Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-648/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qərardadından borclu Həsənli (İmranlı) Nəzrin Eldar qızı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru borclu Həsənli (İmranlı) Nəzrin Eldar qızının Binəqədi rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3199/2019 saylı, 22.04.2019-cu il tarixli icra sənədinə əsasən Tələbkar hər həftənin bazar günü saat 11:00-dan saat 15:00-dək nəvəsi 29.09.2017-ci il təvəllüdlü X2 ilə görüş günü müəyyən edilmişdir. Həsənli (İmranlı) Nəzrin Eldar qızına icra sənədində göstərilən tələbin könüllü qaydada təmin edilməsi barədə bildiriş göndərilmiş, lakin tələb borclu tərəfindən könüllü qaydada təmin edilməmişdir. Borclunun yaşadığı ünvana dəfələrlə rəsmi xəbərdarlıq, telefonuna SMS-lər, eləcə də çağırış vərəqəsi göndərilməsinə baxmayaraq, borclu şöbəyə gəlməmiş və icra sənədi üzrə tələb borclu tərəfindən təmin edilməmişdir. Bu barədə tələbkarın iştirakı ilə müvafiq aktlar tərtib olunmuşdur. Ona görə də Binəqədi Rayon Məhkəməsinin 2(001)-3199/2019 saylı, 22.04.2019-cu il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar borclunun Binəqədi rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul olunmasını xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakim S.Səlimova, iş № 8(001)-636/2021) təqdimat təmin edilmişdir. Borclu həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, o, heç vaxt icra sənədinin icrasına heç bir maneə törətməmiş, daim icra məmurunun çağırışlarına uşağı ilə birlikdə gəlmiş, 29.09.2017-ci il təvəllüdlü X1 Tələbkar ilə görüşdürmüşdür. Onun cavabdehə qarşı iddiasına Yasamal Rayon Məhkəməsində baxılan ərəfədə icra sənədi üzrə icraat dayandırılmışdır. Sonradan onun heç bir xəbəri olmadan, ona heç bir rəsmi məlumat gəlmədən sözügedən təqdimat verilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qərardadından kassasiya şikayətinin surəti təqdim edilmişdir. Pandemiya ilə əlaqədar ona birbaşa dəftərxanaya ərizə verilməsi ona icazə verilməmiş, amma Binəqədi rayon icra şöbəsinin qutusuna ərizə yerləşdirilmişdir. Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, təqdimata məhkəmə baxışı zamanı icra məmurunun icra sənədi üzrə borclunu icra şöbəsinə dəfələrlə dəvət etməsi, lakin borclunun bildirişlərə cavab verməməklə, icra sənədini qəsdən icra etməməklə qanuni qüvvəsini alan məhkəmə aktını uzun müddət icra etməməsi öz təsdiqini tapmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icraçısının çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Borclu Həsənli (İmranlı) Nəzrin Eldar qızının şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 27 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-648/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-648/2021
15.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver