Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-661/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 8(007)- 184/2021 saylı qərardadından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli 2(007)-94/2019 saylı icra sənədi üzrə qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli 2(007)-94/2019 saylı icra sənədi üzrə Hüseynov Cavid Əli oğlunun həmin banka olan cəmi 231747,47 ABŞ dolları məbləğində borcunun ödənilməsi üçün tutma onun anası Borclu mülkiyyətində olan Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən 0,035 ha və 0,055 ha ölçüdə torpaq sahələrinə yönəldilməlidir. Həmin torpaq sahələrinin üzərində 7 mərtəbəli yaşayış binası tikilmişdir. Bu isə həmin torpaq sahələri gələcəkdə hərraca çıxarıldığı təqdirdə torpaq sahəsini əldə edənin sərəncam hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Buna görə də qətnamənin icra üsulu və qaydası dəyişdirilərək Borclu mülkiyyətində olan həmin binadakı 1, 2, 5, 6, 7, 8, 9, 11, 12, 14, 15, 16, 17, 20, 54, 55 və 56 saylı mənzillərə yönəldilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 8(007)- 184/2021 saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli 2(007)-94/2019 saylı icra sənədi üzrə qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərizəsi rədd еdilmişdir. Həmin qərardaddan tələbkar "xxxx" ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ipoteka predmeti olan torpaq sahələri üzərində yüksək mərtəbəli yaşayış binasının inşa olunması Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 aprel 2019-cu il tarixli 2(007)-94/2019 saylı icra sənədinin icrasında çətinliklər yaradır. Buna baxmayaraq, məhkəmə qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəni əsassız olaraq təmin etməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 8(007)- 184/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Belə ki, iş materiallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Hüseynov Cavid Əli oğlu arasında kredit müqaviləsi bağlanmışdır. Öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə Hüseynov Cavid Əli oğlunun anası Borclu mülkiyyət hüququ ilə məxsus, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 0,035 ha torpaq sahəsi və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Pəri küçəsində yerləşən 0,055 ha torpaq sahəsi banka ipotekaya qoyularaq yüklü edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli 2(007)-94/2019 saylı qətnaməsi ilə Hüseynov Cavid Əli oğlunun 09 dekabr 2015-ci il tarixli 01 saylı kredit müqaviləsinə əsasən "Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinə olan 194492,67 ABŞ dolları əsas, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə, yəni 09 dekabr 2017-ci il tarixinə 19194,13 ABŞ dolları faiz borcunun, icrası gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə əsas borc məbləğinə hesablanmış 18060,67 ABŞ dolları, cəmi 231747,47 ABŞ dolları borcun, həmçinin iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 60 manat ödənişin Hüseynov Cavid Əli oğlundan tutulması, tutmanın ilkin satış qiyməti 137000 manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ ilə Borclu məxsus, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 0,035 ha torpaq sahəsinə və ilkin satış qiyməti 214000 manat məbləğində müəyyən edilməklə Borclu məxsus, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Pəri küçəsində yerləşən 0,055 ha torpaq sahəsinə yönəldilməsi qət edilmişdir. Həmin mülki işə baxılarkən müəyyən edilmişdir ki, ipoteka ilə yüklü edilmiş torpaq sahələrinin üzərində 7 mərtəbəli yaşayış binası inşa edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi qətnamənin icrasını təmin etmək məqsədilə o hallarda tətbiq olunur ki, qətnamənin icrasında çətinlik yaransın və ya qətnamənin icrası qeyri-mümkün olsun. Hazırkı işdə qətnamənin icrasında çətinlik yaranması və ya qətnamənin icrasının qeyri-mümkün olması barədə hər hansı sübut yoxdur. Mübahisələndirilən qərardadda da qeyd olunduğu kimi, ərizə ehtimallara əsaslanır. Bundan əlavə, qətnamənin icra üsulunun və qaydasının bu qaydada dəyişdirilməsi həmin institutun mahiyyətinə zidd olmaqla yanaşı, qətnamənin məzmununun dəyişdirilməsinə səbəb ola bilər. Kollegiya həmçinin qeyd edir ki, Hüseynov Cavid Əli oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan torpaq sahələri ipoteka ilə yüklü edilmiş, qeyd olunan 17 ədəd mənzil isə ipoteka predmeti olmamışdır. Azərbaycan Rеspublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul еtdiyi qərarlar dövlətin adından çıхarılır və onların icrası məcburidir. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 8(007)- 184/2021 saylı qərardadı "xxxx" ASC-nin şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-661/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-661/2021
21.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver