Məhkəmə qərarları › İş №8(103)-665/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-665/2021

24.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-665/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-519/2021 saylı, 08.09.2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2590/2016 saylı, 28.04.2016-cı il tarixli icra sənədinə əsasən Borclu və X1 müştərək qaydada 23925,68 ABŞ dolları kredit borcu və 20 manat ödənilmiş dövlət rüsumu alınıb "xxxx"ASC-yə ödənilməlidir. Binəqədi qəsəbə bələdiyyəsinin 04/10 nömrəli, 19.10.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 3642 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar Bakı şəhəri Binəqədi rayonunun Binəqədi Bələdiyyəsinin xeyrinə ödənilməlidir. İcra sənədləri 05.04.2017-ci il tarixdə və 07.01.2021- ci il tarixdə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədləri üzrə Borclu icra sənədlərində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədləri üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin **********22 saylı, 04.08.2021-ci il tarixli məktubuna əsasən əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi ünvanında 5000 kv.m torpaq sahəsinin üzərinə qeydiyyatdan keçməyən əmlaklar bazasında məhdudiyyət qoyulmuşdur. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Göstərilənlərin nəzərə alınmasını və borclunun mülkiyyətində olan həmin əmlakın üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin qərardadına əsasən, borclu X3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 120 saylı fərdi yaşayış evinin bir hissəsinə həbs qoyulmuşdur. X2 olan 147000 manat borcuna görə, sözügedən daşınmaz əmlakın bir hissəsinə, Xaçmaz rayonu, Nabran qəsəbəsində olan istirahət mərkəzinə və İmişli rayonnda yerləşən sahəsi 0.04 ha olub 10 nəfərin birgə mülkiyyətində olan həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Mübahisəli ünvanda yerləşən mənzillərin hər biri vətəndaşlara satılmışdır və hər birinin qanuni sahibi var. Çünki həmin mənzilləri alqı-satqı yolu ilə almaqla əldə etmişlər. Borclunun mülkiyyətində olan əmlakların qiyməti ******* manata yaxın qiymətləndirilir. 147000 manatlıq borca görə həmin əmlakın üzərinə həbsin qoyulması tənasübsüzdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-519/2021 saylı, 08.09.2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2590/2016 saylı, 28.04.2016-cı il tarixli və Binəqədi qəsəbə bələdiyyəsinin 04/10 nömrəli, 19.10.2020-ci il tarixli icra sənədlərinin icrası təmin etmək məqsədilə Borclu sahibkarlıq məqsədi ilə istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında 5000 kv.m torpaq sahəsi üzərinə həbs qoyulması qərara alınmışdır (sədrlik edən: Aytən Novruzova). Borclu həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-519/2021 saylı, 08.09.2021-ci il tarixli qərardadının ləğv edilməsini, xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-519/2021 saylı, 16.12.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında işirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi təqdimatı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, Borclu icra məmuru tərəfindən ona verilmiş könüllü icra müddəti ərzində və bundan sonra da qeyd edilən icra sənədini icra etməmiş, bununla da məcburi icra tədbirləri üçün əsas yaranmış, həyata keçirilmiş məcburi icra tədbirləri nəticəsində Borclu sahibkarlıq məqsədi ilə istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında 5000 kv.m torpaq sahəsi olduğu müəyyən edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Borclu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında 5000 kv.m torpaq sahəsinə dair hansı hüqunun olması (mülkiyyət, icarə və s.) iş materialları ilə müəyyən edilmir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi təqdimatla üzərinə həbs qoyulması xahiş edilən torpaq sahəsinə borclunun mülkiyyət hüququnun olub-olmaması məsələsini araşdırmalı və ona uyğun olaraq qərar qəbul etməlidir. Qeyd edilən hallara əsasən kollegiya vurğulayır ki, qərardad ləğv edilməli və qeyd edilən hallar araşdırılmaqla qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-519/2021 saylı, 08.09.2021-ci il tarixli qərardadı ləğv edilməli, mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-519/2021 saylı, 08.09.2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar