Məhkəmə qərarları › İş №8(103)-662/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-662/2021

23.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-662/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Borclu məcburi gətirilməsi barədə icra məmurunun təqdimatının təmin edilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.11.2021-ci il tarixli 8(004)-720/2021 saylı qərardadından iş üzrə Borclu tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.11.2021-ci il tarixli 8(004)-720/2021 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Sahib Allahverdiyevin təqdimatı təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-202/2020 saylı, 04.02.2020-ci il tarixli icra sənədi üzrə Borclu Yasamal Rayon İcra Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Həmin qərardaddan borclunun verdiyi şikayət təmin edilməyərək Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etmirlər. Kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-202/2020 saylı, 04.02.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 6506 manat məbləğində pul vəsaiti tələbkar “Yasamal-15" MMMC-nin xeyrinə ödənilməlidir. Həmin icra sənədi 20.11.2019-cu il tarixdə başlanılmış icraat zamanı icra sənədinin icrası borclu tərəfindən könüllü təmin edilməmiş, tələbin borclunun əmlakı hesabına ödənilməsi istiqamətində görülmüş tədbirlər isə müsbət nəticə verməmişdir. Məhkəmə qərarının icrasını təmin etmək məqsədilə Borclu şöbəyə dəvət edilmiş, lakin o müxtəlif bəhanələr gətirərək icra məmurunun qanuni çağırışlarına gəlməmişdir. Bununla əlaqədar Borclu qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanına 30.09.2021-ci il tarixli məcbur gətirilmə barədə qərar göndərilmiş, lakin o heç bir üzürlü səbəb göstərməyərək şöbəyə gəlməmişdir. Bundan sonra Borclu adına olan mobil telefon nömrələri ilə əlaqə saxlanılmış, lakin onunla əlaqə saxlanmaq mümkün olmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tədbiqinə əsas verir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Birinci instansiya məhkəməsi təqdimatı ona əlavə edilmiş materialları və icra işini araşdıraraq hesab etmişdir ki, tələbin könüllü icrası haqqında bildirişin təqdim olunmasından uzun müddət keçməsinə baxmayaraq icra sənədi icra olunmadığına görə təqdimat təmin edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.11.2021-ci il tarixli 8(004)-720/2021 saylı qərardadının ləğvi üçün hüquqi əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya. qərara a l d ı: Borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.11.2021-ci il tarixli 8(004)- 720/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardadan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar