göründüyü kimi yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tutulan alimentin məbləği Bakı şəhər Qaradağ rayon məhkəməsinin 2(002)-1177/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində müəyyən edilmişdir. Bununla yanaşı müəyyən edilmişdir ki, Bakı şəhər Qaradağ rayon məhkəməsinin 2(002)-1177/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 154 manat aliment məbləği həmin dövrdə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının (130 manat) 1,18 mislini təşkil etmişdir. (154:130=1.18) Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq alimentin müəyyən edildiyi vaxta 2018-ci ilə münasibətdə ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, ərizə qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1177/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün təyin edilmiş alimentin məbləği ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilərək, Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 1,18 misli həddində sabit pul məbləğində aliment aliment tutulmalıdır. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, Ali Məhkəmənin Plenum Qərarında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Göründüyü kimi hazırda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tutulması müəyyən edimiş sabit pul məbləğində alimentin indeksləşdirilməsi həyata keçirilmişdir və indiki vəziyyətdə Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri pozulmamışdır. Belə ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Həmçinin borclu ikinci dəfə nikaha daxil olmasını bildirsə də, borclu bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqların tələbatını təmin etməlidir. Məhkəmə Kollegiyası şikayətin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, uşaqların saxlanılması hər iki valideynin vəzifəsidir, lakin hazırki vəziyyətdə tərəflərin birgə nikahlarından doğulmuş uşaqların ananın yanında qalması və uşaqların günü gündən artan maddi tələbatının qarşılanması məhz ananın tələbkarın üzərindədir. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsasızdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-441/2025 saylı qərardadı mübahisəndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar