Məhkəmə qərarları › İş №8(103)-66/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-66/2024

14.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-66/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-269/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-1468/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməklə cavabdeh Məhərrəmova (Xomayeva) Nərgiz Yaqub qızının azyaşlı uşağı ilə birlikdə iddiaçı Babayev Abdulla Babış oğlu tərəfindən sahibliyinə və istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış Massivində 81 kv.m sahəsi olan birmərtəbəli tikilidən çıxarılması və tikilinin iddiaçı Babayev Abdulla Babış oğluna təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-1473/2021 saylı qətnaməsi ilə cavabdeh Məhərrəmova (Xomayeva) Nərgiz Yaqub qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1468/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-553/2022 saylı qərarı ilə cavabdeh Məhərrəmova (Xomayeva) Nərgiz Yaqub qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-1473/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır Tələbkar Babayev Abdulla Babış oğlu Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmurunun hərəkətsizliyindən şikayət ərizəsi ilə müraciət edərək icra məmuru Maraqlı şəxs tərəfindən qətnamənin məcburi icrasına dair hərəkətsizliyinin qanunsuz sayılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-269/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)- 1468/2020 nömrəli qətnaməsinin məcburi icrası ilə bağlı icra məmuru Maraqlı şəxs hərəkətsizliyi qanunsuz hesab edilməklə icra sənədi üzrə məcburi icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-269/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-269/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(003)- 269/2023 saylı qərardadından icra məmuru Maraqlı şəxs tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Daha sonra Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Maraqlı şəxs apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-269/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadından onun tərəfindən şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmurunun bu icra işi ilə bağlı heç bir qanunsuz hərəkəti yoxdur. Belə ki, qeyd olunan icra vərəqəsi üzrə xx.xx.2021-ci il tarixdə icraata başlanılmışdır, İcraata başlanıldıqdan sonra həmin ünvana dəfələrlə yerli baxış keçirilmişdir və icra vərəqəsində qeyd olunan ünvan qeyri-müəyyən olduğundan və həmin ünvanda olan tikilinin ölçülərində ziddiyyət yarandığından mütəxəssisin dəvət olunması ilə bağlı müraciətlər olunmuşdur. Həmçinin borclu tərəfindən qətnamənin izah olunması ilə bağlı məhkəməyə müraciət edilmişdir Bu da icra sənədinin icrasının bir qədər uzanmasına səbəb olmuşdur. Qeyd olunan ünvanda dəfələrlə icra təyin edərək tələbkarın iştirakı ilə baxış keçirilmişdir. Sonuncu dəfə xx.xx.2023-ci il tarixdə qeyd olunan ünvanda yerli baxış keçirilən zaman Babayev Abdulla Babış oğlu tərəfindən sahibliyinə və istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış Massivində olan tikilinin ölçülərini müəyyən edilə bilməmişdir, belə ki həmin ünvanda bir neçə tikililər mövcüd idi. Bu səbəbdən də Əmlak Məsələləri üzrə Dövlət Reyestr Xidmətinə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış Massivində 81 kv.m sahəsi olan birmərtəbəli tikilinin müəyyən olunması üçün mütəxəssisin dəvət olunması ilə bağlı müraciətlər olunmuşdur. Bundan sonra mütəxəssisin iştirakı ilə yerli baxış keçirilmiş və həmin tikili vahid dam örtüyündən ibarət olduğu üçün 81.0 kv.m sahənin ayrılması mümkün olmamışdır. Bu hal xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində öz əksini tapmışdır. Hazırda icra işinin icrası ilə bağlı icra hərəkətləri davam etdirilir. Bütün bu hallar məhkəmə tərəfindən araşdırılmadığından məhkəmə səhv nəticəyə gəlmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-269/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-269/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-269/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ədalət mühakiməsinin səmərəliliyinin və real olmasının vacib şərtlərindən biri məhkəmə aktlarının icrası ilə bağlıdır. Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra – qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2 və 3-cü maddələri). Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda, icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Kollegiya qeyd edir ki, hazırkı işdə şikayətin əsasını o təşkil edir ki, hazırda icra işinin icrası ilə bağlı icra hərəkətləri davam etdirilsə də, bu hallar məhkəmə tərəfindən araşdırılmadığından məhkəmə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 553/2022 saylı qərarına əsasən, cavabdeh Məhərrəmova (Xomayeva) Nərgiz Yaqub qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-1473/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsinin qərarının elan olunması ilə sözügedən mülki işin məhkəmə qaydasında mübahisələndirilməsi başa çatmış və qanunvericiliyin tələblərinə uyğun olaraq işin icrası başlanmalıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1468/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinin tam hissədə qüvvəyə minməsi ilə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsi Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. Tələbkarın xx.xx.2023-cü il tarixdə icra məmurunun hərəkətsizliyinə dair şikayətindən görünür ki, uzun müddət keçməsinə baxmayaraq qətnamənin icrası təmin edilməmişdir. Şikayətdə işin icrasının uzun müddət davam etməsinə səbəb olan hallar sadalansa da, bu halları təsdiq edən və əsaslılığını sübut edən heç bir dəlil təqdim olunmamışdır. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-269/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Maraqlı şəxs tərəfindən verilmiş şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Maddə 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Maddə 47.1. Tələbin borclunun üçüncü şəxslərdə olan əmlakına yönəldilməsi, üçüncü şəxslərin mənzilinə daxil olma, orada baxış keçirmə, saxlama yerlərini açma və baxma məhkəmənin qərardadı əsasında həyata keçirilir. Maddə 47.2. Borclunun üçüncü şəxslərdə olan əmlakına həbs qoyulması yalnız məhkəmənin qərardadı əsasında həyata keçirilir. Maddə 56.3. Borclu hüquqi şəxsin banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinin üzərinə həbs qoyulması ilə bağlı icra məmuru bu Qanunun 45-ci maddəsində nəzərdə tutulmuş tədbirləri görür. Maddə 57.1. Borcun ödənilməsi üçün borclu hüquqi şəxsin pul vəsaitləri yetərli olmadıqda, tələb mülkiyyət hüququ əsasında ona məxsus olan digər əmlaka (dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla) yönəldilir. Həmin əmlak üzərinə həbs qoyulması və ya onunla bağlı digər icra hərəkətləri bu Qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Maddə 89. Tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Beləliklə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün qərardadın qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-269/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-269/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar