Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-667/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-350/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru Əlihüseyn Aslanov borclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-350/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Borclu şikayət verərək qərardadın ləğv edilməsi və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda yaşamır. Buna görə də icra məmurunun ona göndərdiyi bildirişləri almamışdır. Qeyd olunan icra vərəqəsində tələbkar kimi qeyd olunan onun keçmiş həyat yoldaşı Tələbkar ilə isə münasibətləri bitmişdir. Lakin onun övladı qarşısında vəzifə borcu olduğu üçün, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə onun üzərinə birgə nikahdan olan övladı 28 mart 2019-cu il təvəllüdlü X1 üçün əmək haqqısının 1/4 hissəsini ödəmək və birgə nikahlarından olan övladı 28 mart 2019-cu il təvəllüdlü X2 3 yaşına çatanadək ona 50 (əlli) manat aliment ödəmək vəzifəsi qoyulmuşdur. Dəfələrlə ondan aliment borcunu verməsini bildirsə də o, qeyd olunan alimenti ödəməkdən yayınır. Necə ola bilər ki, övladına aliment vermək istəməyən və onun nə yeyib-içdiyi ilə maraqlanmayan adam, uşağı ilə görüşmək istəsin. Həmçinini, uzunmüddətli ailə çaxnaşmaları və qeyd olunan icra vərəqəsində olan tələbkarın israrı ilə nikahın pozulması onun ağır mənəvi sarsınıtı keçirməyinə səbəb olmuş və nəticədə “ürəyin hipertonik” xəstəliyinə düçar olmuşdur. Həmin xəstəliyin də müalicəsi və “tələbi” ondan ibarətdir ki, o, daim ev şəraitində olmalıdır. Hal-hazırda ev şəraitində intensiv müalicəsi davam edir. Həmçinin övladı azyaşlı olduğu üçün və bütün dünyada tüğyan edən yeni tip “koronavirus” xəstəliyindən qorunmaq üçün çalışır ki, həm özü, həm də övladı bayıra çıxmasın. Qeyd etdiyi kimi, həm özü, həm də övladı risk qurupuna daxildir. Belə ki, icra vərəqəsində də qeyd olunduğu kimi, tələbkar onun iştirakı ilə övladı ilə görüşməlidir. Onda icra məmuru elə bir şərait yaratsın ki, o, övladını tam sağlam və təhlükəsiz şəraitdə tələbkar ilə görüşdürsün. Bunun üçün də hər görüşdən öncə tələbkar və icra məmuru müəyyən olunmuş test verməli və bunun nəticəsi ona təqdim olunmalıdır. Qeyd olunan qərara gəldikdə isə yenə də bildirmək istəyir ki, icra məmurunun icraatında olmuş icra vərəqəsində də qeyd olunduğu kimi, tələbkar onun yanında onun iştirakı ilə övladı ilə görüşməlidir. Bunun üçün də onun icra şöbəsinə getməyi nəyə lazımdır? Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-350/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Birinci instansiya məhkəməsi təqdimatı təmin edərkən “İcra haqqında” Qanunun 84.2-ci maddəsinə istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, icra şöbəsinin icraatında olan icra sənədi üzrə borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə məhkəmə hesab edir ki, təqdimat təmin edilərək sözügedən borclu barəsində məcburi gətirilmə tətbiq olunmalıdır. "İcra haqqında" Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, borclunun şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, Borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınması iş materialları ilə yanaşı, onun şikayətində göstərdiyi dəlillərlə də təsdiq olunur. Şərh olunanlara əsasən, şikayət təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-350/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-350/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-667/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-667/2021
23.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver