Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-64/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 ödənilməli olan pul məbləğinin indeksasiyasına dair ərizəsinə baxılması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1201/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: X2 Salyan Rayon Məhkəməsinin 2(057)-818/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən 5500 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə olan məzənnə üzrə manatla (5500 x 1,70 AZN) 9350 manat pul vəsaitinin, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən 2939,70 manat məbləğində pulun, cəmi 9350 + 2939,70 = 12 289,70 manat (9350 + 2939,70 = 12 289,70) pul vəsaitinin xx.xx.2023-cü il tarixli, 1(011)-529/2023 saylı Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərarı qəbul edildiyi vaxtdan indiki dövrə qədər ödənilmədiyinə görə indeksasiya olunaraq (infilyasiya dərəcəsinə uyğun) borcludan tutularaq ona ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1201/2024 nömrəli 26 dekabr 2024cü il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Borclu Salyan Rayon Məhkəməsinin 2(057)-818/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən tutulmalı olan 5.500 ABŞ dolları məbləğində pulun, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla ekvivalenti olan 9500 manat pul vəsaitinin indeksasiyası aparılaraq, 317,90 manat pul məbləğinin Borclu tutularaq X5 ödənilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Borclu qərardaddan şikayət verilərək, onun ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hələlik maddi və əmlak vəziyyətində heç bir dəyişiklik yoxdur. Dövlətin adından çıxarılaraq qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş məhkəmə qətnaməsinin icrasının onun vəzifəsi olduğunu bilir, qanunlara hörmətlə yanaşır, lakin maddi və əmlak vəziyyətində hələlik heç bir yenilik yoxdur, buna görə də ödəniş edə bilmir. Belə olan vəziyyətdə maddi, əmlak və ailə vəziyyətini nəzərə alınaraq “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən sözügedən icra vərəqəsinin məhkəməyə geri qaytarılması barədə qərar qəbul edilməlidir. Məhkəmənin 21 yanvar 2025-ci il tarixli qərardadı ilə borclunun şikayəti təmin olunmayaraq, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Tələbkar Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(057)-818/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 5.500 ABŞ dolları məbləğinin (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə), eyni zamanda Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-563/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən Salyan Rayon Məhkəməsinin 2(057)-818/2018 nömrəli, xx.xx.2018-ci il tarixli, 2(057)-46/2019 nömrəli, xx.xx.2019-cu il tarixli və 2(057)-585/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnamələri üzrə indeksasiya edilmiş 2939,70 manat pulun yenidən indeksasiyasının aparılmasını xahiş etmişdir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, ərizə yalnız Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(057)-818/2018 nömrəli qətnaməsi üzrə ödənilməli pul vəsaitinin indeksasiyası ilə bağlı hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də özünün bir çox qərarlarında məhkəmənin yekun qərarlarının icrasının ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olduğunu və Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alındığını vurğulamışdır. “Cəfərov Azərbaycana qarşı” iş üzrə 11 fevral 2010-cu il tarixli və “Cəfərli və digərləri Azərbaycana qarşı” 29 iyul 2010-cu il tarixli qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, «məhkəmə hüququnu» ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları - lakin məhkəmə qərarlarının icrası qorunmasın. Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X8 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması «araşdırmanın» ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir. Beləliklə, qanunvericiliyin sadalanmış müddəalarının mənasına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Məhkəmə tərəfindən çıxarılmış yekun və məcburi qərarın icra olunmaması pozulmuş hüquqların səmərəli şəkildə bərpa olunmasına xidmət etməli olan ədalət mühakiməsinin mahiyyətinə xələl gətirmiş olur. Nəzərə almaq lazımdır ki, qanunverici qüvvəyə minmiş məhkəmə aktlarının icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericilikdəki ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qətnamə xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. Azərbaycan Respublikası MPM-nin 232.1.-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinin tələbinə əsasən indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. Qeyd edilən norma ilə nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Tələbkarın indeksləşdirmə tələbi məhkəmə qərarının icrasında baş verən gecikmələrlə qaynaqlanır. Məhkəmə qərarının vaxtında və tam şəkildə icra olunmaması yaxud da icranın üzürsüz səbəblərdən gecikdirilməsi borclunun məsuliyyət sferasına aid olduğundan, tələbkar belə halların neqativ nəticələrindən indeksasiya mexanizmi vasitəsi ilə qorunmasını tələb etməkdə haqlıdır. Borclunun qanunsuz hərəkətləri nəticəsində tələbkarın hüquqlarının pozulması qanuni qüvvəsini alan məhkəmə aktlarına əsasən sübuta yetirilmiş, tələbkarın xeyrinə tutulması qət edilən pul vəsaitini cavabdehin ödəməsi öhdəliyinin yarandığı vaxtdan tam icra etməmiş, daha sonra icra məmuru tərəfindən borcluya icra sənədini könüllü icra etməsi üçün 10 gün vaxt təyin edilsə də, borclu icra sənədini könüllü icra müddətində icra etməmişdir. Borclu məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 3(011)-45/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 gün müddətinə, Məhkəmənin 3(011)-579/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən 20 gün müddətinə, Məhkəmənin 3(011)-6557/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən 10 gün müddətinə inzibati həbs edilmiş, Məhkəmənin 3(011)-1669/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən isə 1000 manat məbləğində cərimə edilmişdir. Kollegiya hesab edir ki, məhkəmə qətnaməsinin vaxtında icra edilməməsi nəticəsində ərizəçiyə ödənilməli olan pul vəsaitinin dəyərini əhəmiyyətli şəkildə itirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, istehlak qiymətləri indeksi 2024-cü ilin oktyabr ayında 2023-cü ilin oktyabr ayına nisbətən 103,4 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 3,4 faiz artmışdır. Kollegiya birinci instansiya məhkməsəinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən borcludan tutulmalı olan 5500 ABŞ dolları, ödəniş gününə olan məzənnə üzrə 9350 manat məbləğində pul vəsati 2024-cü ilin 2023cü ilə nisbətən olan inflyasiya göstəricilərinə uyğun indeksasiya edilməklə borcludan tələbkarın xeyrinə 317,90 manat (9350 manat x3.4% = 317,90 manat) məbləğində pul vəsaiti tutmaqla məhkəmə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Borclunun şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1201/2024 nömrəli 26 dekabr 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-64/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-64/2025
24.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver