Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-66/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, X5 və X2 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 8(011)-1255/2024 saylı qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Tələbkar ASC-yə olan borcunu ödəmək niyyətində olduğunu nəzərə alaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-6161/2024 saylı məhkəmə qətnaməsi üzrə tutulmalı olan məbləğin hər ay 100 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)-6161/2024 saylı qətnaməsinə əsasən iddiaçı Tələbkar ASC-nin iddiası təmin edilərək ondan 17297,77 manat və ödənilmiş 143 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Borclu bildirdi ki, götürdüyü kredit borcunun bir hissəsini əlində imkan olduğu üçün vaxtı-vaxtında ödəmiş, lakin sonradan maddi və sosial durumu yaxşı olmadığı üçün ödənişləri ləngimişdir. Bu səbəbdən borc məbləği şişirdilmişdir. Hal-hazırda evdar xanımdır heç bir əmək fəaliyyəti ilə məşğul olmur. Himayəsində bir azyaşlı övladı var. Adına daşınar və daşınmaz əmlak belə mövcud deyildir ki, sataraq borcu tam bağlasın. Banka olan borcunu tam olaraq nağd ödəmək qabiliyyətində deyildir. Tələb olunan məbləği yalnız hissə-hissə, yəni ayda 100 manat ödəyə bilər. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-1255/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X1nın məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməmişdir. X1 tərəfindən Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-1255/2024 saylı, xx.xx.2024 -cü il tarixli qərardadından verilmiş şikayət həmin məhkəmənin 22 yanvar 2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ərizəsində də qeyd etmişdir ki, onun maddi və əmlak vəziyyəti çox çətindır. Bunu məhkəmə qanunvericilyin ona verdiyi səlahiyyətindən istifadə edərək daşınar əmlakın rəsmi reyestrindən və daşınmaz əmlakın dövlət reyestrindən görə bilər. Bundan əlavə məhkəmə yuxarıda qeyd etdiyi saəlahiyyətindən istifadə edərək borclunun adına bank hesablarının olub-olmaması, eləcədə hər hansı bir gəlirimin olub olmaması ilə bağlı məlumatlar əldə edə bilər. O, şikayətində bir daha qeyd edir ki, borclu evdar qadındır, hər hansı əmək fəaliyyəti ilə məşğul olmadığı üçün heç bir gəliri yoxdur. Eyni zamanda mülkiyyətində və istifadəsində belə hər hansı bir daşınar və daşınmaz əmlak yoxdur ki, həmin əmlakları satıb oradan əldə olunmuş gəlir hesabına banka olan borcunu ödəsin. Göründüyü kimi qanunverici icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissəhissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsini mümkün hesab etmiş, bu səalihiyyəti isə məhkəməyə vermişdir. Məhkəmə isə borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Qanunverici məhkəməyə borclunun əmlak vəziyyətini nəzərə almaqla icra sənədinin hissə ödənilməsi ilə bağlı müvafiq məhkəmə aktının qəbul etməyə imkan yaratmışdır. Yuxarıda qeyd olunanlardan da məlum olur ki, onun maddi və əmlak vəziyyəti çox ağırdır. Bunu sübut etmək ilə bağlı bütün imkanlar məhkəmədə olduğu halda bunu etməmişdir. Mövcud təcrübə onu göstərir ki, hər hansı əmlakın və gəlirin olması ilə bağlı fakt mövcud olduqda məhkəmə tərəfindən bu tip ərizələr təmin olunmaya bilər. Lakin buna baxmayaraq məhkəmə hazırkı işə fərqli mövqedən yanaşmışdır. Belə olduğu halda hesab edir ki, məhkəmə tərəfindən qəbul olunmuş qərardadın ləğv olunması üçün kifayət qədər hüquqi əsas vardır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan materialları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 8(011)-1255/2024 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 N-li qərarının 12-ci bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Kollegiya qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Kollegiya həmçinin qeyd edir ki, məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsinin müddəalarından çıxış edərək, qanuni quvvəyyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. İş Apellyasiya Məhkəməsində olarkən X1 məhkəməyə adına əmək müqaviləsinin və daşınmaz əmlakların olmaması ilə bağlı arayışlar təqdim etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, ərizəçinin rəsmi oaraq heç bir yerdə işlməməsi, himayəsində bir azyaşlı uşağının olması, adına daşınmaz əmlakın olmaması borcu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz hallar kimi qəbul edilə bilməz. Kollegiya həmçinin hesab edir ki, qətnamə üzrə borcludan tutulmalı olan məbləğin miqdarı və borcun hissə-hissə ödənilməsi təmin ediləcəyi təqdirdə müddət baxımından icra işinin uzanması tələbkarın maraqları və mənafeyi ilə uzlaşmadığından, borcun hissə-hissə icra edilməsi barədə ərizə düzgün olaraq təmin edilməmişdir. Qeyd olunan qanunvericlik normalarına və işin müəyyən edilmiş hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin hissə-hissə icra edilməsi üçün heç bir əsas müəyyən edilmədiyindən, ərizənin təmin edilməməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Şikayətdə qeyd olunmuş hallar qərardadın ləğv edilməsi üçün əsas yaratmır. Buna görə də, məhkəmə kollegiyası qeyd olunan xüsusatları nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6161/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 tərəfindən verilmiş ərizə əsassız olduğundan düzgün olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 8(011)- 1255/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov
Məhkəmə qərarları › İş №8(103)-66/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-66/2025
24.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver