Məhkəmə qərarları › İş №8(103)-666/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-666/2025

10.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-666/2025 10.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-892/2025-013 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə verilmiş Nərimanov Rayon İcra şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Emil Zeynalovun təqdimatına dair iş üzrə X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş 3-cü şəxs qismində işə cəlb edilmə haqqında mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-8(005)-430/2025 saylı, 13 oktyabr 2025-ci il tarixli qərardadından X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Emil Zeynalov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan daşınar əmlakın üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(005)- 430/2025 saylı qərardadı ilə təqdimat təmin edilmişdir. X1 nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə təqdim edərək, iş üzrə X1 3-cü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-8(005)-430/2025 saylı, 13 oktyabr 2025-ci il tarixli qərardadı ilə, X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş 3-cü şəxs qismində işə cəlb edilmə haqqında ərizə təmin edilməmişdir. X1 nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan şikayət verərək, qərardadının ləğv edilməsi və ya apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəmsəinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddia tələbinin əsası hesab edilən hallar maraqlı şəxs tərəfindən “sübutetmə vasitələri ilə təsdiqlənməmişdir” ifadəsi özlüyündə səhvdir. Tərəfindən lazımi qaydada sübutlar, o cümlədən etibarnamə məhkəməyə təqdim olunmuş, lakin məhkəmə bu faktlara nəzər yetirməmişdir. Məhkəmənin xx.xx.2025-ci tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, hər hansı mülahizə və ya dəlil təqdim olunmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Həmin Məcəllənin 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Əvvəla, qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Hazırki iş üzrə isə nə tərəflərin belə bir vəsatəti, nə də məhkəmənin təşəbbüsü olmamış, apelyatorun özü bu barədə ərizə ilə müaciət etmişdir ki, bu da qanunvericiliklə nəzərdə tutulmamışdır. Bundan əlavə, hər hansı subyektin qəbul edilən məhkəmə aktı ilə hüquq və vəzifələrinə toxunan subyekt kimi tanınması üçün məhz işə məhkəmələrdə baxılarkən onun cəlb edilməsinə zərurət olmalıdır. İş materiallarından göründüyü kimi X3 mübahisə üzrə tərəf (iddiaçı və ya cavabdeh) olmamış, habelə onun işə cəlb edilməsi üçün hər hansı əsas da müəyyən edilməmişdir. Belə ki, iş materiallarından da görünür ki, "Chevrolet Cruze" minik markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Borclu mülkiyyətindədir və ərizəçinin həmin əmlakı alması, bir sözlə, qərardadın X1 hüquq və vəzifələrinə toxunmasını təsdiq edən sübutlar iş materiallarında aşkar edilməmişdir. Belə ki, X3 şikayətində müvafiq dəlilləri təqdim etdiyini qeyd etsə də, bununla bağlı hər hansı sənəd (alqı-satqı müqaviləsi və s.) əlavə olunmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə, birinci instansiya məhkəməsini ərizəni təmin etməməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-8(005)-430/2025 saylı, 13 oktyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar