Məhkəmə qərarları › İş №8(103)-65/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-65/2025

17.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-65/2025 17.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar "xxxx" MMC-nin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5137/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılmasına dair Masallı rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından şikayəti ilə bağlı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)-1198/2024 nömrəli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq,aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Tələbkar "xxxx" MMC şikayətlə məhkəməyə müraciət edərək, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Habil İsmayılovun icraatında olan xx.xx.2023-cü il tarixli 2(011)-5137/2023 saylı icra sənədinin məhkəməyə qaytarılmasına dair xx.xx.2024cü il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)- 1198/2024 nömrəli qərardadı ilə şikayətin baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

3. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “İcra haqqında” Qanunun 26cı maddəsində qeyd olunub: “İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir”. Bu maddədə “məhkəmə” deyiləndə yalnız “icra sənədini vermiş məhkəmə” və ya “işə baxmış məhkəmə” deyil, bütünlükdə məhkəmə sistemi nəzərdə tutulur. İcra sənədinin hansı məhkəmə orqanının verməsindən və ya işə hansı məhkəmə orqanının baxmasından asılı olmayaraq Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmə orqanları icra sənədinin vaxtında və düzgün icra edilməsinə öz səlahiyəti (ərazi, növ və instansiya üzrə səlahiyyəti) daxilində nəzarəti həyata keçirməlidir. Çünki məhkəmə orqanı qərarı öz adından deyil, Azərbaycan Respublikası adından qəbul edir. Bu zaman “nəzarət” deyiləndə tabeçilik nəzarəti deyil, icra sənədinin icrası ilə əlaqədar qanunda məhkəmələr üçün müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

4. Tələbkar həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)- 5137/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 2 borclu var, digər borclu ilə bağlı icra hərəkətləri Xətai rayon İcra Şöbəsi tərəfindən həyata keçirilir; "İcra haqqında" Qanunun 26-cı maddəsində "icra sənədlərinin icrasına nəzarət edən məhkəmə" icra sənədini vermiş məhkəmədir. Bu halda aidiyyat qaydaları pozulmamışdır.

6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

9. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 23.1.3. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Maddə 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Maddə 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

12. İşdən görünür ki, tələbkar tərəfindən verilmiş şikayət Masallı rayon İcra və probasiya şöbəsinin icra sənədinin məhkəməyə qaytarılmasına dair xx.xx.2024-cü il tarixli qərarının ləğvi ilə bağlıdır.

13. Kollegiya qeyd edir ki, icra sənədinin hansı məhkəmə tərəfindən verilməsindən və ya işə hansı məhkəmə tərəfindən baxılmasından asılı olmayaraq, məhkəmə sisteminə daxil olan məhkəmələr icra sənədinin vaxtında və düzgün icra edilməsinə öz səlahiyəti daxilində nəzarəti həyata keçirir.

14. Hazırki iş üzrə Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş qərarın qanunauyğunluğunun yoxlanılması üçün icra işinin tədqiq edilməsi, icra məmurunun məhkəmə iclasında iştirakının təmin edilməsi və s. zəruri prosessual hərəkətlərin həmin rayonun məhkəməsi tərəfindən aparılması məqsədəmüvafiqdir.

15. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)-1198/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar