Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-67/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 icra məmurunun hərəkətindən (hərəkətsizliyindən) şikayətinə dair iş üzrə (Açar sözlər: icra sənədi üzrə icraatın dayandırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 8(002)- 461/2024 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. X1 nümayəndəsi və vəkili Nümayəndə1 Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədlinin icra sənədi üzrə icraatın dayandırılmaması haqqında 15 noyabr 2024-cü il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi (qanunsuz hesab edilməsi) barədə qərardad çıxarılmasını xahiş etmişdir.
2. Sonradan, X1 nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə ərizə təqdim edərək, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədlinin hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
3. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-206/2023 saylı icra sənədinə əsasən, Tələbkar ünvan 1 ünvana köçürülməsi qət edilmişdir. Qeyd edir ki, həmin vaxt nikahlarına xitam verilmədiyindən məhkəmələr Ailə Məcəlləsinin müvafiq maddəsini rəhbər tutaraq mənzilə köçürülməni təmin etmişlər, lakin həm Bakı Apellyasiya Məhkəməsinin, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin qətnamə və qərarlarında tərəflər arasında nikaha xitam verilməsindən sonra onun keçmiş həyat yoldaşının istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması qeyd edilmişdir. Tərəflər arasında mübahisəli mənzillə bağlı huquq münasibətləri 2013-cü ildən sonra, yəni tərəflər arasında nikah bağlandıqdan və onlar mübahisəli mənzilə köçdükdən sonra yarandığından, hazırkı mübahisəyə 2009-cu ilin okyabr ayının 1-dən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e2(002)-2014/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən aydın olur ki, cavabdeh Tələbkar iddiaçı X6 məxsus Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi 5 saylı evin 60 saylı mənzilindən istifadə hüququna xitam verilmişdir. Həmin qətnamədə qeyd olunmuşdur ki, yaşayış sahəsi mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında ailə münasibətlərinə xitam verildiyindən, cavabdehin keçmiş ailə üzvü kimi həmın yaşayış sahəsindən istifadə hüququ saxlanmamalıdır. Göründüyü kimi mənzilə istifadə hüququna xitam verilməsinə dair qətnamə qanuni qüvvəsini aldıqdan sonra hazırki icra işinin icra edilməsi daha düzgün və ədalətli olmaqla tərəflər arasında yeni münaqişənin yaranmasının qarşısını almış olacaqdır. Nəzərə alınsa ki, tərəflər münaqişəli ailə kimi Qaradağ Rayon Polis İdarəsində qeydiyyatdadırlar və cavabdehin çoxsaylı şikayətləri əsasında cinayət işlərinin rədd olunması barədə müvafiq qərarlar vardır. xx.xx.2024-cü il tarixdə icra işi üzrə icraatın 2(002)-2014/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktının çıxarılmasına kimi (Ali Məhkəmənin yekun qərarı) dayandırlması ilə bağlı ərizə ilə Qaradağ rayon İcra şöbəsinə müraciət etmişdir. Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədli tərəfindən icraatı dayandırmamaq barədə qərar qəbul edilmişdir.
4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 8(002)-461/2024 saylı qərardadı ilə borclu R.Q.Əliyevin nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilərək Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)-206/2023 saylı icra sənədi üzrə hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab edilmişdir.
5. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)-206/2023 saylı icra sənədinin verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırılmış və məhkəmə aktı çıxarılmışdır. Qanunun tələbinə görə, bu halda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılmalıdır.
6. Məhkəmə öz mövqeyini «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 17.1, 17.1.4-cü maddəsinə istinadla əsaslandırmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
7. Həmin qərardaddan Tələbkar şikayət verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(002)-461/2024 saylı qərardadının ləğv edilməsini və borclu R.Q.Əliyevin nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayət ərizəsinin rədd edilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, borclu Rəşad Əliyevin nümayəndəsi və vəkili Nümayəndə1 Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədlinin icra sənədi üzrə icraatın dayandırılmaması haqqında 15 noyabr 2024- cü il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi (qanunsuz hesab edilməsi) barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sonradan məhkəməyə ərizə təqdim edərək, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədlinin hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(002)-461/2024 saylı qərardadı ilə təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(002)-206/2023 saylı icra sənədi üzrə hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab edilmişdir. Hesab edir ki, qərardad əsassızdır. Belə ki, pozulmuş, barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi ilə bağlı məhkəməyə müraciət edilir. Tələbkar iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, tələbi təmin edilərək qanuni qüvvəsini almışdır. Lakin icra məmuru, eləcə də borcu tərəfindən müxtəlif bəhanələrlə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi bu günədək icra edilməmiş qalmışdır. Sonradan məhkəmə qətnaməsinin icrasından qəsdən boyun qaçıran borclu belə bir tələb irəli sürərək özünün və icra məmurunun qanunsuz hərəkətlərini (hərəkətsizliklərini) “qanuniləşdirməyə” nail olmuşdular. Halbuki bundan əvvəl sözügedən mənzildən istifadə hüququna xitam verilməsi tələbi üzrə məhkəmə icraatı zamanı borclu tərəfindən icra hərəkətlərinin dayandırılması ilə bağlı vəsatət verilmiş, lakin məhkəmə bu vəsatəti təmin etməmişdir (hakim Fuad Hüseynov). Bundan sonra ayrıca olaraq borclu tərəfindən ərizə ilə müraciət edilərək icraata başlamaq haqqında qərarın ləğv edilməsi xahiş edilmiş, lakin ərizə təmin edilməmişdir. Hər iki mülki iş üzrə sübutlar məhkəmənin diqqətinə çatdırılmışdır. Bundan əlavə olaraq məhkəmənin istinad etdiyi «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 17.1, 17.1.4-cü maddəsində göstərildiyi kimi tələb hazırki mübahisəyə dair qaldırılmamışdır. Eyni zamanda ərizəçinin tələbi icra sənədi üzrə icraatın dayandırılmaması haqqında 15 noyabr 2024-cü il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi (qanunsuz hesab edilməsi) barədə olsa da məhkəmə tərəfindən ərizəçiyə hüquqi yardım göstərilmiş, ərizəsi üzrə tələb icra məmurunun hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi kimi dəyişdirilmiş, tələb bu cür təmin olunsa da əsaslandırıcı hissədə icra məmururunun üzərinə icraatı dayandırmaq öhdəliyi qoymuşdur. Halbuki mülki prosessual qanunvericiliyə əsasən qeyd edilən hallar yolverilməzdir. Əgər ərizəçinin belə bir tələbi vardısa o icraatın dayandırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməli idi və ərizəçi bundan əvvəl bu cür tələblə məhkəməyə müraciət etdiyindən və tələbi təmin olunmadığından məhkəmə tərəfindən ona hüquqi yardım göstərilərək tələbi dəyişdirilmiş, lakin əsaslandırıcı hissədə icra məmuruna icraatı dayandırması barədə tapşırıq verilmişdir. Məhkəmə əsassız olaraq ərizəni təmin etmiş, bu da tələbkarın əsaslı narazılığına səbəb olmuşdur. Bu cür qərardad qanuni hesab edilə bilməz. Bütün bu hallar tələbkarın hüquqlarına müdaxilə hesab edilir. Öz hüquqlarını məhkəmə qaydasında həyata keçirə bilməyən tələbkarın tələbi üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi bu günədək icra edilməmiş qalmışdır. Bununla da məhkəmə digər mübahisə üzrə hazırki icra edilməmiş qətnamə üzrə icra işini qanuniləşdirmiş oldu. Görünür məhkəmə burada icra məmurunun hərəkətlərindən şikayət verdikdə icraatın dayandırılmasını səhv təfsir etmişdir. Belə ki, məhkəmənin səhv təfsirinin nəticəsi bundan ibarət olmuşdur ki, icra məmurunun hərəkətlərindən şikayət verildiyi halda icra məmurunun hərəkətlərini qanunsuz hesab edərək onun üzərinə icraatı dayandırmaq barədə öhdəlik qoymaq olar. Halbuki qanunverici burada icra məmurunun hərəkətlərinin qanunsuz hesab edildiyi halda həmin icra məmurunun həmin icra sənədi üzrə icraatı davam etdirib-etdirə bilməməsi məsələsini nəzərdə tutur. Məhkəmənin gəldiyi nəticənin məntiqi davamı o olardı ki, bütün işlər üzrə borclular icra məmurunun hərəkətlərindən şikayət verib, icraatı dayandırmağa nail olardılar. Lakin məhkəmə əsaslandırıcı hissədə mümkün olan halları nəzərdə tutmuş olsa da (18.1.4.) məcburi hallara (17.1.4.) istinad etmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmə qərardadı əsassızdır, ləğv edilərək icra hərəkətləri davam etdirilməlidir.
9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli qərardadı ilə Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.
10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
11. 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
12. 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər.
13. 267-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun
14. 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir.
15. 17.1-ci maddəsinə əsasən, məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; borclu fəaliyyət qabiliyyətini itirdikdə; borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır.
16. 19.1.3-ci maddəsinə əsasən icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş tələb, məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda - mübahisəyə mahiyyəti üzrə baxılanadək icraat vaxtlara qədər dayandırılır
17. 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır.
18. 29-cu maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar.
19. 87-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. İcra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. İcra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir.
20. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir.
21. ““İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır.
22. ... icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativhüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 8(002)-461/2024 saylı qərardadı ləğv edilməli, X1 Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədlinin hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədə ərizəsi rədd edilməlidir.
24. Belə ki, iş materiallarından göründüyü kimi borclu (iddiaçı) X7, cavabdeh (tələbkar) Tələbkar ona məxsus Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi 5 saylı evin 60 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə qanuni qüvvəsini almamış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e2(002)-2014/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə istinadən həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(002)-206/2023 saylı icra sənədinə əsasən, Tələbkar ünvan 1 ünvana köçürülməsi üzrə icra hərəkətlərinin icra məmuru tərəfindən dayandırılmamasından narazıdır. Hesab edir ki, icra sənədinə əsas olan tələbə dair tərəfindən iddia qaydasında mübahisə qaldırıldığı üçün icra məmurunun icra hərəkətlərinin həyata keçirməsini dayandırmaması “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinin tələblərinə ziddir.
25. Birinci instansiya məhkəməsi şikayəti əsaslı sayaraq qeyd etmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)-206/2023 saylı icra sənədinin verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırılmış, iş üzrə məhkəmə aktı çıxarılmışdır. Qanunun tələbinə görə, bu halda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılmalıdır.
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinə istinadla sözügedən icra sənədi üzrə icraatın dayandırılması üçün əsasların mövcud olması qənaətinə gəlməkdə haqlı olmamışdır.
27. Belə ki, “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinin tələblərinə görə icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır.
28. Göründüyü kimi qanunverici “İcra haqqında” Qanunda icra məmurunun üzərinə icra sənədi üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (17-ci maddə) və icra məmuruna belə hüququ verən (18-ci maddə) konkret halları müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. Həmin Qanuna görə borclu tərəfindən müvafiq mübahisənin qaldırıldığı təqdirdə icra sənədi üzrə icraatın dayandırılması icra hərəkətlərini həyata keçirən icra məmurunun vəzifələrinə aid edilmişdir.
29. Bu zaman icra sənədi üzrə icraatın dayandırılmasını şərtləndirən mübahisə ilə, yekunlaşmış və icra hərəkətlərinin dayandırılması xahiş edilən icra sənədinin verilməsinə əsas olmuş mübahisə arasında istənilən qarşılıqlı bağlılıq deyil, yalnız elə bir asılılıq müəyyən olunmalıdır ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək müvafiq icra sənədinin icra edilməsi ümumiyyətlə mümkün olmasın.
30. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda borclu (iddiaçı) X7, cavabdeh (tələbkar) Tələbkar qarşı ona məxsus Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi 5 saylı evin 60 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə mübahisənin mövcudluğu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-206/2023 saylı icra sənədinin icrasının dayandırılması üçün əsas deyildir, icranın dayandırılması “İcra haqqında” Qanunun 17.1.4cü maddəsinin dispozisiya şərtlərinə də uyğun gəlmir.
31. Belə ki, borclu yaşayış sahəsinin mülkiyyətçisi olaraq məhkəməyə iddia icraatı qaydasında müraciətini yeni hallarla əsaslandırmış, onunla tələbkar arasında ailə münasibətlərinə xitam verildiyindən, sonuncunun keçmiş ailə üzvü kimi həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılmalı olmadığını qeyd etmişdir. Bu isə hazırda müvafiq predmetli, faktiki və hüquqi olaraq fərqli şəkildə əsaslandırılmış iddia tələblərinə əsasən çıxarılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-206/2023 saylı qətnaməsinin icrasının yubadılması üçün əsas ola bilməz.
32. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən şəxsin həqiqi və ya ehtimal olunan hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələr tərəfindən həmin müraciətlərə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz, ədalətlə və ağlabatan müddətdə baxılmasını, məhkəmənin və ya icra sənədini verən digər orqanın icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək vəzifəsini nəzərdə tutur. Odur ki, icra sənədi üzrə tələblə borclu tərəfindən iddia qaydasında qaldırılmış mübahisə arasında qanunvericiklə müəyyən edilmiş əlaqə müəyyən edilmədiyi təqdirdə qanuni qüvvəsini almış qərar üzrə icra icraatın dayandırılması, qeyri-müəyyən müddət ərzində icrasız saxlanılması yolverilməzdir.
33. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı).
34. Nəzərə alınmalıdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqətə uyğunluğu prezumpsiyası təkzib edilə də bilər. Çünki onun əlavə kassasiya və ya yeni açılmış hallar üzrə araşdırma qaydasında (məhkəmə prosesinin bu və ya digər formasında müvafiq instansiyaların mövcudluğundan asılı olaraq) ləğv olunması mümkündür. Lakin eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qeyri-sabitliyinin konstitusion hüquqi müəyyənlik prinsipinə zidd olduğu və bütövlükdə hüquq sisteminin qeyri-sabitliyinə gətirib çıxardığı da vurğulanmalıdır. Ona görə də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi müstəsna tədbir kimi nəzərdən keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair” 2022-ci il 31 avqust tarixli Qərarı).
35. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Tələbkar tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-461/2024 saylı 17 dekabr 2024-cü il tarixli qərardadı ləğv edilməli, X1 Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədlinin hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədə ərizəsi rədd edilməlidir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:
Tələbkar tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-461/2024 saylı 17 dekabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. X1 Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmurunun Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-461/2024 saylı 17 dekabr 2024-cü il tarixli icra sənədi üzrə hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədə ərizəsi rədd edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Abdıyev Fuad Babayev