Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-645/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 8(003)- 291/2021 saylı qərardadından tələbkar "xxxx" KB ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin 15 sentyabr 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli 2(103)-12295/2019 saylı icra sənədi Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, tələbkar "xxxx" KB ASC 14 sentyabr 2021-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Borclu Bakı Apellyasiya Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli 2(103)- 12295/2019 saylı icra sənədinin məhkəməyə qaytarılması barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin 15 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın təzələnməsi barədə şikayət təqdim etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 8(003)- 291/2021 saylı qərardadı ilə şikayət təmin edilərək Bakı şəhəri Xəzər rayon icra şöbəsinin böyük icra məmuru Mübariz Abbasovun Bakı Apellyasiya Məhkəməsinin 23 oktyabr 2019cu il tarixli 2(103)-12295/2019 nömrəli icra sənədinin məhkəməyə qaytarılması barədə 15 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Həmin qərardaddan tələbkar "xxxx" KB ASC şikayət verərək Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsini, icra sənədinin məhkəməyə qaytarılması barədə 15 sentyabr 2021-ci il tarixli qərarın qüvvədə qalmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən Borclu "xxxx" KB ASC-nin xeyrinə pul məbləğinin tutulması, ipoteka predmeti olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Abşeron küçəsi dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan sonra ən geci bir ay ərzində həmin əmlakın boşaldılması qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün Xəzər rayon icra şöbəsinə göndərilmişdir. Tələbkar "xxxx" KB ASC Xəzər rayon icra şöbəsinə 15 sentyabr 2021-ci il tarixli PKKİED/4911 saylı ərizə ilə müraciət edərək “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli 2(103)-12295/2019 saylı icra vərəqəsinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Xəzər rayon icra şöbəsinin 15 sentyabr 2021-ci il tarixli qərarı ilə qeyd olunan icra vərəqəsi məhkəməyə geri qaytarılmışdır. Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qərardadı ilə Xəzər rayon İcra şöbəsinin 15 sentyabr 2021-ci il tarixli qərarı ləğv olunmuşdur. Qeyd olunan qərardad "xxxx" KB ASC-yə 01 noyabr 2021-ci il tarixində daxil olmuşdur. Borclu ipoteka saxlayan "xxxx" KB ASC-nin xəbəri olmadan yaşayış sahəsi olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Abşeron küçəsi dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evini sökərək yerində sahəsi daha böyük olan qeyri-yaşayış obyekti tikdirmiş və qeyd olunan tikili dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda sənədi müəyyən olunmayan əmlakın hərracda satılması qeyrimümkündür. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 8(003)- 291/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Belə ki, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli 2(103)-12295/2019 nömrəli qətnaməsinə əsasən Borclu “Unibank" KB ASC-nin xeyrinə cəmi 56211,36 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş onun mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Abşeron küçəsi dalan 3də yerləşən 2 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin ******* manat müəyyən edilərək açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin tələbkara olan borcun qaytarılmasına yönəldilməsi, əmlak açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində borclunun mənzildən çıxarılması qət edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən, icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, icra sənədinin icrası ilə bağlı icra hərəkətləri tam şəkildə həyata keçirilməmiş və lazımi icra tədbirləri görülməmişdir. Eyni zamanda tələbkarın icra qurumuna ünvanladığı ərizədə qeyd edildiyi kimi, icranın təmin edilməsi ilə bağlı borclu ilə hər hansı razılığın əldə edilməsi halı öz təsdiqini tapmamışdır. Borclunun ipoteka predmeti olan fərdi yaşayış evini söküb yerində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan qeyri-yaşayış sahəsi inşa etməsi icra sənədinin məhkəməyə qaytarılmasına əsas vermir. Bundan əlavə, borclunun şikayət ərizəsinin məzmunundan görünür ki, o, icra sənədini icra etmək niyyətindədir. İcra sənədinin uzun müddət ərzində icra olunmamış vəziyyətdə qalması gələcəkdə borclunun mülkiyyətində olan ipoteka predmeti olan daşınmaz əmlakın qeyri-müəyyən vəziyyətdə qalmasına, habelə kredit borcu ödənilmədiyi təqdirdə onun adının Mərkəzləşdirilmiş Kredit Reyestrində borclular siyahısında qalmasına, ona yeni kredit verilməsində maneələr yaranmasına səbəb ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi icra sənədinin məhkəməyə qaytarılması haqqında icra məmurunun qərarını ləğv etməkdə və həmin qərardaddan tələbkar "xxxx" KB ASC-nin şikayətini təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlili əsassız olmaqla qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Tələbkar "xxxx" KB ASC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 8(003)- 291/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-645/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-645/2021
14.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver